“Əcaba, əgər din bu qədər insanı bir yerə toplaya bilirsə...” – II Hissə

ecaba-eger-din-bu-qeder-insani-bir-yere-toplaya-bilirse-ii-hisse-
Oxunma sayı: 1012





“Qafqazinfo” Azərbaycan Ümid Partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin 2010-cu ilin parlament seçkilərindən sonra öz partiyadaşlarına ünvanladığı şok müraciətini əldə edib. “Niyə məğlub oluruq?!” başlığı ilə edilən müraciət bütün ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılancaq məqamlarla zəngindir. Müraciətdə ilk dəfə olaraq, ölkədə real siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, dini durum və digər həssas məqamlar tam çılpaqlığı ilə təsvir edilir. Əlavə şərh vermədən yazının ikinci hissəsini təqdim edirik.

Əvvəli BURADA

Çıxış yolu nədədir?

Təklif olunan variantlardan biri xalq hərəkatı modelini təşkil edəcək ictimai birliyin yaradılmasıdır. Əslində, avtoritar rejimlərlə mübarizədə ən optimal yollardan biri və bəlkə də birincisi xalq hərəkatı modelidir. Amma bu gün Azərbaycanda xalq hərəkatı modelini təşkil etmək mümkündürmü? Xalq hərəkatını yetişdirən və onu ictimai təşkilat halında kütləviləşdirən bir neçə amil əsas faktor kimi rol oynamalıdır.



İlk növbədə, ya mövcud dövlət ciddi süqut ərəfəsində olmalı, ya müəyyən ərazini əhatə edən etnik-milli separatizm ərazi bütövlüyünü təhlükə altına qoymalı, ya avtoritar və ya hərbi rejim ölkə vətəndaşlarının kütləvi narazılığına səbəb olmalı və ya sosial vəziyyət vətəndaşı kütləvi itaətsizlik həddinə çatdırmalıdır. Xalq hərəkatını doğuran əsas səbəblər bunlardır.

Digər spesifik səbəblər də xalq hərəkatına gətirib çıxarır – Regionçuluq nəticəsində ölkənin bir bölgəsinin digər bölgələri üzərində hegemonluğu, orta təbəqənin güclü basqılara məruz qalaraq dövlətin vergi və gömrük siyasətindən narazılığı, ideoloji mübarizənin kəskinləşməsi nəticəsində dövlət idarəçiliyinin və quruluşunun dəyişdirilməsi uğrunda mübarizələr və s. Bu faktların hər birinə ayrı-ayrılıqda qısaca da olsa toxunacam. Çünki hörmətli partiyadaşlarımızın bəziləri xalq hərəkatı modelinin səslənən digər fikirlər içərisindən daha inandırıcı olduğuna işarə edirlər. Yeri gəlmişkən, müxalif fikirli insanların səsləndirdiyi hakimiyyəti dəyişdirmə və ya demokratikləşmə prosesində üstünlük verdikləri xətt də elə xalq hərəkatı modelinə daha çox bənzəyir.

1) Dövlətimiz süqut ərəfəsindədirmi?!

Azərbaycan Respublikası bir dövlət olaraq süqut mərhələsində deyil və vətəndaşlar geniş mənada dölət idarəçiliyindən narazı olsalar da, dövlətin hər hansı ciddi bir problemlə üz-üzə qaldığı qənaətində deyillər, belə bir təhlükə görmürlər. Siyasi təşkilatların bu yönümdə əndişəsi və narahatlığı yoxdur, bəyənat və mövqelərində dövlətin süqut edəcəyi ilə bağlı hər hansı fikir, cümlə, sözə rast gəlinmir. Demək, dövlətin süqut edə biləcəyi fikri olmadığı üçün dövlətçiliyin müdafiəsi naminə xalqı toparlayıb onları xalq hərəkatı modelində birləşdirmək mümkün deyil.

2) Dövlətin bir ərazisi etnik-milli separatizm nəticəsində işğal olunaraq ərazi bütövlüyünü təhlükə altına alırmı?!

Bəli, bu gün ərazimizin az qala 20%-i işğal olunub, bir milyona yaxın məcburi köçkün ata-baba yurdundan didərgin düşüb. Elə onu da xatırlatmaq yerinə düşər ki, uzun illər Azərbaycanda qeyri-stabil vəziyyəti və mütəmadi hakimiyyət dəyişikliyini şərtləndirən əsas səbəb məhz ərazi işğal faktoru idi. İstər Vəzirov, istər Mütəllibov, istərsə də Elçibəy öz postlarını məhz işğal edilmiş Qarabağ torpaqları ətrafında yaşanan gərginlik və itkilər hesabına təhvil verməli olublar. Bizimlə müharibə aparan Ermənistanda da Arutunyanı Ter-Petresyanın, onu isə Köçəryanın əvəzləməsi Ermənistan-Azərbaycan münaqişəsi fonunda baş verib. Bəs bu gün nədən 20% torpaqlarımız işğal altında ola-ola, mövcud iqtidarın 17 il müddətində bir qarış torpağı belə işğaldan azad edə bilməməsinə rəğmən, xalq onu hakimiyyətdən kənarlaşdırmaq üçün hərəkat modelinə bənzər bir təşkilatlanma mərhələsi yaşamır və onun problemlərinə sahib çıxmayan iqtidarı hakimiyyətdən uzaqlaşdıra bilmir? Bunun da uzun və yorucu, amma çox obyektiv səbəbləri var.
İlk növbədə, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsdir və tərəflər sülh müqaviləsi imzalayaraq müharibə predmeti olan ərazinin hüquqi statusu haqda razılığa gəlməyiblər. Dəqiq ifadə etsək, Ermənistan-Azərbaycan cəbhəsində ümidli vəziyyətdir. Ermənistan ümid edir ki, işğal etdiyi Azərbaycan ərazilərində ya ikinci erməni dövləti quracaq, ya da onu Ermənistan ərazilərinə birləşdirəcək. Azərbaycan tərəfi ümid edir ki, Ermənistanın işğal etdiyi əraziləri gec-tez geri alacaq və ərazi bütövlüyü təmin olunacaq. Xalqlar bu vəziyyətə alışmış kimi görünür, hakimiyyətlər status-kvonu olduğu kimi saxlayır, münaqişə konservləşdirilərək aktiv milli problem statusunu passiv milli problem statusuna dəyişir. Həmçinin, müharibə zamanı verilən ağır itkilər də xalqı yeni itki vermə qorxusu ilə təhdid edərək daha ağrısız həll variantına üstünlük verməyə məcbur edir. Hakimiyyətlər də bu istiqamətdə effektli təbliğat apararaq müharibə ilə xalqı qorxudur, sülh variantı ilə problemin həllinin mümkün olduğu qənaətini yaradır, Azərbaycan iqtisadiyyatının artan yüksəliş tempini problemin həllinə ümid yaradır (büdcənin artımı, hərbi xərclərə ayrılan vəsaitlərin çoxalması, tikinti-abadlıq işləri və s.). Digər tərəfdən hakimiyyəti əvəzləmək istəyən siyasi qüvvələr də Qarabağ probleminə hakimiyyətdən fərqli mövqe sərgiləməyərək, hakim siyasi kursu dəstəkləmək kimi bir xətt nümayiş etdirir və ya çox azacıq radikallığa meylli, lakin nəticələrə təsir edə biləcək strategiya ortaya qoymurlar (Məsələn, hakimiyyətin sülh variantına müharibə, yaxud ən yüksək statusa qarşı heç bir status və s.). Müxalif siyasi təşkilatların belə mövqe sərgiləməsinə əsas səbəblərindən biri və konfliktə beynəlxalq təşkilatların və Azərbaycanda hakimiyyət məsələsinə bilavasitə təsir edə biləcək ölkələrin yanaşması ciddi təsir göstərir. O cümlədən, mövcud müxalifətin böyük əksəriyyətinin hakimiyyətdə olduqları müddətdə bu problemi həll edə bilməyərək istefaya getməsi də xalqda mövcud qüvvələrin yenidən hakimiyyətə gələrək ərazi bütövlüyünü təmin edə biləcəklərinə böyük şübhə yaradır
( İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev, Ayaz Mütəllibov və s.).

Deməli, saydığımız faktlar etnik milli separatizm nəticəsində ərazi bütövlüyü təhlükə altına alınsa da xalq hərəkatı modelini gerçəkləşdirməyə imkan vermir.

Avtoritar və ya hərbi rejimlər xalqın kütləvi narazılığına səbəb olduqda xalq hərəkatı başlaya bilir

Azərbaycandakı mövcud durum tam avtoritarizm və ya hərbi rejimlə uyğun gəlmir. Azərbaycanda avtoritarizmi şərtləndirən xeyli səbəblər olsa da avtoritarizm xalq üzərində deyil, qruplar üzərində mövcuddur. Hakimiyyət siyasi təşkilatlar üzərində ciddi avtoritar rejim yaradıb-o siyasi təşkilatları əzir sıxışdırır, üzvlərini represiyaya uğradır, həbsə atır və s. Lakin siyasi təşkilatlarda birləşməyən vətəndaşlarla, siyasi mənsubiyyəti olan insanlar arasında ciddi davranış fərqi nümayiş etdirir. Məs: bir məktəbin müxalif təşkilatın üzvü olan müəllimi dərs saatı ala bilmir, aktiv siyasi mövqe nümayiş etdirərkən işdən qovulur, yaxınları və doğmaları vasitəsilə ona təzyiq edilir, ona təzyiq göstərməyən qohumlar özləri bəzən təzyiqə məruz qalır. Siyasi seçim etməyən, aktiv siyasətlə məşğul olmayan müəllim isə adi Azərbaycan vətəndaşının yaşadığı problemlərdən artıq problemlə üzləşmir.

Bəzi məqamlarda isə hakimiyyət həm də şirnikləşdirici vasitələrdən də istifadə edir. Məs: müxalifət partiyasını bəyanatla tərk edən bəzi adamları ictimai-siyasi statusuna görə mükafatlandırır - ya icraedici ya da qanunverici orqanda onların təmsilçiliyinə şərait yaradır. Biznes imkanları tanıyır, KİV təsis edir və s.

Siyasi təşkilatlar üzərində olan avtoritarizm vətəndaşları partiyalardan qaçırır.
Avtoritarizm biznes fəaliyyəti ilə məşğul olan insanlar üzərində də öz gücünü saxlayır.

Korrupsiya və rüşvətxorluğun, vergi və gömrük rüsumlarının xüsusi şərtləri ilə yanaşı bu təbəqənin adamları üzərində siyasi avtoritarizm də mövcuddur. Müxalif təşkilatların üzvü olmaq qadağası, yardım etmək imkanının tanınmaması xüsusi amansızlıqla həyata keçirilir. Əksinə, hakimiyyətə yaxın olan birinin himayəçiliyini qəbul etmək, yaxud müstəqil fəaliyyət göstərərək mövcud hakimiyyəti dəstəkləmək ümumi şərtlərdən kənar elə bir əlahiddə qorxu törətmir, biznes təbəqəsinin adamları tam normal olmasa da fəaliyyət göstərib müəyyən qazanclar əldə edə bilirlər.

Bu tip yanaşma orta məmur təbəqəsinə də birbaşa şamil edilə bilər və onların da müxalif siyasi təşkilatlarla əlaqəsi şəxsi faciələri, hakimiyyətlə yaxınlıqları isə xüsusi imtiyaz və yüksəlişləri ilə nəticələnə bilər. Avtoritarizm isə mahiyyət etibarı ilə öz qəddarlığını xalqın böyük əksəriyyətinin üzərində birbaşa göstərən, çoxluğun ondan əziyyət çəkdiyi bir rejimdir. Demək, hakimiyyət avtoritarizmi daha çox siyasiləşmiş və siyasiləşməyə meyl edən təbəqənin üzərində tətbiq etməklə, xalqın böyük əksəriyyətini siyasətə biganə qalmağa məcbur edən kurs sərgiləyir. Nəticədə də siyasət və siyasi təşkilatlar üzərindəki avtoritarizmi geniş xalq kütləsini siyasi prosesdən uzaq salır. Bu neoavtoritarizmdir. Belə şəraitdə isə xalq hərəkatına kütləvi cəlb etməni təşkil etmək qeyri-mümkündür.

4)
Sosial vəziyyətin ağırlığı xalq hərəkatını şərtləndirir


Bu gün Azərbaycanda sosial vəziyyət ağırdır. Maaşlar və təqaüdlər az, qiymətlər baha, korrupsiya və rüşvət əndazəsiz, kommunal xərclər yüksəkdir. Bunu hər bir ölkə vətəndaşı gündəlik həyatında hiss edir və əziyyət çəkir. Lakin müqayisələr mövcud hakimiyyətin xeyrinədir. Adambaşına düşən gəlir son 17 ilin ümumi müqayisəsində artan xətlə davam edib. Hakimiyyət bu sahədə olduqca balanslı siyasət yürüdüb və onun təbliğatını qura bilib. Maaşlar çox az artsa da hər il müəyyən faizlə qalxır, inflyasiya ölkə iqtisadiyyatını təhdid etmir, əhalinin bəzi borcları dövlət tərəfindən qapadılır, büdcə sistemində çalışanlara cüzi də olsa rüşvət və əlavə qazanc üçün qeyri-qanuni şərait yaradılır. Bir sözlə, ölkə vətəndaşı sosial qiyamla üz-üzə deyil. Bir faktor da hakimiyyətin olduqca xeyrinə işləyir. Ona müxaifətdə olan əksər qüvvələrin hakimiyyəti dönəmində (AXC-Müsavat) sosial vəziyyət, indikindən pis olduğu üçün təbliğatında bu halı xüsusi yada salmaqla əhalini qismən də olsa sakitləşdirə və ya mövcud vəziyyətə alışdıra bilir. Demək, sosial problemlərin çoxluğu belə xalq hərəkatına təkan verən amil kimi çıxış edə bilmir.


5) Parlaq siyasi lider və ya təşkilat faciəvi olmayan, lakin ümumi problemlərin fonunda xalq hərəkatına bəzən bir proses gerçəkləşdirə bilər.



Hakimiyyətin apardığı siyasət siyasi təşkilatları elə bir vəziyyətə gətirib ki, onlar yalnız mövcudluq və siyasi sistemdə qalmaq uğrunda çaba göstərirlər. Həmçinin siyasi liderlərin zaman-zaman buraxdıqları səhvlər və nəticəsizlik də onların parlaqlığını itirib, xalqda onlara qarşı inamsızlıq yaradıb. Həm hakimiyyətin həm də klassik müxalifətin yanaşması yeni siyasi qüvvə və liderin ortaya çıxmasını əngəlləyib. Yeni qüvvənin qarşısını almaq üçün təəssüf ki, iqtidar və müxalifət bəzən ortaq fəaliyyət göstəriblər. Hakimiyyət yeni qüvvəni durdurmaq gücündə olmayanda, “o bizim adamdır” şayəsini klassik müxalifətə ötürüb, klassik müxalifət isə həm özünü bilgili göstərmək, həm də düşərgədəki yerlərini qorumaq üçün hakimiyyətin bu şayəsindən gen boluna istifadə edib siyasi təşkilatın və liderin fəaliyyətini təftiş etmədən. Demək parlaq siyasi təşkilat və lider də onun mövcud olmaması səbəbindən kütləviliyi təmin edə biləcək xalq hərəkatı modelinin gerçəkləşməsini şübhə altına alır.
Spesifik səbəblərdən də danışmışdım.

1) Regionçuluq nəticəsində ölkənin bir bölgəsinin digər bölgələr üzərində hegemonluğu da xalq hərəkatına yaxın bir prosesin başlanmasına ciddi təkan verir.
Azərbaycan siyasətində regionçuluq uzun müddətdir müzakirə və mübahisə doğuran məsələlərdəndir. Hər kəs mövcud iqtidarı həm də regionçu iqtidar kimi tanıyır.
İdarəetmə və milli mənsubiyyət baxımından bizə yaxın olan Qırğızıstanda baş verən son hadisələrin – xalq etirazının – kökündə dayanan zahiri amillərdən birincisi məhz regional amil idi. Azərbaycanda da bu amil var. Lakin mövcud regionçuluq konkret ərazi bölgüsü üzrə aparılsa da, coğafi şərtlərinə görə fərqlidir. Hakimiyyətin söykəndiyi regionun əhalisi sabit və ərazisi bilinən coğrafiyada deyil, ölkənin bütün regionlarında yaşayırlar ki, bu da bir regionun sərhədlərini çəkmək və inqilabi əhval-ruhiyyə yaratmaq baxımından yetərli olmur.

2) Orta təbəqənin güclü basqı altında qalaraq vergi və gömrük, o cümlədən, hüquq mühafizə orqanlarının qeyri-qanuni müdaxiləsi nəticəsində xalqın digər təbəqələrini toparlamaq və siyasi təşkilatlar vasitəsi ilə xalq hərəkatı yaratmaq imkanları da dünya təcrübəsində rast gəlinən faktorlardandır.
Lakin Azərbaycanda çox az formalaşmış orta təbəqə ya məmur-oliqarxların biznes ortağı və ya onlardan asılı şəxslər, ya da müxalif siyasi təşkilatlarla mövcud hakimiyyətin basqısı nəticəsində heç bir əlaqə saxlamayan azsaylı insanlardan ibarətdir ki, onlarla da mövcud rejimə etiraz təşkil etmək ciddi görünmür.

3) Cəmiyyətdə ideoloji mübarizənin kəskinləşməsi də xalq hərəkatını şərtləndirən əsas amildir.
Tarix bu tipli ideoloji mübarizələrin nəticəsində xeyli hakimiyyət və ya dövlət quruluşu dəyişikliklərinin şahidi olmuşdur. Partiyadaşlarımızdan tez-tez ideoloji bir təşkilatın formalaşdırılması çağırışları da eşidirəm. Mümkünmü sizcə, əziz partiyadaşlar? Cəlbedici görünən bir neçə ideoloji xətt barədə fikirlərimi sizə çatdırmaqla bu mübarizənin ümumi konturları barədə təsəvvür yaratmaq istərdim.

1. Ən cəlbedici ideoloji xətt solçuluqdur. Əslində əhalinin mövcud sosial durumu da bu haqda geniş danışmağa və təbliğat qurmağa imkan verir. Elə model kimi qəbul etdiymiz Avropa ölkələri və ya demokratların hakimiyyəti kimi tanıdığımız Obama Amerikası da solçuluğa meylli komandalar tərəfindən idarə olunur.
Təəssüflə qeyd edim ki, Azərbaycan seçicisi sol ideyaları həzm etməyə hələ ki, hazır deyil. Sol baxışdan danışarkən heç kim onun fəlsəfəsinin fərqinə varmadan dərhal Rusiyanı və onun Azərbaycana yaşatdıqlarını, 70 illik əsarəti, işğal olunmuş Qarabağı, 20 yanvar, Xocalını xatırlayır. Siyasət həm də bir reallıqdır. Düzdür dəfələrlə qeyd etmişəm ki, siyasi təşkilat və ya siyasi lider ictimai rəydən qorxmamalı, ictimai rəyin arxasınca getməməli, əksinə özü ictimai rəyi formalaşdırmalıdır. Amma solçuluq haqda Azərbaycan vətəndaşlarının baxışları ictimai rəy deyil, fundamental siyasi seçimdir. Yuxarıda qeyd etdiyim problemlər çözülməyənə və ya Rusiya Mahiyyətini dəyişməyənə, Azərbaycan demokratikləşməyənə qədər solçuluğa baxış öz siyasi qiymətini və dəyərini yeni formaya transformasiya etməyəcək. Buna görə hesab etmirəm ki, solçuluq yeni ideoloji təşkilat yaratmaq baxımından uğurlu seçim ola bilər. Bir fakt da olduqca maraqlıdır – mövcud siyasi təşkilatların hamısi – iqtidar və müxalifət – bütün şüar və bəyanatlarını, fəaliyyətlərini solçuluq üzərində qursalar da, yuxarıda qeyd etdiyim səbəblər acısından özlərinə solçu təşkilatlar demirlər. Demək, solçuluq təşkilat və ya xalq hərəkatı üçün ideoloji baza rolunu oynaya bilməz.

2. Bu gün daha çox səslənən ideoloji xətlərdən biri də dini, daha dəqiq ifadə etsək islam ideologiyasıdır. Bəzən dostlarımız bir qədər irəli gedərək bu ideologiyanı sosial islam adlandırırlar.
Son illər ölkə vətəndaşlarının dinə meyllənməsi çox ciddi faktdır. İslamı dəyərlərə qayıdış da düzgün ifadə forması ola bilər. Məscidlərdəki kütləvilik siyasi fəaliyyətlə məşğul olan hər bir şəxsi heyran qoymaqla yanaşı, həm də ciddi düşündürür. Əcaba, əgər din bu qədər insanı bir yerə toplaya bilirsə, nədən mövcud hakimiyyəti dəyişdirmək üçün bu ideoloji bazanı seçərək kütləvi təşkilat yaratmayaq?

Amma möhtərəm dostlarım unudur ki, məscidlərdəki bu kütləviliyin özü belə İslamın bütövlüyündən çox parçalanmasından doğan kütləvilikdir. Tələsməyin, izah edəcəm.
Biz bir vəhhabi məscidindəki kütləviliyi görürük, bir cəfəri məzhəbinin tərəfdarlarının toplandığı Allah evinə baxırıq, biz nurçuları izləyirik, bir ələvilərə, bir ismaililərə və s. heyran qalırıq. Bu təriqətlərin nə qədər məscidləri var? Barmaqla sayıla biləcək qədər. Demək, o kütləvilik bizi aldatmamalıdır. Bu bölücülüyün nəticəsində çox azsaylı məkana yığışan insanların ümumi sayıdır. Heç sayı bilinməyən şiə məscidlərində həmin qələbəliyin şahidi oluruqmu? Və ya şimal bölgəsində sünni məscidləri aşıb-daşırmı?? Məncə cavab aydındır. Aydın olan həm də odur ki, Azərbaycanda İslam dininin çoxsaylı təriqətlərinin daşıyıcaları, regionlar üzrə bölünür və onları əgər Allahın adıyla bir araya yığmaq, bir məsciddə ibadət etdirmək mümkün deyilsə, və ya müşküldürsə, bir siyasi təşkilat, bir siyasi lider sosial islam və ya islam ideologiyası ilə insanları bir araya toplaya bilərmi? Yenə də cavabı özünüz verin.

Bəzən dostlarımız dinə bağlı soydaşlarımızı daha mübariz, yetkin, ardıcıl və kütləviliyə meylli kimi xarakterizə edirlər. Məncə bu da mübahisəyə açıq olan məsələdir və onu üzərində siyasi təşkilat formalaşdırmaq və ya hərəkat yaratmaq mümkün deyil.
Ən kütləvi və mübariz hesab edilən vəhhabi təriqətinin nümayəndələrinin toplaşdığı məscidə bir neçə il əvvəl əl qumbarası atıldı, məscid qapadıldı. Bu gün də fəaliyyət göstərmir. Sizcə, ictimai təzyiq nədən həmin qrupun hərəkətə keçərək ibadət yerlərini geri qaytarmasına stimul vermir – söhbət hakimiyyət dəyişikliyindən yox, onlara məxsus ibadət yerinin həm də Allahın evinin açılmasından gedir. Və ya Cümə məscidinin taleyi heç bizləri kütləvilik və mübarizlik haqqındakı illüziyalardan xilas olmağa yardım etmirmi? Bəlkə, Fatimeyi-Zəhra, ya Mir Tağı Ağa məscidlərinin taleyi haqda danışım???

Yoxsa dindar qardaşlarımız dini baxışları və qaydaları yalnız namaz, oruc, xüms, zəkat və həcc ziyarəti kimi qəbul edirlər? Məgər müqəddəs kitabımız zalımlara qarşı döyüşə çağırışı etmirmi? Bu barədə də düşünməyinizi çox istərdim. Mənə elə gəlir ki, ideoloji seçim olaraq islam və ya sosial islam təşkilatlanaraq xalq hərəkatına yaxın bir modeli ortaya qoymaq üçün bugünkü şərtlərə uyğun deyil.

Ardı var