Gürcü milyarder siyasətə qayıtdığını açıqlayıb

gurcu-milyarder-siyasete-qayitdigini-aciqlayib
Oxunma sayı: 4558

Milyarder, Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili siyasətə qayıtdığını açıqlayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə şənbə günü hakim “Gürcü arzusu” partiyasının qurultayında bildirib.

Onun sözlərinə görə, bu qərar “ölkə qarşısında duran bir çox çağırışlarla” bağlı verilib.

 “Gürcüstan üçün əsas milli məqsədlər ölkənin suverenliyinin bərpası və birləşməsi, Avropa İttifaqına inteqrasiyası olaraq qalır”, - deyə o bildirib.

Qeyd edək ki, İvanişvili 2021-ci ilin yanvarında siyasətdən getmək qərarını açıqlayıb.

Milyarder 2011-ci ildə siyasətə qədəm qoyub, 2012-ci ildə ölkədə keçirilən parlament seçkilərində qalib gələn “Gürcü arzusu” partiyasını yaradıb. Siyasətçi 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər Baş nazir postunu tutub. 2000-ci illərin ortalarından bəri o, planetin ən zəngin insanlarından biri kimi müntəzəm olaraq “Forbes” siyahısına daxil edilib.