Gəncədə itlərin güllələnməsi ilə bağlı açıqlama - Video

gencede-itlerin-gullelenmesi-ile-bagli-aciqlama
Oxunma sayı: 2049

Gəncədə küçə itlərinin güllələnməsi ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yaşlı kişinin şəhərin küçələrində itləri güllələməsi, digər bir şəxsin isə motosikletlə həmin heyvanların leşlərini toplaması iddia edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə küçədə heyvanlara atəş açılmasının insanlar üçün də təhlükəli ola biləcəyi qeyd edilib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun sözçüsü Gülnar Fazilqızı cavabında videodakı şəxsin icra hakimiyyətində və ya kommunal idarələrdə çalışmadığını bildirib: “Bu barədə bizə də məlumat daxil olub. Bildirmək istəyirik ki, tərəfimizdən küçə itlərinin vurulması ilə bağlı hər hansı göstəriş verilməyib. Gəncədə küçə heyvanları üçün sığınacaq mövcuddur. Həmçinin təkcə ötən ay şəhərimizdə 300-dək küçə iti qısırlaşdırılıb və peyvənd edilərək birkalanıb. Onlar daha sonra yaşadıqları yerə qaytarılıb”.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov isə açıqlamasında görüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparıldığını qeyd edib: “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.