“Emin Axundov iş adamıdır, gələ bilmir” dedi - Hakim etiraz etdi

emin-axundov-is-adamidir-gele-bilmir-dedi
Oxunma sayı: 5432

Rusiyada yaşayan məşhur iş adamı, Emin Axundovu hədələyib 3 milyon dollar pulunu və 10 milyonluq əmlakını əlindən almaqda ittiham olunanların məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Bu iş üzrə iki nəfər - Hikmət Vəliyev və Ramil Tağıyev mühakimə edilir. Xaricdən gətirilən Hikmət həbsdə, Ramil isə azadlıqdadır.

Cinayət işi barədə əvvəlki yazımızda ətraflı məlumat vermişdik. Mahiyyət ondan ibarətdir ki, Ramil əvvəlcə Emin Axundovu aldadaraq 870 min manatını ələ keçirib. Sonra Hikmət və Vüsalla birlikdə onu kriminal aləmdə tanınan “Lotu Quli”nin adından hədələyiblər. Axundova deyiblər ki, o, “Lotu Quli”yə 20 milyon dollar borcludur, pul çatmasa, ailə üzvlərinin sağlamlığına zərər dəyəcək. Bu təhdidlərdən qorxan Axundov onlara 3 milyon dollar pul və 10 milyon manatlıq əmlak verib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxslərə xüsusuilə külli miqdarda əmlak tələb etməklə hədə-qorxu gəlmə və xüsusilə külli miqdarda dələduzluq maddələri ilə ittiham verilib.

Emin Axundov ölkə xaricində olduğu üçün məhkəmədə iştirak etməyib. Onu nümayəndəsi, vəkil Esmira Tağıyeva təmsil edib. 

E.Tağıyeva müvəkkilinin xaricdə fəaliyyət göstərən iş adamı olduğunu xatırladıb, bu səbəbdən gələ bilmədiyini deyib. Xanım nümayəndə zərərçəkmişin tam səlahiyyətli nümayəndəsi qismində məhkəmə prosesində müvəkkilini təmsil edəcəyini, zərurət yaranarsa isə onun iştirakını təmin edəcəyini qeyd edib.

İşə baxan hakim Vüqar Quliyev məhkəmənin məhz zərərçəkmiş şəxsə qarşı törədilən əməllərə görə keçirildiyini deyib, bu səbəbdən onun prosesdə iştirakının zəruriliyini bildirib.

Hazırda həbsdə olan Hikmətin vəkili heç bir vəsatət qaldırmasa da, çöldəki müttəhim ilkin istintaqdan narazıdır. Ramilin vəkilləri müdafiə hüququnun pozulmasını əsas gətirərək işin məhkəmə baxışına verilmədən prokurora qaytarılmasını xahiş ediblər. Vəkillərdən biri “Lotu Quli” ilə bağlı məsələyə də toxunaraq Ramilin bu söhbətdə iştirakını təsdiq edən sübutun olmadığını deyib.

Müdafiə tərəfinin bu vəsatətinə zərərçəkmişin nümayəndəsi Esmira Tağıyeva etiraz edib. O, müdafiə hüququnun pozulmadığını, bunun vəsatət qaldıran vəkilin özünün imzaladığı sənədlərlə təsdiqləndiyini məhkəmənin diqqətinə çatdırıb. Nümayəndə vəsatətin əsasıs olduğu üçün təmin edilməməsini xahiş edib.

Emin Axundov isə Ramilin də elə ilk iclasda həbs edilməsini istəyib. Onun nümayəndəsi bu barədə vəsatət qaldırıb, Ramilin istintaqdan yayınma, yer dəyişdirmə və şahidlərə təsir imkanı olmasını əsas gətirərək həbsdə saxlanılmasını xahiş ediblər.

Maraqlıdır ki, eyni statusda olan müttəhimlər də bir-birinə qarşı çıxır. Hikmət də zərərçəkmiş tərəf kimi Ramilin həbsində maraqlıdır, onun vəkili sonuncu vəsatətin təmin edilməsini istəyib.

Tərəflər bir neçə vəsatət qaldırsa da, məhkəmə heç birini təmin etməyib. İbtidai istintaqda kobud qanun pozuntularına yol verilmədiyindən iş məhkəmə baxışına verilib.

Əsas iclas oktyabrın 29-u keçiriləcək.

Qeyd edək ki, Rusiyadakı “Peton Holding”in təsisçilərindən olan Emin Axundov müxtəlif vaxtlarda gündəmə gəlib. Sonuncu dəfə onun adı Rusiyadan Bakıya çamadanlarla pul daşıması ilə hallanıb. Həmin xəbərdə deyilir ki, o, Ufa şəhərindən Bakıya ağzına qədər pulla dolu çamadanlarla gedir.

Sail Ağasəlim