Gürcülərlə bizim içimizdəki (İçəri) şəhərin fərqi –III Yazı

gurculerle-bizim-icimizdeki-iceri-seherin-ferqi-iii-yazi-
Oxunma sayı: 825

Su üzərində mirvari

Şəffaf güzgü parçalarından ibarət, möhtəşəm bir mirvari qabına bənzəyirdi Tiflisin yeni körpüsü. Gecə körpü işıqlara qərq olur, tamamilə güzgü və rəngli şüşələrdən ibarət olduğu üçün də bu işıqlar körpüyə başqa bir yaraşıq verir. Bizə danışdılar ki, Saakaşvili körpü istifadəyə verilən gün burda “Fashion Moda”- nın nümayişini təşkil edib. Bütün dünyadakı moda kanalları da nümayişi canlı yayımlayıb. Körpüdən Tiflisin dörd bir tərəfi ovuc içi kimi görünürdü. Dağ başındakı Narınqala əzəmətlə boylanırdı. Gürcülər Narınqalaya xaç taxmışdılar. Amma üzərindəki ornamentlər “mən türk qalasıyam” deyə üsyan edirdi.

Yeni Prezident Sarayı

Körpüdən həmçinin Gürcüstan prezidenti Saakaşlvilinin inşa etdirdiyi yeni Prezident Sarayı da görünürdü. Bizə anlatdılar ki, gürcülər bu sarayı tikdirdiyi üçün xeyli sayda etiraz aksiyaları keçiriblər. Xalqın vəziyyətinin bu qədər ağır olduğu bir dönəmdə belə böyük bir məbləğin Prezident Sarayının inşasına sərf edilməsi xalqda hiddətə səbəb olub. İraq bizdən...


Gecələr qabaran Məryəm ana şəkli

Tiflisin küçələrini gəzdikcə sərin meh burnumuza yanmış parafin qoxusunu gətirir. Bu şəhərdə o qədər kilsə var ki, hər yerə yanmış şamın rayihəsi yayılır. Kilsələr də fərqlidir. Sionist, erməni, provaslav kilsələri, sinaqoq və sair...

Əslində məni ən çox heyrətləndirən sionist kilsəsindəki Məryəm ana rəsmi oldu. Divara cizilən şəkil gecələr önə doğru qabarırmış. Qeyri adi qüvvələrə inanmayan biri kimi bu olaya nə qədər çalışsam da anlam verə bilmədim. Qırmızı kərpicli sinaqoq isə müsəlman məscidinin yaxınlığında yerləşir. Əslində Tiflisi görəndən sonra əsl tolerantlığın nə olduğunu anladım. Burda müxtəlif dinlərin, təriqətlərin nümayəndələri tamamilə problemsiz yaşayırlar.

Erməni kilsəsi “Xrstin atası” və zirzəmidəki balıqlar

Kilsələrin birinə öz dilimzdə söhbətləşərək daxil olanda kiçik həyətdə dayanan keşiş bizə doğru gəldi. “Azərbaycanlısınzımı” deyə soruşdu. Çox böyük qonaqpərvərlik göstərdi. Kilsənin gizli bir zirzəmisi olduğunu anlatdı. Orda kiçik göl varmış, göldə də balıqlar. Bizim xahişimzdən sonra həmin gölü bizə göstərməyə razılıq verdi. Heyrətdəydik. Həqiqətən də kilsənin zirzəmisində divarlardan süzülüb gələn sudan yaranmış kiçik gölcük vardı, içində isə boyu 1 metrə çatan balıqlar üzürdü. Keşiş burda bəzən uşaqları xaç suyuna saldıqlarını anlatdı. Kilsədən çıxana qədər buranın erməni kilsəsi olduğunu anlamamışdıq. Küçəyə çıxanda qarşımız çıxan bir tanışdan bunu öyrəndik.


Türk məhəlləsi və İçəri Şəhər

Tiflisin türk məhəlləsi deyilən bir küçəsi var. Tiflisdə bütün dövrlərdə yaşamış Azərbaycan ziyalılarının çoxu bu məhəllədə yaşayıb. Elə indi də məhəllə sakinləri özümüznkülərdir. Məhəllənin küçəyə baxan eyvanları buta ornamenti ilə işlənib. Bir-birinə söykənən evlər Şəkinin köhnə evlərinə çox bənzəyir.
Tiflisin İcəri Şəhəri isə başqa bir aləmdir. Bizim İçəri Şəhər kimi divarları qaşınıb ağardılmadığından əsrarəngiz bir görkəmi var. Xalça, antik əşya dükanları sıra ilə düzülüb. Tarixin izinə burda tamamilə toxunulmayıb.
Əslində Tiflisin içində bir çox sənət əsərlərinə rast gəldik. Ucaldılan heykəllərin bir çoxu Gürcüstanın simvoluna çevrilən öz dövründə Şirvanşahları işğal edən Qurucu David, Şahzadə Tamar, çar İrakliyə aiddir.

Heydər Əliyev parkı

Sonda Tiflisdə salınan Heydər Əliyev parkına getdik. Nə səbəbdəndir bilmirəm parkda bizdən başqa heç kim yox idi. Bu da gürcülərin millətçiliyi. Halbuki çox gözəl, xudmani istirahət güşəsi yaradılıb burda, amma... Qiymətləri eşidəndə bütün qrup üzvlərimiz heyrətə düşdü. Parkda əkilən gül butonlarının ən ucuzu 3000 dollara alınıb.

Aynur İmranova