“Qəribə adam”
Bu qəribə adamdı
Oxşamır yox heç kimə;
Əli, saçı, gözləri,
Dil açıb danışanda,
Dilində çiçək açan
Dəli-dəli sözləri-
Nə qəribə adamdı.
Nə qəribə adamdı-
Deyirəm yer fırlanır,
Pıçıldayır astadan:
Yurd yerində binəmiz
Yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
Axıb yeri fırladır.
Nə qəribə adamdı-
Deyirəm, külək əsir,
Yaxın dur bu ocağa,
Gəl, qoruyaq bu odu
Pıçıldayır astadan
-Bu əsən külək deyil,
Yurd boyunca dolaşan
Xətainin ruhudur.
Bu adam nə qəribə,
nə qəribə adamdı.
Nə qəribə adamdı;
Dərdinə bax, ay Allah!
niyə, niyə babası
Astiyaq min il əvvəl
Vaxtında öldürməyib
Xəyanətkar harpağı?..
Dərdinə bax, ay Allah!
Hansı uzaq dağdasa
Susuzluqdan saralıb
cır armudun yarpağı...
Nə qəribə adamdı
Dərdinə bax, ay Allah!
Nə qəribə adamdı
dedim:
Sənin bəd günün
dedi: o gün ki,
özümə tələ quran.
Gülsüz qalan Gülüstan,
Svaş, Şuşa, Çaldıran
Birmi, üçmü, ya beşmi?
Dedim: qardaş neyləyək?
Bizimki bunsuz keçmir.
Dedim: sənin oxşarın
Bir ləçəkdir nə vaxtsa,
Solmayan bir çiçəkdə.
Dedim: ən gözəl günün?
Dedi ki, gələcəkdə.
Bu adam nə qəribə,
nə qəribə adamdı.
Dedim: arzu, istəyin?!
Bir ah çəkdi dərindən:
Təzə-təzə doğulan
Qurd ağızlı körpələr
Görək nə vaxt bu yurdu
Tanrı kimi görk edər?!
Bu adam nə qəribə,
Nə qəribə adamdı!
Nə qədər adamdı
Bu adamın sevinci,
Bu adamın dərdi də
Tamam özgə biçimdə
Bu qəribə adamdı
Mənə elə gəlir ki,
Bu adam ölən günü
Özü qazıb qəbrini
Basdıracaq özünü
Ürəyinin içində.
Rüstəm Behrudi
Sənə bir daş atar...
Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Birəlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?
Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları.
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”
Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.
Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Tanrı Tanrıdırsa, öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.
Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər.
Ramiz Rövşən
Bu videonu da izləyin. Elçibəy yəmən türküsü oxuyur.
Son xəbərlər
Son Xəbərlər