Azər Qismət
Yox, qalxmayacaq. Çünki gəncəlilər qədər tarixi hadisələri yaşayan ikinci şəhər olmayıb. Bu şəhərin başına elə hadisələr gəlib ki, icra başçısı hadisəsinə görə dövlətçiliyin əsaslarını laxladan deyillər. Bunu mən demirəm. Bunu tarixi hadisələr söyləyir. Tarixə nəzər salanda aydın olur ki, gəncəlilər yalnız şəhər təhlükədə olanda ayağa qalxıblar, ölüm-dirim mübarizəsi aparıblar. Həmin hadisələri yada salaq.
1.VII əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında ərəblər tərəfindən dağıdılıb. Gəncəlilər ayağa qalxıblar, nəticədə VII əsrin sonlarında xəzərlərlə ittifaqa girərək ərəblərlə döyüşə atılıblar.
2. 1086-cı ildə Səlcuq hökmdarı 1-ci Məlikşah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərib. Gəncəlilər ayağa qalxıblar. Çünki şəhərlərini kiməsə təslim etmək istəməyiblər. Lakin az qüvvə öz rolunu oynayıb. Qan tökülüb, yüzlərlə gəncəli həlak olub. Səlcuqlar şəhəri alsalar da, gəncəlilərin şəhərlərini qorumaq uğrundakı mübarizəsini unutmayıblar, hətta kabus kimi yuxularına girib.
3. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalıb. Gəncəlilər təşkilatlanaraq düşmənə zərbələr endiriblər.
4. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrundakı mübarizəni daha da gücləndirib ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına – xanlıqlara parçalanıb. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar Gəncənin xanı (1740-1756) təyin edilib. Xanlığın mərkəzi Gəncə şəhəri olub. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785-1804) dövründə Gəncə xanlığı xeyli möhkəmlənib. Cavad xanın vaxtında gəncəlilərin istilaçılara qarşı əzmi güclənib. Şəhərdə düşmənə qarşı müqavimət hərəkatı yaradılıb. General-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarının qarşısını alan gəncəlilər böyük şücaət göstəriblər. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşıb, məğlubiyyətə uğrayıb. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yenidən yürüş edib. Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürülüb. Ancaq Sisianovun yüzlərlə əsgəri döyüş meydanında, şəhər küçələrində iylənib qalıb. Çünki bir gəncəli onların 3 əsgərinə bərabər sayılıb. Gəncəlilər istilaçılara qarşı elə şücaət göstəriblər ki, hələ də yaşlı insanlar babalarından eşitdiklərini fəxrlə danışırlar.
5. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin müvəqqəti paytaxtı olub. Azərbaycan Demokratik Respublikasının ömrünün 23 ay çəkdiyi yazılsa da (rəsmi şəkildə), 24-ci ayda Gəncədə Azərbaycan ordusunun hərbi paradı keçirilib. 1920-ci ildə Gəncədə bolşeviklərə qarşı üsyan başlayıb. Lakin qüvvələrin azlığı şəhəri xilas edə bilməyib.
6. 1993-cü ildə Surət Hüseynovun Gəncəni üsyan qərargahına çeviməsi şəhər sakinlərinin dəstəyini qazanmayıb. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, pokovnikin ətrafındakı 300 nəfərin hamısı özü ilə cəbhə bölgəsindən gətirdiyi əsgərlər olub. Şəhər sakinlərindən kimsə ona qoşulmayıb. Gəncəlilər burada hansısa oyunun getdiyini tez duyublar. Surət Hüseynovun haradan “navodka” aldığını yaxşı biliblər.
Bir sözlə, tarix həm də gələcək hadisələr üçün güzgüdür. Gəncəlilər yalnız şəhərləri düşmən istilasına məruz qalanda ayağa qalxıblar. Ayrı-ayrı lokal hadisələrə çox da əhəmiyyət verilməyib. Gəncəlilər günahkarı cəzalandırıb, lakin şəhərlərinin, sonradan ümumi dövlətçiliyin əleyhinə çıxmayıblar. Bilirsiz, şəhərliləri kəndlilərdən fərqləndirən əsas xüsusiyyət nədən ibarətdir? Yox, geyim-geçim deyil. Heç yerişləri, danışıqları da deyil. Şəhərlilərin kəndlilərdən bircə üstünlüyü onların soyuqqanlı duyumundadır: şəhərlilər küləyin haradan əsdiyini tez duyurlar.