Goranboyda sahibkarlara güzəştli kredit verilib

goranboyda-sahibkarlara-guzestli-kredit-verilib
Oxunma sayı: 820

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, okytabrın 22-də bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Goranboy rayonunda keçirilib. 100-dək sahibkarın və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, tərəvəzçilik, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

 Tədbir çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 631 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 70-dək yeni iş yeri açılacaq.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000 investisiya layihəsinin maliyyələşdirilməsinə 290 milyon manat güzəştli kredit verilib.