Qax və Zaqatala rayonlarında müşahidə olunan güclü külək bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, ən ciddi fəsadlar Qax rayonunun Marsan, Turaclı və Çüdülü kəndlərində yaşanıb.
Belə ki, güclü küləyin təsirindən çoxsaylı iri gövdəli ağaclar kökündən qoparaq aşıb, elektrik və rabitə dirəkləri zədələnib, naqillər qırılıb. Bəzi ərazilərdə qaz xətlərinə də ziyan dəyib.
Baş verən hadisə nəticəsində Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internet xidmətinin və təbii qazın verilməsində fasilələr yaranıb.
Güclü külək Zaqatala rayonunda da fəsadsız ötüşməyib. Rayonun müxtəlif ərazilərində ağaclar aşıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb.
Qax Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, güclü külək nəticəsində rayonun Qorağan, Turaclı, Marsan və Çüdülü kəndlərində 30-a yaxın ağac aşıb. Həmçinin 5 yardımçı tikili və mal tövləsinin dam örtüyünə ziyan dəyib.
Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər