1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Günaydın” Restoranlar şəbəkəsində şəhid ailələrinin övladları üçün xüsusi tədbir təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, uşaqlara sevinc bəxş etmək və onların bayramını unudulmaz etmək məqsədilə keçirilən bu təşəbbüs, həm də şəhid ailələrinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir.
Hər il olduğu kimi, bu il də şəhid övladları və onların ailələri ilə bir araya gəlmək, birlikdə olmaq məqsədilə təşkil olunan tədbirdə xeyli sayda iştirakçı bir araya gəlib.
Tədbirdə çıxış edən “Günaydın” Ət və Restoranlar Qrupunun təsisçi ortağı Cüneyt Asan şəhid ailələrinin hər zaman diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb:
“Bu Vətəni bizə əmanət edən, bayrağımızı yerə salmayan şəhidlərimizin övladları artıq bizim əmanətimizdir. Onlar bizim üçün bir nemət, bir şərəfdir. Bu can bu bədəndə olduqca, bu torpaqda nəfəs aldıqca, həm Türkiyə, həm də Azərbaycan olaraq bu bizim borcumuz, vəzifəmizdir. Və biz bu vəzifəni hər zaman yerinə yetirəcəyik.
Sadəcə ildə bir dəfə təşkil olunan bir səhər yeməyi, bir süfrə ilə kifayətlənmək olmaz. Şəhid övladlarımız üçün nə lazımdırsa, onu etməyə hazırıq. Gərəkirsə, onlar üçün bir sığınacaq, bir təhsil ocağı inşa edərik. Çünki onların haqqını ödəmək mümkün deyil. Vətən, bayraq, millət uğrunda canını verənlərin qarşısında bizim borcumuz heç vaxt ödənə bilməz.
Bu səbəbdən yaşadığımız müddətcə, bu müqəddəs torpaqlarda olduqca, şəhid övladları üçün əlimizdən gələn hər şeyi etməliyik. Bu, bizim həm insanlıq, həm də vicdan borcumuzdur”.
Cüneyt Asan çıxışı zamanı tədbirin təşkilində əməyi olan hər kəsə, təşəkkür edib:
“Bu mənalı tədbiri hər il təşkil edən, başda Arzu xanım olmaqla əməyi keçən hər kəsə səmimi-qəlbdən təşəkkür edirəm. Hörmətli xanımın zəhməti, əziyyəti çox böyükdür. Sonsuz minnətdarlığımı bildirirəm. Qısacası, bu tədbirə töhfə verən, zəhməti olan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.
Bu işdə bizim də az da olsa qatqımız varsa, özümüzü xoşbəxt, qürurlu və şərəfli sayırıq. Bir daha vurğulayıram ki, biz yaşadıqca “Günaydın” Ət və Restoranlar Qrupu olaraq şəhid ailələrinin və övladlarının hər zaman yanında olacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaşasın onların övladları, ailələri!
Yaşasın Azərbaycan!”
Daha sonra çıxış edən “Ələddin” MMC-nin icraçı direktoru və hüquqşünası Arzu Fərəcova tədbirin ideya və davamlılığı barədə fikirlərini bölüşüb:
“İllərdir ki, xeyriyyəçiliklə məşğulam. Xüsusilə 2020-ci ildən sonra şəhidlərimizin övladlarının, analarının, xanımlarının yanında olmağa çalışıram. Dəfələrlə bu istiqamətdə tədbirlər təşkil etmişəm. Ən azı ildə iki dəfə bu tədbirlərimiz baş tutur. Zəfər Günü münasibətilə də xüsusi tədbirlər keçiririk. Bu gün də ənənəmizə sadiq qalaraq şəhid ailələrinin yanındayıq və onlar üçün gözəl bir tədbir təşkil etmişik.”
Arzu Fərəcova əlavə edib ki, tədbirdə təxminən 200-ə yaxın şəhid övladı iştirak edir:
“Tədbirimiz 1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə keçirilir. Bu dəfə də təxminən 200-ə yaxın şəhid övladını bir araya gətirmişik və çalışmışıq ki, onlar üçün unudulmaz anlar, gözəl saatlar bəxş edək. Hədiyyələrimiz də var və bu tədbir bizim üçün çox önəmlidir.
Mən hər zaman demişəm və bir daha bildirirəm. Nə qədər ki, həyatda varam, əlimdən gəldiyi qədər şəhid ailələrinin, övladlarının, analarının yanında olacağam. Bu mənim vətəndaşlıq borcumdur. Özümə bu işi bir vəfa borcu sayıram. Çünki biz bu gün alnıaçıq, üzüağ yaşayırıqsa, bunu ilk növbədə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq”.
Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib və onlara bayram sevinci yaşadılıb.



