Sənin günahındır...
Mənim ürəyimdə qəbir, çox qəbir
Bir sevgi nağlımın telləri ağlar.
Axır ki, üzümü səndən döndərib
Etdiyin günahlar yolumu bağlar.
Mənimçün ağırdır,
Ağırdan ağır,
Durub dözüm dərsi keçirəm hələ
Taleyin qisməti gözümə baxır,
Mən ondan utanıb durmuşam belə.
Sənin günahındır, sənin günahın.
Bir vaxt o mehr ilə xoşbəxt yaşayan
Aldanmış könlümü qınamıram heç.
Səni əzizləyən, səni oxşayan
Əlimi danlayıb qınamıram heç.
Özümü, sözümü daim axtaran
İntizar gözümü qınamıram heç.
Bizim aramızda vəfa, etibar...
Gözüm nə biləydi gözündə nə var,
Əlim nə biləydi əlində nə var,
Könlüm nə biləydi könlündə nə var.
Gözümün önündə gül-çiçək açan,
Zərif xəyal kimi üstümə qaçan.
O mələk sifəti gördüyüm anlar,
Aşkar həqiqəti gördüyüm anlar
Ürəyin ən qatı qaranlığında
Gizli xəyanəti necə görəydim?
Özgə məhəbbəti necə görəydim.
Doğrunun yanında əldə-ayaqda,
Sürünən yalanı necə görəydim?
Daş altda qalanı necə görəydim?
Səndən hayıf almaq istəmirəm yox,
İndi öz-özünü yandırsa ahın
Sənin günahındır, sənin günahın.
Yenə birdən-birə könlüm darıxdı,
Sinəmdə köz üstə külüm darıxdı...
İtirdim yolunu bir qibləgahın,
Sənin günahındır, sənin günahın.
Qəfil yoxluğuna necə inanım?!
O incə, o kövrək dəqiqələrin
Yalan olduğuna necə inanım?
Üşütdü könlümü andın, vallahın,
Sənin günahındır, sənin günahın.
Sevgiyə uzanan qolumu qırdın
Sənə qarşı gedən yolumu qırdın,
Sənin günahındır, sənin günahın.
Daha o şərbəti içməyəcəyəm
Sənin günahındır
batdın günaha!
Daha o cığırla keçməyəcəyəm,
Sənin məhəllənə baxmaram daha,
Yoluna, izinə çıxmaram daha.
Yəqin ki, dözərəm
Düzdüm bəlkə də...
Küskün anlarımdan küsdüm bəlkə də.
O xoş xatirələr göyə sovrular,
Sənin günahındır, sənin günahın.
Mənim həsrət boyu könlüm qovrular,
Sənin kor dumana düşər sabahın,
Sənin günahındır. Sənin günahın.
Son xəbərlər
Son Xəbərlər