Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-ü COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Rusiyanın maarif naziri Sergey Kravtsov ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib.
Daha sonra qonaqlar Bakı şəhəri 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, əsası 1897-ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989-cu ilə qədər məktəbdə təhsil yalnız rus dilində aparılıb.
Qeyd olunub ki, görkəmli ictimai xadim, Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakov da sözügedən məktəbdə təhsil alıb.