FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi - Fotolar

FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi
Oxunma sayı: 750

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib. 

“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışla əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə bölmələri ilə birgə Bakı şəhəri Nizami, Xətai və Suraxanı Rayon Yanğından Mühafizə hissələri, 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri, habelə təcrübə keçmələri məqsədilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 4-cü kurs müdavimləri cəlb olunub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.