2026-cı il FIFA Dünya Çempionatının Mexiko şəhərində keçirilən açılış mərasimində çıxış edən kolumbiyalı ulduz Şakira səhnə performansından daha çox görünüşü ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, J Balvin, Mana, Lila Dauns və Şakiranın çıxış etdiyi gecə milyonlarla tamaşaçı tərəfindən izlənilsə də, sosial mediada ən çox müzakirə olunan mövzu onun performansı yox, “dublyor” iddiası olub.
“X” və “TikTok” platformalarında yayılan paylaşımlarda bəzi istifadəçilər səhnədə çıxış edən şəxsin Şakira olmadığını iddia ediblər. Onların fikrincə, müğənninin görünüşü və hərəkətləri əvvəlki çıxışlarından fərqlənib.
İddiaları gücləndirən amil kimi Şakiranın böyük günəş eynəyi, saç və üz cizgilərində fərqliliklər, eləcə də, səhnə hərəkətlərinin dəyişməsi göstərilib. Bəzi istifadəçilər hətta səhnədə “dublyor” və ya kaskadyordan istifadə oluna biləcəyini irəli sürüblər.
Sosial şəbəkələrdə Şakiranın yaxın plan görüntüləri də müzakirə olunub. Bəzi istifadəçilər onun üz cizgilərinin fərqli göründüyünü iddia edərək, kosmetik müdaxilə ehtimalını gündəmə gətiriblər.
Bir qrup istifadəçi bu iddiaları rədd edərək, fərqin işıqlandırma, kamera bucaqları, makiyaj və səhnə şousu ilə bağlı ola biləcəyini bildiriblər.
Şakiranın komandası yayılan iddialara münasibət bildirməyib. Lakin sosial mediada paylaşılan görüntülər və fotolar müzakirələrin davam etməsinə səbəb olur.





Son xəbərlər
Son Xəbərlər