“Game of Thrones” serialında “İqrit” obrazı ilə tanınan aktrisa Rouz Leslinin uşaqlığının keçdiyi tarixi Liklihed qəsri satışa çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Şotlandiyanın Aberdinşir bölgəsində yerləşən XVI əsrə aid mülkün qiyməti 1,15 milyon funt-sterlinq (təxminən 1,5 milyon dollar) olaraq müəyyən edilib.
Məlumata görə, 4,45 hektar ərazidə yerləşən dördmərtəbəli qəsrin ümumi yaşayış sahəsi 511 kvadratmetrdir. Burada səkkiz yataq otağı, geniş qonaq və yemək zalı, şəxsi ibadətgah, müasir mətbəx, həmçinin üç yataq otaqlı ayrıca kottec və geniş bağ sahəsi mövcuddur.
Qəsrin ən qədim hissəsi 1580-ci ilə aiddir, əsas tikili isə XVII əsrdə tamamlanıb. Tarixi memarlıq xüsusiyyətlərini qoruyub saxlayan binada daş spiral pilləkənlər, taxta tavanlar, taxta panelli divarlar və dekorativ kaminlər bu gün də qalmaqdadır.
Liklihed qəsri əsrlər boyu Lesli ailəsi ilə əlaqəli olub. “Press and Journal” qəzetinin məlumatına görə, əmlak 2019-cu ildə aktrisanın atası Sebastian Leslidən girov proseduru nəticəsində alınaraq hazırkı sahibinə 650 min funt-sterlinqə satılıb. İndi isə “Savills” daşınmaz əmlak agentliyi vasitəsilə yenidən bazara çıxarılıb.
Rouz Lesli uşaqlığının bir hissəsini bu qəsrdə keçirsə də, ailəsinin əsas iqamətgahı yaxınlıqdakı Uordhill qəsri olub. Aktrisa həmkarı və həyat yoldaşı Kit Harinqtonla da məhz həmin qəsrdə evlənib.
Hazırda Liklihed qəsri kənd turizmi və istirahət məkanı kimi kommersiya məqsədilə istifadə olunur. Buradakı otaqların hər biri fərqli dizayna malikdir və bəziləri vaxtilə qəsrə sahib olmuş ailələrin şərəfinə adlandırılıb.



Son xəbərlər
Son Xəbərlər