Fatimə sübut etdi ki, əlillik uğura gedən yolda əngəl deyil - Video

fatime-subut-etdi-ki-elillik-ugura-geden-yolda-engel-deyil
Oxunma sayı: 2174

Bir qız düşünün... Həyat eşqi sönməyən, daim irəliyə can atan... Həyatın əngəli belə ona əngəl yaratmayan qız. Mən ona gülən qız deyərdim. Başına gələnlər onun həyatını dəyiş də, heç vaxt üzündə bir məyusluq, qəmginlik əsla görməzsiz, həmişə gülür. Ömrünün ən dəhşətli anları, sizin gözünüzdə bir damla yaşa səbəb olsa da, o, öz məğrurluğunu qoruyaraq, həyata gülərək baxır....

Fatimə Cəfərova əlliyi olan minlərlə şəxsdən sadəcə biridir. Amma həyatla daim mübarizə aparır. Ayaqlarındakı problem belə onun həyatla ayaqlaşmasına əngəl törətmir. Deyir, insanın əngəli onun bədənində olan hansısa çatışmazlıq deyil. Əngəl sadəcə olaraq onun ailəsi ola bilər. Hansısa bir uğura imza atmaq üçün insanın güclü dəstəyə ehtiyyacı olur. Fatimənin həyatdakı ən böyük dəstəkçisi isə elə ailəsi olub. Daim onun arxasında dağ kimi dayanan atası Cəfər bəy, hər addımını dəstəkləyən onun yol yoldaşı olan anası Məhəbbət xanım…

Valideynlərindən sonra ilk dəstəkçisi Kamilə müəllimə olub. Fatimə bu yerə gəlməyinə görə Kamilə müəlliməsinə xüsusilə təşəkkür edir. Yalnız o Fatimədə olan potensialı fərq edərək önə çıxarıb...

Fatimə deyir ki, bir uğura imza atmaq üçün sadəcə istəmək və mübarizə aparmaq kifayətdir. Hər şeydən bixəbər, gözlərindəki kədəri üzündəki təbəssümə gizlədən Fatimənin həyat hekayəsi, elə  həyatla mübarizəsi də belə başlayır. Bir-birinin ardınca atdığı qətiyyətli addımlar onu uğura aparır. O bir gün deyil, həyatı boyunca ümidin, sevginin, mərhəmətin, gücün adı oldu...

Fatimənin həyatla savaşı doğulduğu gündən başlayıb. Naxçıvan şəhərində 6 aylıq doğulan qızcığaz uzunsürən müalicələr sayəsində həyata tutunub. İstər paytaxtda, istərsə də, ölkədən kənarda aparılan saysız hesabsız müalicələr Fatimənin ayaqlarına dərman olmayıb. Qaçmağı, gəzməyi çox sevən balaca qızcığaz iki təkərli bu ömür-gün yoldaşına məhkum olub. Amma bu da heç vaxt onun həyatına mane yaratmayıb. Məktəbə getməyi, oxumağı, sosiallaşmağı çox sevdiyi üçün təhsildən yayınmayıb.

Hətta 2018-ci ildə məktəbi müffəviqiyyətlə başa vurub və eyni ildə BDU-nun Sosial Elmlər fakültəsinin psixologiya bölümünə daxil olur. Fatimə universitet dövründə hər zaman xüsusi diqqət və qayğıya ehtiyyacı olan insanların dəstəkçisi olan Leyla xanım Əliyevanın diqqətindən də öz payını alıb. Leyla xanım Fatimənin təcrübə və gələcək planları ilə yaxından maraqlanıb. 2023-cü ildə BDU-nu məzun olaraq fərqlənmə diploma ilə bitirir və fəaliyyətinə onlayn davam edir. Əlilliyi olduğu üçün özü kimi insanlara işıq qapısını aşılamaq və cəmiyyətə inteqrasya etməyə çalışır. Həyatın hər şeyə rəğmən gözəl olduğunu anlatmaq istəyir.

Fəaliyyəti dövründə 2024-cü ildə müəlliməsi, BDU Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova ilə birlikdə “obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri və aradan qaldırılmasında psixoterapiya metodlarının rolu" adlı nəzəri-praktik təlim, 2025 ci ildə “fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” adlı nəzəri-praktik təlimin müəllifi olub. Fatimə bir daha sübut etdi ki, bu həyatda əlillik uğura gedən yolda əngəl deyil...