Ermənilər beş rayonu geri qaytarsa… - Sonra nə olacaq?

ermeniler-bes-rayonu-geri-qaytarsa-
Oxunma sayı: 10737

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin suallarını cavablandıran zaman Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların mahiyyətini açıqlayıb. Nazir bildirib ki, hazırda Kazan sənədi müzakirə olunur və orada razılaşdırılmış prinsiplər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürə bilər.

Həmin sənəddə göstərilir ki, İrəvan Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndindən işğalçı qoşunlarını çıxarmalı, Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılmalıdır. Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar.

Kazan prinsiplərinin Azərbaycan tərəfi üçün nə dərəcədə məqbul variant olması ilə bağlı “Qafqazinfo” bir neçə deputat və ekspertdən münasibət öyrənib.

Millət vəkili Fəzail Ağamalı illər əvvəl Ermənistan tərəfinin müqavilənin imzalanmasına mane olduğunu bildirib. Deputatın sözlərinə görə, Kazan prinsiplərinin qəbul edilməsi bölgədəki münaqişənin həllində mühüm rol oynaya bilər, ancaq gərək kənar müdaxilələr olmasın:

“2011-ci ildə Ermənistan rəhbərliyinin göstərmiş olduğu qeyri-konstruktiv mövqe həmin danışıqların nəticələrini heçə endirdi və hər hansı bir nəticə vermədi. Düşünürəm ki, hazırkı şəraitdə məsələnin bu şəkildə qoyuluşu və bu cür həlli işğal olunmuş torpaqlarımızın geri qaytarılmasında çox mühüm bir addım ola bilər.

Prezident də qətiyyətli şəkildə mövqeyini ortaya qoyub ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır. Buna Dağlıq Qarabağ da aiddir. 6 rayon və Laçının 13 kəndinin azad edilməsi əgər realdırsa və Rusiya tərəfindən deyil, bitərəf sülhməramlı qüvvələrin müvəqqəti olaraq həmin əraziyə yerləşdirilməsi variantı ilə razılaşmaq olar. Bu, hər halda problemin həllində vacib rol oynayacaq. Bu ərazilər azad edildikdən sonra artıq bütün mənalarda üstünlük Azərbaycanın əlinə keçir. Buraya həm hərbi, həm psixoloji üstünlüklər daxildir. Bütün bunlar da Ermənistanın ağ bayraq qaldırmasına səbəb olacaq və bununla da problem öz həllini tapa biləcək. Hazırda bu variant sözün əsl mənasında stolun üstündədir və ermənilər tərəfindən hər hansı bir problem yaşanmasa, yenə də gecikdirilməsə, dəyərləndililsə, ölkəmiz üçün vacib nəticədir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə sülh yolunda addımın yalnız işğal altında olan torpaqlar geri qaytarıldıqdan sonra atıla biləcəyini söyləyib: “Ermənistan öz qoşunlarını Azərbaycanın işğal altında olan torpaqlarından çıxartmalıdır. Bu, bizim fikrimizcə, Minsk qrupunun ən əsas hədəfi olmalıdır. Ondan sonra real və inamlı danışıqlıqlar davam edə bilər. Hazırda işğalda olan torpaqlarımız qeyri-şərtsiz azad edilməlidir. Bu, danışıqların əsasıdır. Əvvəlcə rayonlar boşaldılmalıdır, ondan sonra danışıqlıqlar aparılmalıdır. Sülh istiqamətində addım yalnız Azərbaycanın işğal olunmuş bölgələri azad olunduqdan sonra atıla bilər”.

Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, 2011-ci ildə hazırlanmış Kazan sənədi Madrid prinsiplərinin bir az genişləndirilimiş halıdır. Yenə də birinci mərhələdə 5 rayon geri qaytarılmalı, daha sonra Kəlbəcər və Laçın azad olunmalı və kommunikasiya xətləri açılmalıdır. Sadəcə məsələ burasındadır ki, Ermənistan tərəfi bütün bu sənədləri, o cümlədən, Kazan prinsiplərini də gətirib status məsələsinə bağlayır:

“Edvard Nalbandyan və digərləri bu haqda fikir bildirərək diqqəti yayındırmaq istəyir. Ermənistan tərəfi hələ buna hazır deyil, çünki cəbhə bölgəsində biz öz gücümüzü göstərdik, bu, onlara əlavə təzyiq vasitəsidir. Ancaq inanmıram ki, onlar 6 rayonu qeyri-şərtsiz bizə verməyə hazır olsunlar. Çalışırlar ki, Dağlıq Qarabağın müstəqillik məsələsi referendumla müəyyənləşsin və konkret tarix irəli sürürlər. Buna da rəsmi Bakı heç bir halda razılıq verə bilməz.

Bundan başqa, ölkə başçısı da dəfələrlə qeyd edib ki, status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməlidir. Ancaq emənilər referenduma geniş baxırlar. Aydındır ki, referendumun nəticələri də onların istədiyi kimi olacaq. Bəzən bu məsələni bizdə səhv salırlar. Referendum keçirilərsə, Dağlıq Qarabağ ətrafındakı rayonlara qayıdan soydaşlarımız həmin referendumda iştirak edə bilməyəcək, çünki bu rayonların Dağlıq Qarabağa aidiyyatı yoxdur”.

Ekspert son olaraq qeyd edib ki, Kazan sənədinin qəbul edilməsi ikl baxışda gözəl görünsə də, gələcək üçün böyük təhlükələr vəd edir: “5 və ya 7 il sonra referendum keçiriləcək və biz üzərimizə beynəlxalq təminat götürdüyümüz üçün bu prosesə mane ola bilməyəcəyik. Biz ilkin şərt sürülmədən Qarabağ ətrafı rayonların boşaldılmasını istəyirik. Yox əgər ermənilər Moskvanın köməyilə sənədə referendum tarixi salmağa çalışıb bunu da bizə qəbul etdirmək istəyərlərsə, bizim üçün məqbul bir variant deyil. Elə bu səbəbdən də 22 ildir ki, danışıqlar bir nəticə vermir”.

Günel Hacı