Rus ədəbiyyatının klassiklərindən Fyodor Dostoyevskinin təxminən 180 il əvvəl yazdığı “Bəyaz gecələr” povesti “TikTok”un kitab icması olan “BookTok” sayəsində yenidən populyarlıq qazanıb.
“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, xüsusilə Z nəslinin marağını cəlb edən əsərin Braziliyada satışları son bir ildə 463 faiz artıb.
“Bəyaz gecələr”ə marağın Böyük Britaniya və İspaniyada da sürətlə artdığı bildirilir.
Dostoyevskinin ilk əsərlərindən olan “Bəyaz gecələr” (ilk dəfə 1848-ci ildə çap edilib) Sankt-Peterburq küçələrində tək gəzən və gənc bir qadınla qarşılaşaraq ona aşiq olan xəyalpərəst bir kişinin hekayəsindən bəhs edir.
Hadisələr dörd gecə və bir səhər ərzində cərəyan edir. Təhkiyəçi uzun müddət xəyallar aləmində yaşayan, lakin ilk dəfə real həyatla qarşılaşan bir insandır. Başlayan sevgi hekayəsi isə qısa sürsə də, olduqca gərgin xarakter daşıyır.
“TikTok”da 13 min izləyicisi olan braziliyalı kitab məzmunu yaradıcısı Marselo Noqueyranın fikrincə, əsərin gənclər arasında bu qədər böyük maraq doğurmasının əsas səbəblərindən biri tənhalıq mövzusudur.
Onun sözlərinə görə, Z nəslinin nümayəndələri Dostoyevskinin “tənha xəyalpərəst” obrazında özlərindən nəsə tapa bilirlər. Noqueyra əlavə edib ki, bu gün bir çox gənc də oxşar tənhalıq hissi yaşayır.
“BookTok”da “Bəyaz gecələr” haqqında on minlərlə şərh və video paylaşılıb.
Rus ədəbiyyatı ilə bağlı məzmun hazırlayan 29 yaşlı Paloma Lima bildirib ki, əsəri oxuyan gənc “TikTok” istifadəçiləri Dostoyevski haqqında daha çox məlumat əldə etmək üçün onun yutub kanalına müraciət edirlər.
Limanın sözlərinə görə, əsərin qısa və emosional baxımdan gərgin olması da onun populyarlığına təsir edir. Dostluqdan sevgiyə keçən süjet xətti “TikTok”da geniş yayılan romantik hekayə mövzuları ilə də üst-üstə düşür.
Dostoyevskinin sosial media vasitəsilə yeni nəsil arasında populyarlaşması Rusiyada təəccüb və qürurla qarşılanıb. Lakin eyni marağın gənc rus oxucuları arasında müşahidə olunmadığı qeyd edilir.
28 yaşlı rus yazıçısı Yekaterina Kvitko əsərdə sevgi və tənhalıq hissləri içində həyatına məna axtaran bir obrazın təsvir edildiyini bildirib. Onun fikrincə, bu mövzu hazırda Qərb ölkələrindəki gənclər arasında daha güclü əks-səda doğura bilər.
“Bəyaz gecələr” bəzi gənc oxucular üçün Dostoyevskinin daha genişhəcmli əsərlərinə keçid rolunu da oynayır.
Braziliyanın “Editora 34” nəşriyyatının nümayəndəsi Danilo Hora bildirib ki, Dostoyevskinin “Cinayət və cəza” romanının satışları ilin ilk yeddi ayında 53 faiz artıb.
Hora bunu “Bəyaz gecələr” vasitəsilə Dostoyevskini kəşf edən gənclərin daha mürəkkəb və genişhəcmli əsərlərə üz tutmasının gözlənilməz nəticəsi kimi qiymətləndirib.
“TikTok” və yutubda yayılan qısa videolar uzun müddət diqqəti cəmləmək qabiliyyətini zəiflətdiyi və oxu vərdişlərinə mənfi təsir göstərdiyi üçün tənqid olunur. Lakin “Bəyaz gecələr” nümunəsi sosial media platformalarının klassik ədəbiyyata yeni oxucu auditoriyası qazandıra bildiyini göstərir.
Noqueyranın sözlərinə görə, “TikTok”da “oxucu olmaq” artıq bir növ estetikaya çevrilib. Bu tendensiya gənclərin elektron kitablardansa fiziki nəşrlərə üstünlük verməsinə də təsir edir. Rəngarəng və diqqətçəkən üzlüklər sosial media paylaşımlarında daha çox maraq doğurur.
Rus ədəbiyyatı üzrə tədqiqatçı və tərcüməçi Sesilia Rosas sosial media vasitəsilə klassik əsərlərə marağın artmasını müsbət qiymətləndirib. Bununla yanaşı, o, sosial mediada kitablar haqqında hazırlanan məzmunun ədəbi tənqidlə təbliğat arasındakı sərhədi bulanıqlaşdıra biləcəyini vurğulayıb. Rosasın sözlərinə görə, internetdə ədəbi tənqid kimi təqdim olunan bəzi məzmunlar əslində reklam xarakteri daşıyır.
Bununla belə, “Bəyaz gecələr”in yenidən populyarlaşması göstərir ki, təxminən iki əsr əvvəl yazılmış sevgi və tənhalıq hekayəsi alqoritmlər dövründə tamamilə fərqli bir nəsil tərəfindən yenidən kəşf edilə bilər.