“Cücəni payızda sayarlar” - Azər Bağırov

cuceni-payizda-sayarlar
Oxunma sayı: 3711

“Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının hesabat turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, gənc mütəxəssis öncə qazandıqları qələbəni şərh edib:

- "Qarabağ" böyük komandadır. Onlara qarşı oynamaq zövq verir. İlk oyunda da, bu gün də "Qarabağ" bizdən qat-qat üstün idi. Amma şans biz tərəfdə idi. Lazımi vaxtda qolları vura bildik və üstünlüyü ələ aldıq. Rəqibin Avropa Liqası oyunundakı yorğunluğu da bizim üçün müsbət hal oldu. "Qarabağ" çox qaça bilmədi.

- Bu nəticələrdən sonra avrokuboklar haqda düşünmək olar?

- Komandanı oyundan-oyuna kökləyirik. Heyətimiz o qədər də geniş deyil. Bu gün avrokuboklar çox çətindir. Çalışırıq hər oyunda nələrisə yaxşı edək. Cücəni payızda sayarlar. Biz işimizi görəcəyik. Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik.

- "Araz-Naxçıvan"da komanda və klub birdən formalaşdı. Bu, sizi qorxutmur?

- Oyundan sonra uşaqlara dedim ki, işimiz daha da çətinləşir. Bu gün böyük şeylər haqda danışmağa dəyməz. Gündəlik işimizi görməliyik. Düzgün iş gördükcə nəticə də gələcək.

- Bir neçə il əvvəl "Araz-Naxçıvan" bu stadionda "Qarabağ"a məğlub olandan sonra çempionatda iştirakını dayandırmışdı. Bu gün eyni məkanda onları məğlub etdiniz...

- Böyük bir şey etməmişik. Şans biz tərəfdə idi. Səbrli müdafiə olunduq. Rəqib qol vursaydı, tam fərqli şey ola bilərdi.

- Komanda bu mövsümdə Naxçıvanda oyun keçirən biləcək?

- Bu barədə məlumatım yoxdur. Rəhbərliyə aid olan məsələdir. Ümid edirəm tez bir zamanda məlumat olar.

- Müdafiəçiləri danlamadız?

- Uduzanda da futbolçulara danlamaq mənasında söz demirəm heç vaxt. Futbol səhvlərlə gözəldir.

- Orxan Əliyev Region Liqasından sizinlə birlikdə bura kimi gəldi. Bu, necə baş verdi?

- Hər insanın içində bir "mən" var. Ona motivasiya vermək lazımdır. Orxan bizi dinləyir, meydanda mübarizə aparır, səhvlərini boynuna alır. Vadim də həmçinin.

- Region Liqasından gəlib Premyer Liqada uğurlu çıxış edirsiz. Bunu necə bacardınız?

- Bilmirəm bundan sonra necə olacaq. 2010-cu ildə "Neftçi"də seleksiyaçı məşqçi kimi çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Qismətdən elə olub ki, Premyer Liqaya dəvət almamışam. Bəlkə də çoxlarından çox işləmişəm. Komandalarım I Liqada çempion olub. U-11 Liqasında belə işləmişəm. Qismət bu günə imiş. Öz bacarığımı göstərməyə bilməzdim.

- "Qarabağ" tərəfi ikinci qoldan öncə qayda pozuntusu olduğunu iddia edir. Siz necə düşünürsünüz?

- Heç vaxt hakimlərin işinə qarışmıram. Həmişə feyr-pleyi sevirəm.