“Ekspert rəyi açıq-aydın ortaya qoyur ki, imzalar məhz ona məxsusdur” - Yaqub Nəcəfli

ekspert-reyi-aciq-aydin-ortaya-qoyur-ki-imzalar-mehz-ona-mexsusdur
Oxunma sayı: 893

İş adamı E.Məmmədov övladının adına rəsmiləşdirdiyi şirkət və əmlakın qanunsuz yolla ələ keçirildiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən sahibkarın bir neçə ildir boşandığı həyat yoldaşı G.Məmmədli ilə məhkəmə çəkişmələri davam edir.

E.Məmmədovun sözlərinə görə, 2006-cı ildə Bakıda mənzil, 2013-cü ildən isə dartıcı və yarımqoşqular alaraq nəqliyyat-daşıma sahəsində fəaliyyətə başlayıb: “2016-cı ildə “İmaj Transport” MMC-ni iki yarımqoşqulu nəqliyyat vasitəsilə birlikdə satın aldım. Həmin ildən MMC-nin təsisçisi və direktoru özüm, keçmiş arvadım isə direktor köməkçisi oldu. MMC ilə paralel olaraq fiziki şəxs kimi fəaliyyət sahəsini genişləndirərək 6 ədəd yarımqoşqulu nəqliyyat vasitəsi əldə etdim. Həmin vasitələri 2020-ci ildə keçmiş arvadımın bilavasitə iştirakı və razılığı ilə “İmaj Transport” MMC-nin istifadəsinə verdik”.

Sahibkar bildirib ki, keçmiş arvadı birgə nikah dövründə adına alınan avtomobilləri və 2 otaqlı mənzili sataraq hazırda 3 filialı olan özəl uşaq bağçası qurub. G.Məmmədli onun bağçanın işinə müdaxiləsinə heç vaxt icazə verməyib, bununla belə, bağçanın təmiri üçün ondan 100 min manat pul alıb: “2020-ci ildə keçmiş arvadımın xəyanətini öyrəndikdən sonra ayrılmaq qərarına gəldik. Aramızda razılaşma əldə edildi ki, uşaqların üstün mənafeyi nəzərə alınaraq onlar atalarında qalsın, uşaq bağçaları G.Məmmədlinin, yaşadığımız mənzil və MMC-dəki pay isə oğlumuzun adına keçirilsin. Çünki övladlarım ana ilə qalmağı qəti inkar edirdilər. Bu əməliyyatların aparılması məqsədilə G.Məmmədli tərəfindən mənə 10 illik baş etibarnamə verildi. 2022-ci ilin əvvəlinə qədər bütün köçürmə əməliyyatları tamamlanaraq mənzil və MMC payı övladımın adına rəsmiləşdirildi. Həmin ilin may ayınadək G.Məmmədli şirkətdə direktor köməkçisi vəzifəsini tutub”.

E.Məmmədov deyir ki, razılaşmanı yerinə yetirib bütün əməliyyatları bitirdikdən dərhal sonra 04.04.2022-ci ildə etibarnamə G.Məmmədli tərəfindən birtərəfli qaydada ləğv edilib və o, 7-8 ay sonra məhkəməyə müraciət edib. Qadın sözügedən etibarnamə ilə aparılmış əməliyyatların ləğv edilməsini və oğlunun adına keçirilmiş əmlaklar da daxil olmaqla, mülkiyyətin yenidən bölüşdürülməsini istəyib. Məhkəmə də bu iddianı təmin edib: “Məhkəmə prosesində G.Məmmədli əməliyyatlardan xəbərsiz olduğunu, imzaların saxta olduğunu iddia etdi. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza imzaların G.Məmmədliyə aid olduğunu təsdiqlədi. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi cavabdehin xeyrinə olan bu ekspert rəyini bir kənara qoyaraq qərar çıxardı. Diqqətçəkən məqamlardan biri də odur ki, Apellyasiya Məhkəməsinin qərarının 25-ci bəndinin mətnində birbaşa yazılıb: “Təbii ki, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti kimin üçünsə anlaşılan görünməyə bilər”. Yəni məhkəmə öz qərarının anlaşılmaz görünə biləcəyini - çıxardığı qərarla eyni sənəddə özü etiraf edib”.

E.Məmmədovun hüquqi müdafiəsini tanınmış vəkil Yaqub Nəcəfli üzərinə götürüb. Bir sıra səs-küylü mülki və cinayət işlərində iştirakı ilə tanınan, Azərbaycan və Amerika Hüquqşünaslar Assosiasiyasının üzvü olan Y.Nəcəfli ekspertiza rəyinin məhkəmədə həlledici rol oynadığını bildirib: “Ekspert rəyi açıq-aydın ortaya qoyur ki, sənədlər üzərindəki imzalar məhz G.Məmmədliyə məxsusdur. Bundan əlavə, o, MMC-də direktor köməkçisi kimi bütün əməliyyatlardan xəbərdar olub, 2021-ci ildə isə oğlunun MMC-sinə kredit üçün öz adına olan mənzili notariusda şəxsən iştirak edərək girov qoyub. Bu faktlar onun iddia etdiyi “xəbərsizliyi” tam təkzib edir”.

Vəkil apellyasiya qərarındakı həmin etirafı da hüquqi cəhətdən qiymətləndirib: “Normal hüquqi mühakimədə məhkəmə öz qərarını “anlaşılmaz” adlandırmaz. Əgər qərar qanuna əsaslanırsa, izaha ehtiyac yoxdur. Bu ifadə göstərir ki, məhkəmə özü hüquqi əsas tapa bilməyib. Mülki Prosessual Məcəllənin tələb etdiyi əsaslandırma standartı pozulub - bu ədalətli məhkəmə araşdırmasının pozulmasından daha irəli gedən hüquqi absurddur”.

 

Y.Nəcəfli eyni zamanda Ali Məhkəmənin öz Plenum qərarını pozmasına da diqqət çəkib: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il tarixli məcburi qərarı açıq şəkildə tələb edir ki, tərəflərin birgə təsərrüfatının nə vaxt başa çatdığı dəqiq müəyyən edilsin. Bu işdə həmin tarix heç bir əsas olmadan 2020-ci il götürülüb - halbuki 2021-ci ildə iddiaçı öz adına olan mənzili övladının şirkətinə kredit üçün notariusda şəxsən girov qoyub. Bu, birgə iqtisadi fəaliyyətin davam etdiyinin birmənalı sübutudur. Məhkəmə öz Plenumunun məcburi göstərişini tətbiq etməyib - bu, kassasiya üçün ciddi hüquqi əsasdır”.

Vəkil İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə də istinad edib: “İHAM-ın formalaşdırdığı prinsipə görə ədalət mühakiməsinin həyata keçirilməsi ilə yanaşı, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bu işdə isə əksinədir - ekspertiza cavabdehin xeyrinə nəticə versə də, qərar iddiaçının xeyrinə çıxarılıb”.

Şikayətçi E.Məmmədov əlavə edib ki, hazırda Ali Məhkəməyə əlavə kassasiya şikayəti verilib. İcra mərhələsində ona ölkədən çıxış məhdudiyyəti qoyulub. O, G.Məmmədliyə qarşı tələbləri ilə bağlı dövlət qurumlarına dəfələrlə müraciət etsə də, effektiv cavab almadığını deyir. 

“4 ildir sürən bu proses 17 illik iş həyatıma böyük zərbə vurdu. Özgəninkiləşdirmə adlandırılan bütün əməliyyatlar öz övladımın adına keçib. O zamanlar ali təhsil alan, indi hərbi xidmətdə olan oğlum işinin başına dönənə qədər MMC-ni idarə edirəm. Mən razılaşmanı yerinə yetirdim - qarşı tərəf isə hər şey bitdikdən sonra, dağıtdığı ailəni bir də bu yolla vurdu”, - deyə sahibkar bildirib.

Aslan Vəliyev