FHN bu gün 2 təlim keçirdi - Video - Yenilənib

fhn-bu-gun-2-telim-kecirdi
Oxunma sayı: 620

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən “The Baku Group LTD” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edildiyi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, yanğınxəbərverici siqnalizasiya qurğusunun nasaz olduğu və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda sakinlərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

***

FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “SOCAR Polymer”in Sumqayıt şəhərində yerləşən Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodunun ərazisində “Açıq texnoloji qurğularda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri ilə yanaşı, Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinin şəxsi heyət və texnikası cəlb olunub.

Təlim zamanı Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodunda baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “yaralıların xilas edilməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, təlimə nazirliyin ümumilikdə 7 ədəd texnika və 52 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.