Gürcüstanda etirazlara səbəb olan qanun nəyi nəzərdə tutur?

gurcustanda-etirazlara-sebeb-olan-qanun-neyi-nezerde-tutur
Oxunma sayı: 5731

Xəbər verdiyimiz kimi, Tbilisidə martın 7-8-i parlamentin qarşısında “xarici agentlər” haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyası keçirilib. 133 nəfərin saxlanıldığı aksiyada 5 mindən 10 minə qədər etirazçının iştirak etdiyi bildirilir.

“Qafqazinfo”nun məlumatına görə, Gürcüstanda sözügedən qanun layihəsinə qarşı etirazlar hələ martın 2-dən başlanılıb. Layihə müzakirə olunduqda çox sayda insan parlamentin qarşısına toplaşaraq öz etirazlarını bildiriblər.

Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda qanun layihəsini qəbul etdikdən sonra 2 gün ərzində keçirilən aksiyalarda isə əsasən jurnalistlər, müxalifət nümayəndələri və aktivistlər üstünlük təşkil edib.

Bəs kütləvi etirazlara səbəb olan qanun layihəsi nəyi nəzərdə tutur?

Fevral ayında “Xalqın gücü” hərəkatının üzvləri parlamentə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələrini təqdim edib. 

Birincisi Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Gürcüstan parlamenti martın 7-si məhz bu layihəni qəbul edib. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək.

İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Belə ki, bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la (Foreign Agents Registration Act, FARA) oxşardır. Bu qanuna əsasən “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub.