Erməniəsilli şəxs Xankəndidə terror cəhdi etdi - Saxlanıldı

ermeniesilli-sexs-xankendide-terror-cehdi-etdi
Oxunma sayı: 13045

Sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin insident törətmək cəhdinin qarşısı alınıb.

“Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, o, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.