Dörd il həbs alsa da, cəzası ikiqat artırıldı - “Kollar da narkotik kimi sayılıb”

dord-il-hebs-alsa-da-cezasi-ikiqat-artirildi
Oxunma sayı: 2593

Narkotik satışında ittiham edilən Yevlax sakini İbrahim İbrahimovun cinayət işi üzrə ziddiyyətli məqamlar yaranıb.

Onun vəkili Vasif İsrafilov “Qafqazinfo”ya müraciətində bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsi müvəkkilinə 4 il həbs cəzası verib. Şəki Apellyasiya Məhkəməsi isə həmin hökmü ləğv edərək cəza müddətini 7 il 6 aya qaldırıb: “Məhkəmə istintaqın aşkar surətdə qanunvericiliyin tələblərini pozması hallarına göz yumur. Qanunvericilikdə müdafiə tərəfinin paralel istintaq aparmaq hüququ nəzərdə tutulsa da, məhkəmə ittiham tərəfinin sübutlarını əsas götürür, bizim sübutlarımıza qiymət belə vermirlər. Vəsatətlərimiz təmin olunmur, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmır.

Oxşar hallar müvəkkilim İbrahim İbrahimovun işində də özünü göstərir. Hazırda bu işə Ali Məhkəmənin hakimi Əziz Seyidovun icraatında baxılır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin yardımı ilə İbrahim İbrahimovun evindən aşkarlanmış çətənə bitkisinin miqdarı artırılıb. Prokurorluq və məhkəmə isə bu hala göz yumur”.

İttihama görə, İbrahim İbrahimli  Yevlaxda icarəyə götürdüyü torpaq sahəsinin icarə müqaviləsi bitdikdən sonra orada külli miqdarda narkotik əkib, satışını həyata keçirib. İ.İbrahimli 14,7 kq narkotiki kustar üsulla yetişdirməkdə və 1315 qram qurudulmuş marixuana hazırlamaqda təqsirləndirilib. Buna görə o, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik satışı), 237.1-ci (narkotik yetişdirmək) və 188.1-ci (torpaq üzərində icarə hüququnu pozma) maddələri ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsində ifadə verən İbrahim İbrahimli bildirib ki, şəxsi istifadə üçün 8-12 ədəd çətənə əkib: “İstintaq narkotik kollarının sayını və çəkisini şişirdib. Kolların sayının az olması, evdən çıxan marixuananın çəkisinin cəmi 200 qram olması əməliyyat vaxtı çəkilən videoda da aşkar görünür. Kolların istintaqda qeyd edilən sayda olması, marixuananın çəkisi heç bir halda sübut olunmur”.

Məhkəmə bu qənaətə gəlib ki, İbrahim İbrahimli çətənə kollarını yalnız öz istifadəsi üçün əkib. Narkotik satışı üzrə ittiham da istintaq tərəfindən sübut edilməyib. Həmin şəxs torpaqdan icarə hüququnu pozması ilə bağlı ittiham üzrə isə bəraət alıb. İbrahim İbrahimli 4 il müddətinə azadlıqdan məhrum edilib. Lakin prokurorluq hökmdən apellyasiya protesti verib və Şəki Apellyasiya Məhkəməsi hökmü ləğv edərək İbrahim İbrahimlinin narkotik satışı həyata keçirdiyi qənaətinə gəlib və onun cəzasını 7 il 6 ay müddətinə artırıb.

Vəkil Vasif İsrafilov qərardan verdiyi kassasiya şikayətində qeyd edib ki, evdən və bitkilərin əkildiyi ərazidən narkotikin götürülməsi zamanı çəkilən videoda görünür ki, 350 qram narkotikin çəkisi şişirdilərək 1315 qram göstərilib: “Həmçinin, görüntüdə var ki, torpaq sahəsindən götürülən 1 kiloqrama yaxın narkotik xassəli bitkilərin çəksi şişirdilərək 13450 qram yazılıb. Ekspert üzərindəki narkotik bitkilər toplandıqdan sonra kənara atılan kolları da marixuana kimi qiymətləndirib. İbrahim İbrahimov çəkiliş zamanı da buna etirazını bildirib. Həmin torbalarda olan bitkilər təmizləndikdən sonra onun tərkibində narkotik xassəli hissə ancaq 200-250 qram olar. Çətənə kollarının ancaq baş hissəsi, yəni toppuzu narkotik tərkibli sayılır.

Videogörüntüdə görünən torbalar təkrar çəkilsə, həmin torbaların ümumi çəkisinin 400 qramdan artıq olmadığı aşkar olunacaq. Videoda ərazidən 13-14 kolun götürülməsi görünür, istintaq isə 54 ədəd kol yazıb. Bundan başqa, İbrahim İbrahimov kolları çıxararaq narkotik hissəsini yığıb, qalanını kənara tullayıb. İstintaq üzərində narkotik olmayan həmin kolları da narkotik kimi qeydə alıb. Bu isə qanuna ziddir. Həmçinin, ərazidə digər 8 kol yabanı halda bitib, İbrahim İbrahimov onlara aqrotexniki qulluq etməyib. Məhkəmədə ekspert Arif Məmmədov bunu izah edib. Ekspert əlavə edib ki, əraziyə baxış zamanı məhv olunması üçün tullanmış kollar sayılmayıb.

Buna görə də hesab edirik ki, maddi sübutlar məhkəməyə təqdim edilsə və təkrar eksperiment aparılsa, narkotik çəkisinin xeyli az olması, kisələrdə 13-14 ədəd kolun olması aşkarlanacaq”.

Kassasiya şikayətində Ali Məhkəmədən qeyd edilən halları nəzər alaraq bu halların araşdırılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması xahiş edilib.

Amin Nəzərli