FA və FB

fa-ve-fb
Oxunma sayı: 745

Milyonlarla insan onun dünyasına pənah gətirib. Vaxt gələcək şüursuz körpələrdən savayı yer üzündə yaşayan bütün insanlar FB-də (və ya hansısa alternativ sosial şəbəkədə) toplaşacaqlar. FB də gerçək dünyaya bərabərhüquqlu dünya olacaq.

Günəş sönsə Yer kürəsində həyat sönər. Elektrik enerjisi kəsilsə, FB. FB-nin gerçək dünyadan əsas fərqi insanların azadlığındadı. Yığışan nevrozlar FB-də xırıd edilir. FB insanların şüurlu şəkildə, idarə edə-edə gördüyü yuxudu. FB-də nə dövlət var, nə ədalətsiz məhkəmələr. Nə varlı var, nə kasıb. Hər kəsin öz əlidi, öz başı. Kimsənin kimsədən asılacaq işi yoxdu. Sevgilər də gerçək həyata adlayana kimi umacaqsızdı. Sekssiz, yorğan-döşəksiz. QİÇS-ə yoluxmaq qorxusu da yoxdu, donuz qripinə tutulmaq da. FB-də nə həbsxanalar var, nə cənnət adalar. Orada nə Dübay villaları var, nə torpaq, nə torpaq davası. Nə sərhədlər var, nə müharibələr. Nə işğalçı var, nə işğala uğrayan. Nə inqilab baş verir, nə üsyan olur, nə maşınlar yandırılır. Nə kimsə acından ölür, nə toxluğundan quduran var. FB-ni də gerçək dünyanın radioaktiv tullantıları, casuslarıdı korlayan.

FB göydü. İnsanlar quş. Uçan uçur. Qonmaq istəyən yerə qayıdır. Yerdən dərd-qəmlə yüklənib yenidən FB-yə qaçır, yükünü ənginliklərdən yerə boşaldır, yüngülləşib yaşamağa davam edir.

FB - bəşər tarixinin ən böyük kəşflərindən biri. FB olmasa on min illərlə yüklənmiş insanlıq partlar, tikə-tikə olardı.

FB ilk dəfə Platonun “Dövlət” adlı dialoqunda adını çəkdiyi “Utopiya”nın yeni adıdı (utopiya - yunan sözü. anlamı: - real həyatda mövcud olmayan mükəmməl məkan. Olmayan yer). XVI əsrin ingilis filosofu Tomas Morun 1516-cı ildə yazdığı “Utopiya”adlı əsərindəki adadır FB. İdeal cəmiyyət modelidir. İstənilən xalqın mifolgiyasında mövcud olan “ada”ların sonunda gerçəkləşə bilmiş virtual görüntüsüdür. Dünya getdikcə FB-ləşəcək. Orada FA-lara yer olmayacaq.

Bəs FA kim? FB-nin bağlanması təklifini irəli sürən FA? FA-nın insanlığa, bəşəriyyətə, tarixə, millətinə, ulusuna bir zərrəcə olsun belə, xeyri dəyibmi? FA FB-ni nədən sevmir? Axı FB azadlığın, ideal cəmiyyətin özüdü. Olmasa-olmasa, idarə olunan röyasıdı. FA kimilərə o ideal cəmiyyət gərək deyil, çünki onların çörəyi bataqlıdan, çirkabdan çıxır, ideal cəmiyyətdən deyil. Bu cəmiyyətdə kimə yıxılırsan yıxıl, əyilirsən əyil, girirsən gir,
qorxursan qorx - qarşılığında var-dövlət almayacaqsan. Onlar isə öz bataqlıq həyatlarında bir məna görürlər – varlanmaq. Yoxa çıxa-çıxa. Onlara azadlıq gərək deyil. İblisin köləsi olmaq azadlığı uğrunda savaşırlar.

FB insanların kölə tərbiyəsinin pozulduğu adadı. Bu adaya düşənlər gerçək, FA-ların at oynatdığı, atların ölüb itlərin bayram etdiyi məkana qayıdanda nəfəs ala, yaşaya bilmirlər. Çünki FB onların köləlik zəncirlərini qırır, ciyərlərini böyüdür. FA-ların kirlətdiyi dünyada böyük ciyərləri oksigenlə dolduracaq qaynaq qalmayıb. Onlar FA-ların nəfəsinin yayıldığı dünyada boğulurlar və FB-də qırılmış paslı zəncirlərini əllərinə alıb, FA kimilərini şallaqlayır, onları yer üzündən silməyə çalışırlar.

Buna görə də, FA FB-dən qorxur, onun qapısını açmaq belə ona dəhşət gəlir. Çünki ciyərləri köləliyin bataqlıq havasına köklənib. O, qorxur ki, araladığı qapıdan otağına FB-nin havası sızar, boğulub ölər. Lakin anlamır ki, onsuz da öləcək. FB isə... yer kürəsi günəş durduqca var olacağı kimi, elektrik olduğu sürəcə bağlanmayacaq. Şükür, dünyanın elektrik puçları FA kimilər növünün əlində deyil. Siz status və şərhlərinizdə hərf xətalarına fikir verin, yetər, arxiv materialları ilə tarix məşğul olar.