“Ərəb baharı”ndan “fransız yayı”na

ereb-baharindan-fransiz-yayina
Oxunma sayı: 2281

Fransa “Beşinci respublika”nın elan edildiyi vaxtdan – 1958-ci ildən keçən 65 il ərzində özünün ən ağır, ən böhranlı dövrünü yaşayır. Ölkənin həm xarici, həm də daxili siyasətdə “uğursuzluq zolağı”ndan çıxa bilməməsi, istisnasız olaraq Fransa cəmiyyətinin və Avropanın probleminə çevrilmiş, ölkəni bank meneceri kimi idarə etmək iddiasından əl çəkə bilməyən Emmanuel Makronun aşırı səriştəsizliyi, hikkə və qəzəbi ilə bağlıdır.

Makronun hakimiyyətə gəlişindən sonra, birbaşa onun təşəbbüsü ilə qəbul olunan “Terrorizmlə mübarizə” və “Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi” ilə bağlı qanunlar ölkədə sözün əsl mənasında polis diktaturasının təşəkkül tapmasına zəmin yaradıb, irqçilik, ksenofobiya və islamafobiya zəminində polis, jandarm və penitensiar xidmət əməkdaşlarının iştirakı ilə baş verən cinayətlərin sayını son 10 ilin ən yüksək həddinə çatdırıb. Emmanuel Makronun ilk dəfə Fransa Prezidenti seçildiyindən cəmi bir il sonra polis, jandarm və penitensiar xidmət əməkdaşlarının, əsasən irqçilik və islamafobiya zəmninində yol verdiyi zorakılıq halarının müvafiq ardıcıllıqla 56,3%, 13% və  18,9% artması problemin mərkəzi hakimiyyətdən qaynaqlandığını sübuta yetirir. 2019-cu ilin rəsmi statistik göstəricilərinə görə, polisin peşə etikasını pozması ilə bağlı şikayətlərin sayı 5 dəfə artıb. Yenə də 2019-cu ildə polis əməkdaşlarına qarşı qəsdən zorakılığa görə 868 cinayət işi qaldırılıb. 2020-2022-ci illərdə isə bu qəbuldən olan cinayət işlərinin sayında 41% artım qeydə alınıb. Qeyd edim ki, polis zorakılığının qurbanı olmuş şəxslərin böyük əksəriyyəti qanunvericilik və bürokratik maneələr səbəbindən öz hüquqlarını müdafiə edə bilmirlər. Bu isə o deməkdir ki, real göstəricilər, dövlət qurumlarının və hüquq müdafiə təşkilatlarının açıqladığı rəqəmlərdən dəfələrlə çoxdur.

“İnsan haqları”, “söz və ifadə azadlığı” ilə bağlı ritorik bəyanatlarıyla bütün dünyanın zəhləsini tökən Makronun hakimiyyətə gəlişindən ən çox “nəsibini alanlar” arasında media nümayəndələri də üstünlük təşkil edir. Avropa Jurnalistlər Federasiyasının Baş katibi Rikardo Quterresin açıqladığı məlumata görə, 2019-cu ildə Fransada 200 jurnalist polis zorakılığına və təhdidlərinə məruz qalıb.

Makron hökumətinin 2021-ci ildə medianı basqı altında saxlamaq məqsədilə parlamentin hər iki palatasında qəbuluna nail olduğu “Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi” haqqında qanun isə rəsmi Parisə Fransada media üzərində polis senzurası yaratmağa imkan verib. Sözügedən qanun sonradan müəyyən dəyişkiliyə məruz qalsa da, polis orqanlarına müstəqil reportyorların və xəbər kanallarının çəkdikləri materiallara baxmaq, onların yayımını dayandırmaq imkanı verir. Yəni istənilən polis nəfəri “mənim şəklimi, yaxud video görüntümü mənə ziyan vermək üçün lentə almısan” iddiası ilə medianın işinə müdaxilə edə bilər.

Qeyd edim ki, məhz bu qanunun verdiyi “səlahiyyətlər” səbəbindən bu ilin yanvar ayından etibarən Fransada keçirilən dinc etiraz aksiyalarında yüzlərlə jurnalist polisin təzyiqinə məruz qalıb. Onların bir qismi kütlənin gözü qarşısında amansızlıqla döyülüb, üzərilərinə gözyaşardıcı qaz sıxılıb, hətta boğulmaya məruz qalıblar.

Bütün bunlar Fransa tarixinin ən uğursuz siyasətçisinin hakimiyyətə gəlişindən sonra yaşananların gün işığına çıxan hissəsidir. Fransa, sözün əsl mənasında idarəedilməz hala gəlib və bu ölkədə dövlət böhranı yaşanır. Sahibkarlar öz mülkiyyətlərini qorumaq məcburiyyətində qalıblar. Çünki Makronun öz hakimiyyətini qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polisi, yalnız irqi və dini zəmində zorakılığı, günahsız insanları qətlə yetirməyi bacarır. Təssəvür edin, 2022-ci ildə Fransa polisi, mütləq əksəriyyəti afroamerikalı və ərəb mənşəli Fransa vətəndaşlarından ibarət olan 13 nəfəri 17 yaşı Naeli öldürdükləri kimi qətlə yetirib. Rəsmi statistikaya əsasən, 2017-ci ildən, yəni Makronun hakimiyyətə gəldiyi vaxtdan keçən dövr ərzində polis tərəfindən sükan arxasında qətlə yetirilən silahsız şəxslərin sayı 5 dəfə,  hüquq müdafiəçilərinin araşdırmalarına görə isə 350% artıb. Bütün bunlar, heç bir əsas olmadan, Azərbaycan ərazilərindəki separatçıların “yol” dərdini çəkən, Cənibi Qafqazda sülhün bərqərar olmaması üçün dəridən-qabıqdan çıxan Emmanuel Makronun ölkəsində yaşanan irqçilik, ksenofobiya və islamafobiya zəminində baş verən cinayətlərin, açıq mənbələrdən əldə edilməsi mümkün olan statistik göstəriciləridir. Məşhur Azərbaycan məsəlində deyildiyi kimi, Emmanuel Makron “özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Və erməni təxribatından qaynaqlanan istənilən insidentə görə üzərimizə bir sıra urvatsız beynəlxalq təsisatlar vasitəsilə çamur yağıdıran həmin bu Makron artıq 3 ildir ki,“Reporters Sans Frontières” (“S  ərhədsiz reportyorlar”) , “Amnesty International” (“Beynəlxalq Amnistiya Təşkilatı”) və “Human Rights Watch” da daxil olmaqla 5 beynəlxalq qeyri-hökumət təşkilatının iqrçilik, ksenofobiya və islamafobiya ilə bağlı Fransa hökumətinə qarşı qaldırdıqları iddiaya münasibət birdirmək belə istəmir. Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə baş komissarının Fransa hökumətinə irqçilik və irqi zəmində ayrı-seçkilik problemlərinin həlli ilə bağlı çağırışına rəsmi Paris saymazyana “hüquq-mühafizə orqanları tərəfindən irqçilik və ya sistematik ayrı-seçkiliyə yol verilməsi ilə əlaqədar ittiham tamamilə əsassızdır” cavabını verir. Amma eyni komissarlığın adı kimsəyə bəlli olmayan hansısa eksperti Azərbaycana qarşı hər hansı bir mülahizə səsləndirəndə Makron adminstrasiyasının görəvliləri, Fransa parlamentinin deputatları “xüsusi ittiham” qaydasında çıxış etmək üçün növbəyə dayanırlar.

Artıq bir neçə ildir ki, paytaxt Paris də daxil olmaqla Frasanın əksər şəhərləri kütləvi etiraz və qarşıdurmaların, qarət və soyğunçuluqların “mərkəzi”nə çevrilib. Təkcə son 2 gün ərzində yandırılan nəqliyyat vasitələrinin sayı 3500-dən çoxdur. 300-dən supermarket dağıdılıb, yüzlərlə mağaza, bank qarət olunub, vətəndaşların şəxsi mülkiyyətinə külli misdarda ziyan dəyib... Fransa və Avropa ölkələri eyni ixtişaşları ərəb ölkələrində təşkil edəndə, onminlərlə insanın ölümünə, milyonlarla günahsız şəxsin qaçqın və köçkün düşməsinə, xaosa, özbaşınalığa, hərcmərcliyə “ərəb baharı” deyirdilər, indisə, Fransa şəhərlərinin alovlara qərq olmasını “cinayət” adlandırır, zirehli texnika və ağır silahlarla etirazçıların üzərinə yeriyirlər. Orta yaş həddi 17 olan etirazçıların üstünə Fransa polisi və jandarmının dişinə qədər silahlandırılmış xüsusi təyinatlıları göndərilir və Qərbdə heç kim baş verənlərin “fransız yayı” olduğunu dilə gətirmir. Maraqlıdır, görəsən indi Emmanel Makron Fransanın bir zamanlar Afrika ölkələrində yaratdığı diktator rejimlərinin başçılarından nə ilə fərqlənir? Yəqin ki, 6 ay ərzində Fransadakı erməni diasporunun rəhbərlərini Yelisey sarayında 3 dəfə qəbil etməsi, yaxud Papazyana zəng edərək hesabat verməsiylə... Bir də çox güman ki, ölkəsində qarşıdurmaların yaşandığı bir dövrdə Elton Conun konsertində əylənməsiylə... Vəssalam!

Makronun diktator hikkəsi göz qabağındadır. Sadəcə bu hikkəni reallığa çevirmək imkanı və potensialı yoxdur. Məşhur rus lətifəsində deyildiyi kimi, “istəyir, amma bacarmır”.

...Etirazçıların müqaviməti isə, çox güman ki, səngiməyəcək. Azərbaycan ərazilərində yaşayan bir ovuc erməniyə, heç bir əsas olmadan, şəxsi qəzəbi və hikkəsi səbəbindən “qahmar” çıxmaq üçün sivil dünya tarixində rast gəlinməyən hoqqalardan çıxan Makron, nədənsə fransızların hüquqlarının təmin  edilməsi barədə düşünmək istəmir. Hazırda Fransada 68 milyon insan yaşayır. Onların 19 milyonunu müxtəlif ölkələrdən gələn miqrantlar, xüsusilə də müsəlmanlar təşkil edir. Bu, ultramillətçi qüvvələrin önə çıxdığı, iqrçiliyin, islamafobiyanın tüğyan etdiyi bir ölkəyə yaxşı heç nə vəd etmir.

Bu ilin aprel ayında Fransada keçirilən sorğunun nəticələrinə görə, respondentlərin cəmi 26%-i Emmanuel Makrona etimad göstərir. Son bir neçə gündə baş verən hadisələrin təsiri də nəzərə alınarsa, Makronun reytinqi öz ölkəsində yerlə bir olmalıdır. Fransada Makron rejiminə münasibətdə kütləvi itaətsizlik nəzərə çarpır və ola bilsin ki, getdikcə dərinləşməkdə olan böhranın qarşısını, müvəqqəi də olsa yarıtmaz Emmanuelin istefası ala bilər.

Amma hətta Makronun istefası da onun uğursuz polis rejiminin son 6 il ərzində yaratdığı saysız-hesabsız problemlərin aradan qaldırıması üçün yetərli olmayacaq və bəlkə də yeni konstitusiyanın qəbuluna,  “altıncı respublika”nın elan olunmasına ehtiyac duyulacaq.

Elçin Mirzəbəyli