Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul feysbuk hesabında paylaşım edib.
O bildirib ki, ötən gün ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.
Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
Qeyd olunur ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb və məsuliyyəti öz üzərində saxlamışdı.
Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar verib, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.