“Dəli olmağıma bir addım qalıb” – Zəlimxan

deli-olmagima-bir-addim-qalib-zelimxan
Oxunma sayı: 2482

Onun hər iki böyrəyini çıxarıblar. Bu barədə Z.Yaqubun özü Modern.az saytına verdiyi eksklüziv açıqlamasında bildirib. Almaniyadan Azərbaycana dönən şair hazırda Bakıda öz evindədir: “Hələ bir il böyrəksiz yaşayacağam. Buna görə də həftədə 3 dəfə dealiz seansına gedirəm. Həkimlər belə məsləhət gördülər. Bir ildən sonra mənə böyrək köçürəcəklər”.

“Qafqazinfo” şairin bir neçə şeirini və həmçinin öz dilindən səslənən “Gəlmişəm” şerinin videosunu təqdim edir:
***


Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.

Ömrümün bu yaşda nağılına bax,
Nağıldı, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.

Əl açar, sevgimin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.

Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.

İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.

Məcnun dərs oxuyub- kitabı Leyli,
Məcnun sərxoş olub- şərabı Leyli,
Məcnun dərdə düşüb- əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.

Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.

Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.

***

GÜL SƏNİN NƏYİNƏ GƏRƏKDİR, GÜLÜM?

Şairin sözünə yalandır demə.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Opən dodağı yox,oxşayan əli.
Gəl, gül də, çiçək də özümüz olaq,
Sən biraz ağılli, mən biraz dəli.

Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm,çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın,
Sənin həqiqətin,gerçəyin mənəm.

Gül sənin nəyinə gərəkdir,gülüm?
Hüsnün(m),gözəlliyin(m) dünyada təkdi.
Əgər sən varsansa bu yer üzündə,
Dünya başdan-başa güldü çiçəkdi.

Gül sənin nəyinə gərəkdir,gülüm?
Qoxla nəfəsimi,çiçəyə döndər.
Şairin sözünə yalandır demə,
Bütün yalannarı gerçəyə döndər.

***
Hamı bu şəhərə dipdiri gəlir
Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.

zelimhan.flv