Elektron siqaret qadağası ertələnir - Yaza qaldı

elektron-siqaret-qadagasi-ertelenir
Oxunma sayı: 1927

Elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişiklik edilir. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Cəmiyyətdə elə bir təsəvvür yaranmamalıdır ki, sanki elektron siqaretlərin qadağan edilməsi təşəbbüsləri fonunda ənənəvi siqaretlərin və ya alternativ tütün məmulatlarının istifadəsi təqdir və ya təşviq olunur. Bu, qətiyyən belə deyil! Çünki mövcud qanunvericilik aktları əhalinin sağlamlığının mühafizəsi məqsədilə istisnasız olaraq tütün və tütün məmulatlarının bir tərəfdən reklamını qadağan edir, digər tərəfdən də onların istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan maddələri özündə ehtiva edir.

Birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Məlumat üçün bildirmək istərdim ki, 3 komitənin birgə iclasından sonra yeni rejimə mərhələli uyğunlaşma ilə bağlı elektron siqaret bazarının iştirakçıları tərəfindən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə çoxsaylı müraciətlər daxil olub.

Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla, qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik. Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik.     

Elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər. Və bu tədbirlər ardıcıl və paralel olaraq sistemli maarifləndirmə işləri ilə müşayiət edilməli və tamamlanmalıdır. Eyni zamanda qanunun səmərəli icrasını təmin etmək üçün effektiv institusional mexanizm yaradılmalı, icraçı qurumların səlahiyyət və məsuliyyətləri dəqiq müəyyənləşdirilməlidir.   

Qanun layihəsinin ictimai maraqlara cavab verdiyini, vətəndaşların, xüsusilə də gənc və yeniyetmələrin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alaraq, onun 1-ci oxunuşda müzakirəsini və dəstəklənməsini məqsədəuyğun hesab edirik”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı