“Fikrim elə təqdim edildi ki, guya “öyrənmək olmaz” demişəm”

“Fikrim elə təqdim edildi ki, guya “öyrənmək olmaz” demişəm”
Oxunma sayı: 5029

Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərin məcrasından çıxarılaraq başqa cür təqdim edildiyini bildirib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir "Xəzər" TV-də qonaq olarkən danışıb.

Onun sözlərinə görə, brifinqdə sadəcə öyrənmənin məqsədli olmasından danışıb: "Əgər tədris prosesinin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu, həmçinin müəllim üçün də önəmlidir.

İstərdim yenə bu fikrə qayıdım, mən bunu o formatda demişdim ki, bəzən valideynlər öz övladlarını səhər bir məşğələyə, günorta başqa bir məşğələyə, daha sonra başqa bir repetitor yanına göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq şahmat dərnəyinə niyə getdiyini, niyə riyaziyyat dərsində oturduğunu başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür. Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya təhsil naziri "öyrənmək olmaz" deyib”.

Nazir  qeyd edib ki, brfinqdə fərqli müzakirələrə səbəb olan fikrin mahiyyətinə aydınlıq gətirmək istəyir: "Əslində mahiyyət çox sadə idi. Təhsil haqlarını süni şəkildə aşağı salmaqla daha çox insanın ali təhsilə cəlb edilməsi uzun müddətli dövrdə keyfiyyətə mənfi təsir edir. Ümumiyyətlə, ali təhsil alan insanların sayının artırılması keyfiyyəti qurban vermək hesabına baş verməməlidir. Uzun vədədə keyfiyyətsiz təhsil almış, hazırlıqsız mütəxəssislər iqtisadiyyatımız və cəmiyyətin rifahı üçün əlavə dəyər yaratmır". İnandığım bundan ibarətdir ki, ali təhsil alan insanların sayı da, ali təhsilin keyfiyyəti də artırılmalıdır. Bu iki proses balanslaşdırılmış şəkildə idarə edilməlidir.

Təhsil Nazirliyi olaraq təhsil siyasəti ilə bağlı olan mövzuları ictimaiyyətlə müzakirə etməkdə, ictimai rəyi nəzərə almaqda maraqlıyıq və bu prosesi çox faydalı hesab edirik. Amma söylənilən fikirlər  kontekstindən çıxarıldıqda, proses faydalılığını itirir.

Dövlət təhsilin bütün pillələrində olduğu kimi, hər bir vətəndaşın ali təhsil almaq hüququnu dəstəkləyir. Müxtəlif sosial qrupların ali təhsilini davam etdirməsi üçün hər zaman maddi dəstək verilir. Ali təhsilin daha da əlçatan olması üçün müxtəlif üsullar tətbiq edilir".

Xatırladaq ki, ötən gün Emin Əmrullayevin Azərbaycanda ali təhsil müəssisəsində təhsil haqları ilə bağlı söylədikləri fikirləri müzakirəyə səbəb olmuşdu. Nazir çıxışında bildirmişdi ki, təhsil haqları ilə təhsilin keyfiyyəti arasında əlaqə mövcuddur: “Çox sadə bir misal, Azərbaycanın ali təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil haqları 2500 manatdır. Bəzi regional ali təhsil müəssisələrində isə bundan da aşağıdır. Burada biz nə istəyirik sualı çox vacibdir, istərdim bunu yaxşı başa düşək. Ali təhsilin qiyməti 500 manat olarsa, daha çox adam təhsil almış olacaq. Amma bizə o təhsilli insanlar uzun müddətli vədədə iqtisadiyyatımıza və gündəlik rifahımıza hansı əlavə dəyəri qatacaqlar sualı daha vacib sualdır”.