Detektorlar dəm qazı riskindən necə qoruyur?

detektorlar-dem-qazi-riskinden-nece-qoruyur
Oxunma sayı: 1063

“Səssiz qatil” kimi xarakterizə olunan dəm qazı məişətdə ən təhlükəli və çox görünməyən risklərdən biridir. Rəngsiz və qoxusuz olması səbəbindən insan tərəfindən hiss edilmir. Bu onu xüsusi təhlükəli edir.

Əsasən dəm qazı cihazların nasazlığı, tüstü bacalarının tutulması və ya məkanların düzgün havalandırılmaması nəticəsində yaranır. Qapalı mühitdə sürətlə toplanan dəm qazı qısa müddətdə hətta bəzən ölümlə nəticələnə bilən ciddi zəhərlənməyə səbəb olur.

Xüsusilə payız-qış mövsümündə istilik sistemlərindən istifadənin artması dəm qazı ilə bağlı riskləri daha da artırır. Bir çox hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşma, texniki baxışın vaxtında aparılmaması və maarifləndirmənin yetərsizliyi ağır nəticələrə yol açır. Halbuki sadə profilaktik tədbirlər, düzgün istifadə qaydalarına əməl olunması, eləcə də dəm qazı detektoru bu cür hadisələrin qarşısını almaqda həlledici rol oynaya bilər.

Dəm qazı detektoru görünməyən təhlükəyə qarşı ən etibarlı qorunma vasitələrindən biridir

Dəm qazı detektoru qapalı məkanlarda yaranan karbon monoksid qazının vaxtında aşkar olunması üçün nəzərdə tutulmuş mühüm təhlükəsizlik cihazıdır. Detektor havadakı karbon monoksidin səviyyəsini ölçərək, təhlükəli həddi aşdıqda səsli siqnal vasitəsilə xəbərdarlıq edir və insanların vaxtında tədbir görməsinə imkan yaradır.

İlkin bazar araşdırmaları göstərir ki, yerli bazarda müxtəlif markalı dəm qazı detektorlarının qiyməti cəmi 15 - 45 manat arasında dəyişir. Lakin bu kiçik qurğunun dəyəri onun qiyməti ilə ölçülmür – o, görünməyən və hiss olunmayan bir təhlükə qarşısında insan həyatını qorumaq gücünə malikdir.

Həyatları xilas edə biləcək detektor qaz cihazlarının istifadə olunduğu hər bir ev üçün vacib və həyati əhəmiyyət daşıyan təhlükəsizlik vasitəsidir.

Detektorlar harada quraşdırılmalıdır?

- Qaz cihazları olan otaqlarda;

-  Yataq otaqlarına yaxın ərazilərdə;

-  Vanna və mətbəxt otaqlarında;

-  Qazanxana və isitmə sistemlərinin olduğu yerlərdə;

-   Tavandan 15 - 20 sm aşağı (təlimata uyğun).

Detektoru harada quraşdırmaq olmaz?

-  Birbaşa qaz plitəsinin üstü və ya çox rütubətli yerlərdə;

-  Pəncərə, ventilyasiya dəlikləri və birbaşa istilik mənbələrinin yanında.

Eyni zamanda, batareya tipli detektorların batareyalarının mütəmadi yoxlanılması və müəyyən müddətdən sonra yenilənməsi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Siqnal zamanı görüləcək işlər:

- Pəncərələri açmaq, qaz cihazlarını söndürmək, evi və ya qaz təhlükəsi olan ərazini tərk etmək, 112 və ya 104 Çağrı Mərkəzinə zəng etmək.

Dəm qazı ilə zəhərlənmə halları əsasən qış mövsümündə, isitmə sistemlərindən intensiv istifadə olunan dövrlərdə artır. Bu baxımdan, abonentlərin qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməsi, tüstü bacalarının mütəmadi yoxlanılması və yaşayış sahələrində dəm qazı detektorlarının quraşdırılması mümkün faciələrin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dəm qazı səssiz təhlükədirsə, detektorlar bu təhlükənin ilkin səsidir... Təhlükəsizlik isə hər birimizin məsuliyyətidir!