“Qafqazinfo”nun məlumatına görə, öz vətəninizə xoş gəlmisiniz deyərək qonaqlara müraciət edən millət vəkili Qənirə Paşayeva filmin Azərbaycanda ilk Türkiyə filmi qalası olduğunu xatırladaraq bundan hər bir azərbaycanlının məmuniyyət duyduğunu və bu cür qalaların bundan sonra daha çox olacağına inandığını dedi. Görüşdə yaradıcı heyətə belə bir vacib və əhəmiyyətli mövzu ilə bağlı film ərsəyə gətirdiklərinə görə təşəkkürünü bildirən Qənirə Paşayeva bu mövzuya aid çəkilən filmlərin insanlığa bir mesaj göndərdiyini söylədi :
“Nə qədər belə BAHARLAR olub və bu gün də var. Bu film Baharları qurban etməyək deyə cəmiyyətə ciddi mesaj verir. Qadın hüquqlarını qorumaq, zorakılığa qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Mən bu mövzuya müraciəti kişilər edəndə daha çox sevinirəm. Çünki bu çox vacib və əhəmiyyətlidir.” Görüşdə millət vəkili Musa Qasımlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova, Türkiyənin Azərbaycandakı səfirliyinin kültür müşaviri Seyidahmet Arslan da iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizə daha da artmalıdır, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Bu mövzuda bu cür filmlərin çəkilməsini təqdirəlayiq bir hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva: “Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə… Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik”, – deyə millət vəkili qeyd edib.
Özünü doğma evində hiss etdiyini bildirən müğənni-aktyor Emrah Erdoğan rejissor və ssenari müəllifi kimi ilk işini Bakıda da təqdim etməyindən məmnun olduğunu və filmlə bağlı deyilən bütün xoş sözlərə öz təşəkkürünü bildirib. O, bildirib ki, bu film üzərində uzun müddət idi ki, düşünür və işləyirdi və o hesab edir ki, bu mövzuda filmlərin daha da artmasına böyük ehtiyac var. Qadına qarşı bütün növ zorakılığa çox mənfi baxdığını deyən Emrah Erdoğan qadın və ya kişi olmasından asılı olmayaraq hər bir kəs bu hallara qarşı mübarizə aparmalıdır və mən də bu işə bu filmi çəkməklə öz töhvəmi vermək istədim deyib. Azərbaycanı çox sevdiyini deyən Emrah Erdoğan Bakının surətlə inkişaf etdiyini, gözəlləşdiyini deyərək Azərbaycanın uğurlarına sizin qədər biz də sevinirik deyib. O, Azərbaycanın bu mövzuya böyük diqqət verməsinin və bu istiqamətdə ciddi addımlar atmasından məmun olduğunu da vurğulayıb. Filmin yaradıcı heyəti Azərbaycanda yüksən səviyyədə qarşılanmalarından, hər kəs tərəfindən sevgi ilə əhatə olunmalarından və özlərini öz evlərindəki kimi hiss etmələrindən və bu cür duyğunu başqa heç bir yerdə yaşamamalarından danışaraq filmin Azərbaycanda seviləcəyinə ümidvar olduqlarını bildiriblər.