Belə ki, Ermənistanın cinayətkar prezidenti Serj Sərkisyan Türkiyə dövlət rəsmilərinin toplantıda iştirak etməməsindən sui-istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar yağdırarkən ittihamlarının cavabsız qalmayacağını bəlkə də ağlına gətirməmişdi.
Amma Azərbaycan prezidenti İlham Əliyevin onun iddialarını sərt və tutarlı arqumentlərlə cavablandırmaqla Azərbaycan və Türkiyə ictimai rəyində böyük rezonans doğuran mövqe nümayiş etdirdi.
Prezidentin düşmən ölkənin başçısına cavabı siyasi dairələrdə müsbət hadisə kimi qiymətləndirilib. İctimai rəy belədir ki, Əliyevin beynəlxalq tədbirdə açıq şəkildə Türkiyəni müdafiə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin dostluğa, qardaşlığa söykəndiyinin göstəricisi olduğunu bir daha sübut etdi. Eyni zamanda Azərbaycanın birinci şəxsinin işğalçı Ermənistanla bağlı çox sərt və açıq mövqe ortaya qoyması bu ölkəni Avropa ailəsində görmək istəyənlərə mesajdır.

“Qafqazinfo” xəbər verir ki, deputat Vahid Əhmədov modern.az saytına açıqlamasında Azərbaycan dövlət başçısının Türkiyə baş nazirinin olmadığı təqdirdə Ermənistan prezidenti Serj Sərkisyana verdiyi cavabı çox sərt qiymətləndirib: “İlham Əliyev bütün dünyaya faktiki olaraq elan etdi ki, Azərbaycanla Türkiyə bir yerdədir. Dağlıq Qarabağ məsələsində Türkiyə beynəlxalq aləmdə Azərbaycanı həmişə müdafiə edib. Prezident İlham Əliyev də açıq olaraq bəyan etdi ki, Azərbaycan həmişə Türkiyənin yanındadır və istənilən dövlət başçısı Türkiyəyə qarşı hər hansı etimadsızlıq göstərsə, xoşagəlməz hərəkətlər etsə, onun cavabını verməyə hazırdır”.

Parlament müxalifətinin təmsilçiləri də məsələyə təqdirlə yanaşıb. DİP sədri, deputat Asim Mollazadə bildirib ki, Türkiyə-Azərbaycan ittifaqı çox önəmlidir: “Bu birliyin təməlində Azərbaycan və Türkiyəni birləşdirən vahid dəyərlər durur. Hər iki ölkə məhz bu dəyərlər əsasında yaşayır. Azərbaycanın Türkiyə ilə iqtisadi, siyasi, strateji, nəqliyyat, enerji layihələrində yaxınlığı bölgədə yeni sistem formalaşdırır. Mən Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyana sərt cavab verməsini yüksək qiymətləndirirəm. Beynəlxalq tədbirdə Azərbaycan-Türkiyə birliyini vurğulamaq dünya ictimaiyyətinə də zəruri bir mesajdır.
Azərbaycan və Türkiyənin müttəfiqləri öz maraqlarından irəli gələrək ölkələrimizlə çoxşaxəli, ciddi əməkdaşlıq etməlidirlər. Prezident İlham Əliyevin çıxışı dünyanın diqqətini Ermənistanın millətçi, türk nifrəti ilə yaşamasına da yönəltdi”.

Ümid Partiyasının sədri, deputatı İqbal Ağazadənin fikrincə, Azərbaycan xarici siyasətdə daim uğurla irəlilədiyindən prezident İlham Əliyevin də sözügedən çıxışı çox təqdirəlayiqdir: “Türkiyə ilə strateji müttəfiqlik və İlham Əliyevin Azərbaycan torpaqlarını işğal edən bir ölkənin rəhbərliyinə verdiyi layiqli cavab baxımından çıxış alqışlanmalıdır. Bir ölkəni günahlandırarkən öz ölkəsinin də keçmişinə, yaxın tarixdə etdikləri vəhşiliklərə baxması da çox vacibdir. Ona görə də Serj Sərkisyana tutarlı cavabı alqışlayıram. Hesab edirəm ki, Türkiyə və Azərbaycan ortaq siyasətini davam etdirməlidir”.

BQB sədri, deputat Fazil Mustafa da İlham Əliyevin çıxışını müsbət qarşılayıb: “Bu, Türkiyə ilə Azərbaycanın maraqlarının hədəflərinin bir-birinə yaxın olması mesajını dünya ictimaiyyətinə çatdırır. Türkiyə Azərbaycanın mənafeyini beynəlxalq tribunalarda necə müdafiə edirsə, Azərbaycan da eyni qardaşlıq və səmimiyyətlə bu addımı atır. Prezident İlham Əliyevin bu addımı çox yüksək bir jest və davranışdır. Bu, həm də bir ənənənin davamıdır. Prezident İlham Əliyev gözlənilən addımı atdı. Türkiyə cəmiyyəti də bunu yüksək qiymətləndirir və gələcəkdə də bu tendensiya davam etdirilməlidir”.
Parlamentdən kənar müxalifət partiyaları da dövlət başçısının mövqeyini təqdirlə qarşılayıb.

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu ölkə başçısının sərgilədiyi mövqeni təqdir etdi: “Təbii ki, milli maraqlara xidmət edən bütün çıxışları təqdir edirik. Biz ümummilli məsələlərdə həmişə dövlətçilik mövqeyindən çıxış etmişik. Dəfələrlə öz sənədlərimizdə də bəyan etmişik ki, istər Ermənistan-Azərbaycan münaqişəsi, istər ərazi bütövlüyümüzlə bağlı məsələlərdə milli maraqların təminatı Müsavat Partiyası üçün müqəddəs məsələdir. Burada heç bir güzəştdən söhbət gedə bilməz. Yalnız Azərbaycanın milli maraqlarına zidd münasibət sərgiləndiyi halda Müsavat ona qarşı çıxa bilər”.
M.Cavadoğlu dövlət başçısının Türkiyəyə qarşı ittihamlara qarşı çıxmasını da normal sayır: “Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Bu ölkənin də ümummilli maraqları Müsavat üçün prioritetdir. Qondarma ”erməni soyqırımı" məsələsinə münasibətdə də biz Türkiyənin yanındayıq".

ADP sədri Sərdar Cəlaloğlu deyir ki, bu, gün istər “genosid”, istər Ermənistan-Türkiyə məsələsi həm də Azərbaycanın məsələsidir: “Ötən əsrin əvvəllərində də türklərin ermənilərə qarşı apardığı mübarizə ermənilərin azərbaycanlılara qarşı apardığı genosid siyasətin qarşısını almaq məqsədi güdüb. Yaxud bu gün Türkiyə-Ermənistan münasibətləri ona görə pisdir ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Ermənilər bilirsinizmi "soyqırım"ı niyə qabardırlar? Türkiyə Azərbaycanı müdafiə etməsin. Türkiyəyə qarşı sərt ittihamların səbəblərindən biri də Türkiyənin Azərbaycanı birmənalı dəstəkləməsidir".
ADP sədrinin sözlərinə görə, bu baxımdan Azərbaycanın Türkiyəni açıq dəstəkləməsi təbiidir: “İlham Əliyev orda Türkiyə haqqında fikirlərə cavab verərkən Azərbaycanı qabardır, qətnamələrin yerinə yetirilməməsi, Ermənistanın cəzalandırılmamasından danışdı. Eyni zamanda bəyan etdi ki, əgər doğrudan da genosid faktı varsa, ermənilər gedib arxivlərə baxsınlar. Mən bir partiya sədri və vətəndaş olaraq İlham Əliyevin bu mövqeyini alqışlayıram. Biz strateji müttəfiq kimi hər addımda Türkiyənin maraqlarını müdafiə etməliyik. Bu, həm də bizim borcumuzdur. Çünki Türkiyə İlham Əliyev və Azərbaycan dövlətinin digər nümayəndələri olmayan yerdə Azərbaycanı ardıcıl və prinsipial şəkildə müdafiə edir.
Türkiyə rəsmiləri hansı məclisdə iştirak edirsə, ilk növbədə bizim problemləri qaldırırlar. Türkiyə Qarabağ problemini öz problemi kimi görür və qaldırır. Bizim də vəfa borcumuzdur ki, Türkiyə bizim problemi öz problemi olaraq gördüyü kimi biz də Türkiyənin bütün problemlərini öz problemimiz kimi qəbul edək”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə düşünür ki, ölkə rəhbərinin çıxışı Türkiyə-Azərbaycan strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin və baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri də yeni hərbi-siyasi ittifaq yaradılacağının göstəricisidir: “Bu da iki ölkə arasında əlaqələrin müxtəlif formalarının yaranıb inkişaf etməsinə kömək edir. Bütün bunlar gələcəkdə Türkiyə-Azərbaycan birliyinin yeni, daha mütərəqqi formalarının yaradılmasına gətirib çıxara bilər. Azərbaycan bir daha nümayiş etdirdi ki, beynəlxalq hadisələrdə dinamik rol oynamağa qadirdir. Eyni zamanda, beynəlxalq münasibətlərdəki ədalətsizlik və haqsızlığa qarşı səsini ucaltmağa hazır olduğunu göstərdi. Azərbaycan liderinin çıxışı Türkiyə və ümumilikdə türk dünyasının maraqlarının qorunması baxımından önəmlidir. Bununla yanaşı, Ermənistanın beynəlxalq aləmdə hay-küylə yaratmaq istədiyi imici dağıtmaq prizmasından Azərbaycan prezidentinin çıxışı çox böyük rol oynadı. Bunlar Türkiyə-Azərbaycan münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə dəlalət edir”.