““Çuşka” sən özünsən - Müsahibə

cuska-sen-ozunsen-musahibe
Oxunma sayı: 1621






“Toylar Kralı” Manaf Ağayevin “Qafqazinfo”ya müsahibəsi:

- Manaf Ağayev Azərbaycanın hazırkı şou-biznesini necə xarakterizə edir?

- Hamı şablon olaraq “şou-biznes yoxdur” cavabını verir, amma adama sual verərlər ki, bəs niyə yoxdur. Adamın adamı da, imkanı da ola bilər, lakin sənət də olmalıdır. Əgər xalq səni bir müğənni kimi istəmirsə özünü güclə sırışdırmaq lazım deyil. Bəzən çıxıb efirə xalq məni dəstəkləyir kimi sözlər danışırlar. Hiss olunur ki, bunlar hamısı yalan sözlərdir. Camaatı sadəcə “mazol” edirlər. Bir də görürsünüz dünən bu sənətə gəlib bu gün artıq şou-biznesdən danışır. Mənim 30 illik stajım var. Bu otuz ildə “palatkalar” görə-görə, bozbaş yeyə-yeyə bu sənətə gəlmişəm. Mən indi də düşünürəm, görəsən mənim ixtiyarım çatır bu haqda danışmağa, baxmayaraq ki, mənim yaşım da, sənətim də buna imkan verir. İndi əvvəlki dövr deyil. Bir dövlət kanalı var idi. Bədii şura vardı, hər insan da efirə çıxa bilmirdi. Rayonda yaşadığım üçün özüm də bir az səhlənkarlıq etmişəm. 1995-ci ildən bura gəlmişəm və əzab-əziyyətlə, kimsənin dəstəyi olmadan sənətimin gücünə bunları əldə etmişəm. Bu gün isə elələri var ki, heç bir aydır çıxmayıb başlayır sənətdən danışmağa. İnsanın tərbiyəsi, qabiliyyəti olmalıdır. Mərhələ var ki, onu keçmək lazımdır. Mənim isə stajım var. İndiyə qədər xalq tərəfindən sevilən, seçilən və alınan 13-14 albom buraxmışam. Mən efirlərdə görünmürdüm, amma hamı bilirdi ki, belə bir oğlan var. Mahnılarım oxunurdu özüm tanınmırdım.

- Daha sonra tanındınız...

- Sonra efirlərə çıxdım və tanındım. Mən həmişə oxuyanlara qorxmadan, çəkinmədən deyirəm ki, efirdən yox, toydan toy tutun. Bəlkə insanların başa düşmürlər ki, bu fonoqramdır. Ola bilsin ifaçı bir mahnını yaxşı oxusun, amma başqa mahnıları ifa edə bilməsin. Beləcə toy bazarına girir və görür ki, toyxanaçı yoxdur. Belə aldadıcı məqamlar var.

- Demək istəyirsiniz ki, şou-biznesi qaldırmaq üçün xalqla ünsiyyətdə olmaq lazımdır?

- Efir onsuz da sənin əlindədir heç oxumaq lazım deyil. Oturaq söhbət edək, evi, maşını göstərək hamı tanıyacaq, hamı sevəcək. Uşaq da deyəcək ki, mən filankəsi görmək istəyirəm yaxud filankəs mənim toyumda oxusun. Həmin adam da gəlib oxuyanda məlum olur ki, əslində vəziyyət necədir. Ona görə də toya gedə bilməyənlər çıxıb efirə deyirlər ki, mən toy müğənnisi deyiləm. Sən toy müğənnisi ola da bilməzsən axı. Toy müğənnisi olmaq özü bir məktəbdir. Mən şəxsən sizə apardığım ayrı-ayrı toyların diskini verəcəyəm və görün ki, insan insanı bu qədər sevə bilər?

- Mən sizin bir video roliki izləmişəm insanlar yağışın altında sizi dinləyirdilər...

- Harada görmüsünüz ki, indiki toylarda 8 min 10 min insan iştirak etsin. Mən sizə faktlar göstərə bilərəm. Bu gün biləndə ki, filan yerdə toyda olacağam qonşu kəndlərin adamları da yığışıb gəlir.

- İndi çox adam oxuyur. Siz necə edirsiniz ki, bu qədər insanı ətrafınıza toplaya bilirsiniz?

- Mən bilirəm ki, bu gün bazarda hansı meyvə satılır və nə gətirsəm sata bilərəm. Adam var ki, 5 min 10 min xərc çəkib mahnı yazdırır, mahnı tutmur. Adam da var ki, elə-belə bir mahnı yazdırır və mahnı sevilir. Sonra da deyirlər ki, bu “çuşka” mahnı necə olur sevilir. Deyən lazımdır ki, “çuşka” sən özünsən, əgər mahnı sevilirsə deməli, xalq bunu istəyir, xalq oynamaq istəyir. Toyun toy mahnısı var. Allah rəhmət eləsin Məmmədbağır Bağırzadənin bütün mahnıları toy mahnılarıdır. Onun elə mahnıları var ki, oxusam dəhşətə gələrsiniz. Onları biz oxusaq indi bizi asarlar. Onu böyük sənətkar oxumuşdu ona görə heç kəs heç nə demirdi. Böyük sənətkarlar var ki, onlar ağızlarına gələni oxusalar da hamı qəbul edəcək. Məsələn mənim “Ay canı yanmış” mahnımı 6-7 ildir ki, oxuyuram və indi də fəxr edirəm ki, mən onu oxumuşam. Mənə kiminsə fikri maraqlı deyil, məni kütlə maraqlandırır.

- Bu gün kimlərlə işləyirsiniz?

- Təbii ki, gənc bəstəkarlarla, çünki onlar bilir kütlə nə istəyir. Tanınmış insanlar deyil.

- Tanınan bəstəkarlarla niyə işləmirsiniz?

- Hər kəsin öz janrı, öz stili var. Mənə uyğun olan mahnıları hər bəstəkar yaza bilmir. Bu o demək deyil ki, mən dəhşət oxuyuram. Mən “Ay canı yanmış”ı oxudum hamı düşdü o mahnının üstünə, amma heç kim bilmir ki, mən tar-kamanla, muğamla gəlmişəm bu sənətə. Niyə bunu heç kim üzə çıxartmır? Mən ağıllı-başlı muğam oxumuşam, Qarabağlıyam, bir segah oxuyum ki, tüklərin biz-biz dursun. Manaf bu mahnını toy üçün, bazar üçün, pul qazanmaq üçün oxuyub. Musiqiçi kimisə ağlada bilirsə deməli, o, böyük sənətkardır. Sənətkar nə qədər sənətkar olsa belə, biz yenə öyrənirik, çünki bizdən əjdahalar var eşidərlər biabır olarıq. Bu gün çox dəxlisiz bir mahnı var “Can canadır, can cana”. Kürd mahnısıdır, sözlərinin dəyişiblər. Sözlərində bir məna yoxdur, amma musiqisi elədir ki, toylarda insanları oynada bilir. Elə məmurların toyunda ifa olunub ki, bu mahnı, özüm xəcalət çəkmişəm. Bəzi xalq artistləri efirdə başqa cür danışırlar, toylarda isə mənim “Ay canı yanmış”ımı oxuyurlar. Bu mahnı uşaq üçün yazılıb və tutub. Bununla da mənim bütün həyatımı dəyişdi. Mənə xalq artisti adı versələr və desələr ki, bu mahnıdan imtina et yenə də etmərəm.

- Hər hansı ada layiq görülmək istərdiniz? Belə bir iddianız var?

- Əlbəttə hər kəs istər ki, ona ad verilsin. Bəzilərinin ağzını yummaq üçün mən də ad istərdim, çünki bunu prezident verir, heç kəs nöqsan tuta bilməz. Ancaq iddialı deyiləm. Verərlər sevinərəm, dua edərəm. Bu gün ad mənasız olub. Oxuya bilməyənlər də ad alır.

- Adı olanlarla eyni toylarda iştirak edirsiniz?

- Əlbəttə edirlər. Gəlib disklərini qoyub oxuyurlar. Mən isə tərin içində canımı qoyuram. Diskə görə ad verməzlər, adı oxuyana verərlər.

- Siz fonoqramla oxumursunuz?

- Mən demişəm, kim məni fonoqramla tutsa, uşaq yaxud böyük olmağından asılı olmayaraq mənim təpəmdən vura bilər. Mənim oxumaq tərzimə uyğun deyil. Mən bu mahnıdan o birinə, ondan segaha keçirəm, fonoqramda bu effekt olmur. Bir mahnı 4 dəqiqə davam edir. Mən necə deyim ki, bir dəqiqə gözləyin indi o biri mahnı gəlir. Milləti belə aldadırlar. Bu mənə aid deyil, mən kənd uşağıyam, palatka görmüşəm.

- İndi də gedirsiniz palatka toylarına?

- Niyə getmirəm, elə mən zövqü ondan alıram. “Palatka” toyu olsa belə əgər məni gəlib burdan aparırsa deməli imkanlı adamdır.

- Auditoriyanız əsas kimlərdən ibarətdir?

- Məsələn bu yaxınlarda prokurorun oğlunun toyunu oxuyacağam. Mənə deyib ki, başqa müğənni lazım deyil. Əlbəttə varlılar da səviyyəli adamlar aparırlar. Kasıb necə əldə etsin o pulu. Düzünü deyim mənim oxumağımdan çox kişiliyimi, sadəliyimi bəyənirlər. Kişi olduğu kimi olmalıdır. Kim ilə necə davranmaq lazımdır sualına bildiyim kimi cavab verirəm. Ola bilsin ki, elə şey var onu çatdırmağa savadım imkan vermir, amma çalışıram yenə başa salım.

- Sizin bu yaxınlarda avtoritetlərin əhatəsində olduğunuz bir video çarxınız yayılmışdı...

- Avtoritet hörmətli, sayılan oğlanlara deyirlər. Həmin hörmətli oğlanlar mən toyda olanda məni qonaq çağırdılar. Mənim həyatımda belə bir qarşılanma olmamışdı. Yolları mənə görə bağladılar. Hər oğlanın işi deyil yol bağlamaq. Toylarımın əksəriyyəti elə Rusiyada, bir də rayonlarımızdadır.

- Bu qədər işlərinizin öhdəsindən necə gəlirsiniz?

- Hamı ilə özüm danışıram. Danışıq tərzi xoşuma gəlməyəndə həmin toya getmirəm. Elə olur ki, 30 toya gedirəm, onun 15-ini pulsuz. Ona görə mənə yaxşı oğlan deyirlər. Təsəvvür edin sən yaxşı oğlansan, həm yaxşı oxuyursan, həm də yaxı görünüşün var, sənin qabağında kim dura bilər. Bizdə yaxşı oxuyan yaxşı oğlan olmur, yaxşı oğlan da oxuya bilmir.

- Toyda müğənnilərin ən böyük təhlükəsi döyülmək olur. Elə bir hadisə ilə qarşılaşmısız?

- Hər müğənniyə yaxınlaşmırlar. Mənə çatmır ki, toyda kimi isə döyüblər. Deməli sən şəxsiyyət deyilsən. Adamı durduğu yerdə də vurarlar. Yəqin kiməsə baxmısan, söz atmısan ya da fonoqram oxumusan. Şəxsiyyəti də heç döyərlər.

- Məşhur toy müğənniləri var. Hansını dinləyirsiniz?

- Məmmədbağır Bağırzadə, Baloğlan, Qədir Məmmədovu, Zabir Əliyevi, Ağadadaşı, Zauru dinləyirəm . Mən bunların kasetlərini alıb yazırdım, sonra toylarda ifa edib pul qazanırdım. Cavanlardan isə çoxları onu tanımasa da Surqutda yaşayan Eldar var onu dinləyirəm. Onu dinləyəndən sonra dedim ki, doğurdan da musiqinin sonu olmurmuş. Məni hələ indiyə qədər ağladan olmamışdı. Özü biznesmendir toylara demək olar ki getmir.

- Röyanı necə dinləyirsiniz?

- Röya əjdahadır. İnsanda da ürək olmalıdır. Səs də ürək də bir birini tamamlamalıdır.

- Bu yaxınlarda müğənnilərin toy qiymətləri açıqlandı. Nadirlə Faiq ilk pillədə idi. Toya 15 minə getməklərinə necə baxırsınız?

- Hər kəsin öz tamaşaçısı var. Xoşu gəlmir verməsin o pulu, döyüb almırlar ki. Deməli istəyirlər ki, verirlər. Bəlkə biri məni çox istəyir və maşın bağışlayır bundan kimə nə.

- Sizə də belə bir hədiyyə verilib?

- Mənə antikvar bir maşın bağışlanılıb. Toylar kralı olandan sonra mənə bir biznesmen hədiyyə etdi.

- Siz Qarabağlısınız. Qarabağ probleminin həlli barədə nə düşünürsünüz?

- Bu haqda danışmağa mənim qüvvəm çatmır. Böyüklərimiz var, mənim siyasətdən başım çıxmır. Siyasətdən çox kənar insanam. Mənim siyasətçi dostlarım var, onlarla siyasətdən danışmıram, heç imkan da vermirəm ki, danışsınlar.

- Ola bilməz ki, Manaf Ağayevin Qarabağla bağlı fikri olmasın...

- Qarabağla bağlı bir söz deyə bilmərəm. Bu çox ağır mövzudur. Amma insanların güzəranı ilə bağlı ona deyə biləm ki, aldığı maaşla kommunal xərcləri ödəmək mümkün deyil. İstərdim ki, insanların güzəranı xarici ölkələrdəki kimi olsun. Şəxsən müharibə olsa mən bir Qarabağlı kimi birinci sırada getməyə hazıram. Ölməyi də özümə şərəf bilərəm. Sülh yolu olmasa müharibə yolu ilə almalıyıq. Mənim atamın, anamın məzarı ordadır. Mən də onların məzarını ziyarət etmək istəyirəm.

- Uşaqlarınız nə ilə məşğuldur?

- Biri bu yaxınlarda gəlib əsgərlikdən. İkisi də ali təhsilli, çox savadlı uşaqlardır. Mən özüm oxuyan olmamışam, amma onlar qırmızı diplomla bitiriblər. Mən onlarla fəxr edirəm.

- Çox insanlar bu sənətə bir tramplin kimi baxırlar. Ola bilsin ki, nə vaxtsa bu sənəti atasınız?

- Yox, bu sənət olmasa ürəyim partlayar. Nə qədər imkanım olursa olsun içimdən oxumaq gəlir. Mənim demək olar ki, bütün nəslim oxuyandır. Uşaqlarımı qoymaram oxuyan olsunlar. Çünki o dövr başqa idi. Heç özləri də istəmirlər. İstəmirəm mən getdiyim əzablı yolları getsinlər. Savadlı uşaqlardır, hər hansı bir dövlət məmuru olmaqlarını istərdim. “Toylar Kralı”, “Azəri Star”, “Yeni Ulduz” kimi müsabiqələrindən bir ordu müğənni çıxır. Bundan sonra hər kəs öz toyunu oxuyacaq, çünki hər evdə bir oxuyan var.