Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib.
“Qafqazinfo” xəbər verir ki, o, Beştəpədəki Prezident Administrasiyasında rəsmi mərasimlə qarşılanıb.
Mərasimdən sonra Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirib, həmçinin Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasına sədrlik ediblər.
Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, hərbi və humanitar sahədə əməkdaşlıq, eləcə də regional və qlobal proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb. İclasın sonunda iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra yeni əməkdaşlıq sənədləri imzalanıb, dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.
Qeyd edək ki, qarşılanma mərasimində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım və nazirlər kabinetinin üzvləri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər