“Heç bir məmurun əlində kitab görməmişəm”

hec-bir-memurun-elinde-kitab-gormemisem
Oxunma sayı: 1351

Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi, Milli Kitab Mükafatının təşkilatçısı Nigar Köçərlinin “Qafqazinfo”ya müsahibəsi

- Azərbaycanın kitab bazarında vəziyyət necədir? -
- Burada kitab bazarı çox zəifdir. Demək olar ki, biabırçı vəziyyətdədir. Başqa “bazarlarla” müqayisə etsək görərik ki, digər sahələrdə vəziyyət daha yaxşıdır. Məsələn, ərzaq satılan marketlərə gedəndə görürük ki, çeşit çoxdur, seçim yaxşıdır, keyfiyyətli, keyfiyyətsiz, bahalı, ucuz hər bir zövqə uyğun nəsə tapmaq olar. Amma kitab bazarında seçim imkanı məhduddur . Oxucular bu vəziyyətdən çox narazıdırlar, çünki istədikləri kitabları tapa bilmirlər. Azərbaycan dilində kitabların seçimi çox zəifdir. Bunu rus, ingilis, türk dilində olan kitablarla müqayisə etsək görərik ki,vəziyyətnə dərəcədə gərgindir. Həmin dillərdə hər mövzuya uyğun kitab tapmaq mümkündür.

- Bir çox sahələrdə monopoliya var. Bəs kitab biznesində necə, monopoliya varmı? -
- Kitab elə bir uğursuz sahədir ki, orda heç nə yoxdur. O dərəcədə uğursuz sahədir ki, burada heç rəqabətdə yoxdur. Ciddi iş adamları kitab biznesi ilə məşğul olmaq istəmirlər, çünki burada elə çox gəlir də əldə etmək olmur. Risklər çox böyükdür, çox çətin və əziyyətli bir işdir. Xüsusilə də, Azərbaycanda kitab sahəsi çox uğursuz bir sahədir. Burada pul qazanmaq demək olar ki, mümkün deyil.

- Onda biz Azərbaycanda kitab “bazarını” monopoliya olmayan yeganə sahə adlandıra bilərik...
- Əgər söhbət kitab satışından gedirsə, təbii ki, satışda monopolшya yoxdur. Yox, əgər söhbət böyük tenderlərdən gedirsə orada monopoliya var. Məsələn, dövlət səviyyəsində tender olanda yəni, kitabların çapı, satışı bizi heç vaxt dəvət etmirlər. Hətta biz özümüz dəvətsiz də iştirak etsək qalib gəlməyəcəyimizi bilirik. Çünki orada artıq başqa böyük nəşriyyatlar, böyük pullar var. Bizim işimiz oxucularla birbaşa ünsiyyətdə olmaq, onlara kitab təklif etməkdir. O da o dərəcədə zəif ünsiyyətdir ki, bu halda ümumiyyətlə, heç bir iş görmək mümkün deyil.

Yəqin, elə oxucuların az olmasının nəticəsidir ki, Azərbaycanda cəmi 10 kitab evi var.
Bəli, Azərərbaycanda hal-hazırda cəmi 10 kitab evi var, 4-ü də “Əli və Nino”ya məxsusdur. Yəni 1 milyon insana 1 kitab evi düşür. Digər ölkələrdə isə 20 min insana 1 kitab evi nəzərdə tutulur. İstər balaca bir şəhərdə, istərsə də böyük bir kənddə mütləq bir kitab evi olmalıdır. Təəssüf ki, bu kitab evlərinin də hamısı Bakıda yerləşir. Şəhərdən kənarda heç yerdə kitab evi tapmaq olmaz. Hətta, onu da deyim ki,mövcud kitab evləri də elə şəhərin mərkəzində yerləşir.. Bu qətiyyən belə olmamalıdır. Azərbaycan kimi bir ölkədə ən azı 1500 kitab evi olmalıdır.

- Yeni kitab evi açmaq fikriniz var? Əgər açsanız o da şəhərin mərkəzində yerləşəcək? -
- Mərkəzi Bankın yaxınlığında “28 Mall” ticarət mərkəzi açılıb. O alış-veriş mərkəzində yeni “kitab evi” açmağı planlaşdırırıq. Hazırda orada təmir işləri gedir. Təxminən 150 kvadrat metrlik bir dükan nəzərdə tutulub. Bu Azərbaycanın ən böyük kitab evi olacaq. Məsələn, biz “Metropark” ticarət mərkəzində 130 kvadratmetrlik sahə götürmüşdük, satış çox zəif oldu, heç icarə haqqını ödəyə bilmirdik məcbur olduq dükanı kiçiltdik. Ona görə də bu yeni açmaq istədiyimiz dükan böyük risk vəd edir.

- Elə təxminən mən də düşünürdüm ki, o məkanı seçəcəksiniz. Adətən “Əli və Nino”nun dükanları məşhur alış-veriş mərkəzlərində olur.
- Məncə, normal olmalıdır, amma tam əmin deyiləm. Gözləyək görək nəticəsi necə olacaq.

- Bəs hansı kitabı ən yaxşı tərcümə hesab edirsiniz? -
- Oxucular tez-tez tərcümədən şikayət edirlər. Əlbəttə, bu ciddi məsələdir. Düşünürəm ki, bu birbaşa satışın zəifliyi ilə birbaşa bağlıdır. Satış yüksək olsa, yəni daha yaxşı kitablar satışa çıxarılsa, auditoriya daha geniş olsa burada rəqabət də olacaq, keyfiyyət də artacaq. İndi üçün normal vəziyyətdir, amma bir müddət sonra vəziyyət dəyişəcək. Ümumiyyətlə, keyfiyyətli tərcümələr də var. Məsələn, “Çərpələng uçuran” əsəri o siyahıya aid edilə bilər.
Həmin əsər mənim də çox sevdiyim və bir müddət təsiri altında olduğum əsərdir.
Onu Xədicə İsmayıl tərcümə edib. Mükəmməl tərcümədir, hər kəs ondan razıdır. Yəni ki, istəyəndə yaxşı bir nəticəyə nail olmaq olar. Həmin tərcümə üzərində biz ən azı 1 il işləmişdik. Amma bir kitaba bu qədər çox vaxt sərf etmək ürəkaçan deyil. Çünki hər gün minlərlə yeni kitab çıxır.

- Səhv etmirəmsə sizdə “Həftənin fürsəti” adlı aksiya da keçirilir.
- Biz bilirik ki, oxucularımızı böyük bir qismi tələbələrdir və bu aksiyanı da onlar üçün nəzərdə tutmuşuq. Hər həftə biz 4 kitaba 70 faiz endirim edirik. Həmin aksiyada yaxşı satılan və yaxşı satılmayan kitablar da var. Yəni, lotereya kimidir.

- Elə həmin aksiyadan Patrık Süskindin “Parfum” kitabını almışdıq.
- Bəzən besteller sayılan kitaba birdən-birə 70 faiz endirim olur. Ona görə yox ki satılmır, sadəcə məqsəd odur ki, kitabın qiymətini oxuculara uyğun edək. Baxmayaraq ki, bu bizə ziyandır, heç elə gəliri də yoxdur. Biz həmin satışda uduzuruq. Amma hesab edirəm ki, bu olmalıdır. Çünki bu aksiyanı hər həftə çox oxucu gözləyir. Bu bizim ən uğurlu aksiyalarımızdan biridir.

Bizim dükanda ümumiyyətlə, 4 dildə kitablar var- azərbaycanca, türkcə, rusca, ingiliscə. Çalışırıq ki, həmin aksiyada da 4 kitab hər dilə uyğun olsun. Amma oxucular aksiyada təklif olunan kitabların hamısının Azərbaycanca olmasını istəyirlər. Çox adam artıq aylardı həmin aksiyanı izləyir və özlərinə böyük bir kitabxana qurublar.

- Bir az da kitabların üzərinə qoyulan Əlavə Dəyər Vergisindən (ƏDV) danışaq.
- Bir ildən çoxdur ki, “ƏDV-yə yox deyək” kampaniyası gedir, amma hələ ki, heç bir nəticəsi yoxdur, uğursuz kampaniyadır. Baxmayaraq ki, çox adam qoşulur, dəstək verir. Hamı başa düşür ki, ƏDV ləğv olunmalıdır. Çünki, heç bir ölkədə kitabın üzərinə vergi yüklənmir. Kitaba dəstək vermək lazımdır. Biz dövlətdən heç bir dəstək gözləmirik, sadəcə istəyirik ki, ƏDV ləğv olunsun. Yazıçılar Birliyi də Çingiz Abdullayev Anarla birlikdə prezidentə məktub da yazıblar, amma heç bir nəticəsi yoxdur. Belə çıxır ki, bu cəmiyyətə kitab lazım deyil.

- Çox az sayda insan kitab oxuyur, oxucuların faizi çox aşağıdır.
- Bəli hədsiz, çox zəifdir. Məncə, bu ölkədə insanların hətta 1 faizi də kitab oxumur. Bu mövzu hələ yeni-yeni gündəmə gəlib. Mən artıq 12 ildir kitabçılıqla məşğul oluram. 12 il əvvəl ümumiyyətlə, kitab müzakirə olunmurdu. İndi heç olmasa etiraf edirlər ki, belə bir problem var. Amma bununla problem həll olunmur, hələ də oxumurlar. Başqa ölkələrdə parklarda, avtobuslarda, metroda yaşlılar, gənclər, bir sözlə hamı kitab oxuyur. Mən Azərbaycanda heç bir məmurun əlində bir dəfə də olsun kitab görməmişəm. Heç vaxt şahid olmamışam ki, televiziyada hansısa vəzifəsi olan bir adam desin ki, mən filan kitabı oxuyuram, bu kitab maraqlıdır.

- Hər gün yolumun üstündə xırda bizneslə məşğul olan bir bəyin kitab oxuduğunu görürəm. Bu mənə xoş təsir bağışlayır, amma etiraf edim ki, eyni zamanda da təəccüblənirəm.
- Bəli, çox insan belə vəziyyətlə qarşılaşanda təəccüblənir və həmin adama qeyri-adi biri kimi baxırlar. Elə mənə də həmişə təəccüblə yanaşırlar ki, bu kitab oxuyur, kitabla bağlı danışır. İndi heç olmasa bir az normal qəbul edirlər, amma əvvəllər çox təəccüblə baxırdılar ki, axı bu niyə bu işlə məşğuldur. Ümumiyyətlə, əlində kitab olan gəncə uğursuz bir adam kimi baxırlar, hörmətlə yanaşmırlar. Əslində kitab insanı uğura aparan yoldur. Kitab oxuyursansa, deməli, sən savadlısan, yaxşı təhsil alacaqsan, uğurlu karyera quracaqsan və nəhayət varlanacaqsan. Bizdə uğuru başqa yollarla qazanmaq istəyirlər. Bizim cəmiyyətdə belə bir düşüncə var ki, kitabla, oxumaqla uğur qazana bilməzsən. İnanıram ki. hələ növbəti 50-60 il ərzində vəziyyət belə də qalacaq.
Azərbaycanda ilk online kitab satışını da elə “Əli və Nino”ya məxsusdur.
Əslində mən bir kitabçı insanların elektron kitab oxumaqlarına etiraz etmirəm. Sadəcə bizdə elektron kitab “pirat kopyası” kimi başa düşülür. Nəyi pulsuz yükləsələr o piratlıq sayılır. Bu da oğurluq hesab olunur. Hər yerdə elektron kitablar var və çox da inkişaf edir. Müəllif də öz pulunu qazanır. Əgər müəllif pul qazanmırsa onda kitab yazmağın nə mənası var. Bizdə isə yalnız “piratlıqla” oxuyurlar. Amma, hətta, ona da razıyam.Heç olmasa metroda elanı oxusanlar, hansısa şokalad kağızına yazılan yazını oxusunlar, amma mütləq nəsə oxusunlar. Bizdə artıq necə oxumaq lazım olduğunu unudublar.

- Oxumaq üçün bu qədər geniş şərait varkən bizdə hələ də kitaba maraq zəifdir.
- Bəli, bizdə oxumurlar və interneti bəhanə gətirirlər. Yaponiya dünyanın ən inkişaf etmiş ölkəsidir və yüksək texnologiyalar üzrə liderdir. Eyni zamanda kitab oxumaq səviyyəsinə görə də, Yaponiya birinci yerdədir. İnternet nəinki mane olur məncə inkişafa zəmin yaradır. ailədə kitaba hörmət yoxdur. Mənim neçə dostlarım var, evlərinə gedib gəlirəm əgər təzə evdisə mən heç vaxt orada kitabxana görmürəm. Yəni, ümumiyyətlə 3-4 kitab da yoxdur. Ümumiyyətlə fikir versəniz görərsiniz ki insanlar kitabla bağlı heç söhbət belə aparmırlar. Çox nadir hallarda siz görərsiniz ki, gənclər ya da yaşlılar birləşib birlikdə kitab oxuyurlar.
Amerika, Avropa ölkələrində kitab evlərinin qarşısında növbə olur və oxucuların çox hissə elə yaşlı nəslin nümayəndələri olur.
Biz də isə yaşlılılar ümumiyyətlə, oxumurlar. Dünyada istənilən kitab evində vəziyyət siz qeyd etdiyiniz kimidir. Problem bəlkə də elə orta və yaşlı nəslin kitab oxumamağından qaynaqlanır.

- Amma gəncləri oxumamaqda qınayanlar da elə onlardır.
- Bəzən məni televizayaya dəvət edirlər və mütaliədən danışırlar. Hiss edirsən ki, burada çox saxta pafos var. Onların həmin saxta pafosu gəncləri kitabdan soyudur. Bizim ziyalılarımızın elə kitabları var ki, onlar nəinki insanı kitaba yaxınlaşdırır. Hətta əksinə uzaqlaşdırır.

- Hətta bəzi ziyalılarımız müəyyən əsərlər var ki, onları tamamilə səhv yorumlayırlar. -
- Kitab rahat, normal bir dillə yazılmalıdır. İnsanları kitabdan uzaqlaşdırmaq yox, əksinə cəlb etmək lazımdır. Məsələn, Umberto Eko haqqında müəyyən yanaşmalar var. O cür yazıçılar dünyanın ən uğurlu yazıçılarıdır, əksinə o müəllifləri oxumaq lazımdır.

Hətta, problemin böyüyü ailədən qaynaqlanır. Hər şey ailədən başlayır, əgər ana uşaqlıqdan öz uşağına kitab oxumursa, o zaman uşağın da kitaba marağı olmayacaq. Amerikada, Avropada bu normal bir adətdir. Onların bütün siyasi liderləri, xanımlar, senatorlar, hətta dövlət katibi özü açıq müsahibələrində həmişə deyirlər ki, nə qədər işim olursa-olsun axşamlar uşağıma mütləq kitab oxuyuram. Əksinə deyirlər ki, kitab oxuyub gözlərini xarab etmə.

- Haqlısınız çox ailələrdən bu cür iradlarla rastlaşmaq olur
- Mən həmişə deyirəm ki, hamıya bir-birlərinə kitab hədiyyə etmək mesajı vermək lazımdır. Şəxsən mənə kitab hədiyyə edəndə çox sevinirəm, baxmayaraq ki, kitab evlərinin sahibiyəm.Kitab hədiyyəsi ilk növbədə onu bilidirir ki, mən bilirəm sən ağıllısan, bu kitabı oxuyacaqsan, intellektualsan. Azərbaycanda kitab hədiyyə etmək təzə-təzə dəbə düşməyə başlayıb. Heç olmasa bir balaca olsa da münasibət dəyişməyə başlayıb. Amma kitaba normal münasibətdən biz hələ çox uzaqdayıq. Eyni zamanda pozitiv şeylər də var. Bizim “Əli və Nino”nun “Book club” adlı layihəsi var. Ayda iki dəfə, bazar günləri gənclər toplaşıb kitab seçirlər, sonra həmin kitabı oxuyub müzakirə edirlər. Çox gözəl bir layihədir. Mən o gəncləri çox sevirəm və onlara çox bağlıyam. Onlar bir-birlərini tanımırdılar, biz onları sosialyığmışıq. 120 gəncdirlər, 40-50 nəfəri daha aktivdir.

- Bəs başqa hansı layihələriniz var?
- “Ədəbiyyat şəbəkəsi” adlanan başqa layihəmiz də var. Layihənin məqsədi odur ki, hər bölgədə kitabmüzakirə klubu yaradaq. Bizim artıq Şəki, Oğuz, Quba, Xaçmaz, Gəncə, Şəmkir və Gədəbəy bölgələrinə səfərlərimiz olub.

- Regionlarda necə görüşlərə qatılırlar?
- Bəzi bölgələrdə qatılanların sayı normal olur, amma bəzilərində tapmaq mümkün olmur. Qubada, Xaçmazda artıq bizim iştirakımız olmadan bir görüş olub. Bunun davamlı olmasına çox sevinərik, amma elə çətindir. Bəzən bölgələrdə kitabsevərləri axtarırıq, elan veririk, dost-tanışlara zəng vururuq.. amma heç kəsi tapa bilmirik. Biz hər halda o bölgələrə getməyəcəyik,çünki belə görünür ki, orada kitab oxuyan yoxdur. Bu halda biz ora gedib kimnlə danışaq. Məsələn, Gəncə çox fəal idi, çox adam qatılmışdı, inanıram ki, bu müzakirələr orada davam edəcək.. Qubada, Şəkidə də bizi çox yaxşı qarşıladılar. Gədəbəydə çox gözəl bir görüş oldu. Orada bir kitabsevərlə biz tanış olduq, kənd müəllimi idi. Mən çox sevindim ki, Azərbaycanda belə adam var. Onun şəxsi kitabxanası var və həmin kitabxanada 2000-dən çox kitab var idi. Gəncədə flasmob keçirmişik kitabsevərlər hamısı yığışıb kitab oxuyurdu. Şəkidə pulsuz kitab paylayırdıq heç olmasa almırlarsa bu fürsətdən istifadə edib oxusunlar deyə, amma yenə də oxumurlar. Daima gəzirik və belə görüşlər, aksiyalar keçiririk. amma nəticəsi çox gərgindir.

- Bir az da Milli Kitab Mükafatından danışaq. Ötən il münsiflərlə qalmaqal olmuşdu. Bu il yenə həmin şəxslərin bəzisi müabiqədə münsif kimi iştirak edəcək. Yenə qalmaqal gözlənilirmi?

- Milli Kitab Mükafatında birinci il Elxan Qaraqan qalib gəlmişdi və bununla bağlı böyük qalmaqal oldu. Onun qələbəsi ilə çox adam razılaşmadı. İkinci il Pərviz Cəbrayıl qalib oldu və daha da böyük qalmaqal oldu. Nəticədə bir neçə münsif istefa verdi. Mən belə başa düşürəm ki, bu həmişə belə olacaq. Bu il üçüncü dəfədir ki, mükafatlandırmanı keçiririk. Hələ ki, sakitçilikdir. Əsərlərin qəbulu bitən kimik ekspertlər öz işinə başlayacaq. Ekspertlərin işlərindən mən belə böyük bir irad eşitməmişəm, onlarla adətən razıdırlar. Daima münsiflərlə bağlı narazılıq bildirirlər ki, ədəbiyyatdan uzaq olan insanlardır, ya da ki filankəs kimdir mənim əsərimi oxusun və sairə. Bu il münsiflərin sayı daha daçoxdur, 20 nəfərdir. Qalmaqal yəqin ki, mart-fevral aylarında başlayacaq. Mən istəyirəm ki, ədəbiyyatla bağlı olan bu layihə çox sanballı olsun, sakit keçsin, amma hər il qamaqal olur. Biz özümüz də həmişə peşiman oluruq ki, axı niyə belə olmalıdır. Digər tərəfdən başa düşürəm ki, belə olmağı normaldır. Çünki bu şəffaf bir layihədir. O qədər dövlət mükafatları var ki, heç kəs onunla bağlı heç qalmaqalda qaldırmır. Çünki nəticəsi əvvəlcədən bəlli olur. Amma bizim mükafatlandırmada nəticə həmişə gözlənilməz olur. Hər kəsin qalib olmağa böyük ambisiyası var. Və belə də olmalıdır. Ümid edirəm ki, bu il normal keçəcək.

- Mükafatlandırmada müəyyən dəyişikliklər də var. Məsələn, Qan Turalı keçən il ekspert idi bu il əsər təqdim edib.

- Bu onun öz seçimi oldu. Mən gözləyirdim ki, o bu il də ekspert olacaq. Amma başqa, kifayət qədər maraqlı, populyar insanlar da artıq öz əsərlərini təqdim ediblər. Hələ ki, onların adlarını açıqlaya bilmərəm. Çünki indidən onların adlarını hallandırmaq ekspertlərə mesaj kimi ola bilər. Amma bəziləri artıq öz piarı ilə məşğul olur, Milli Kitab Mükafatında bu da qəbul olunandır. Təşkilatçı kimi mənim işim odur ki, mükafatlandırma obyektiv, ədalətli olsun.

- Mənim ilk yazım elə Milli Kitab Mükafatı ilə bağlı idi.
- Bir rəfiqəm var deyir ki, MKM Azərbaycan jurnalistikasının çörək ağacıdır. Çünki maraqlı bir layihədir. O layihə barəsində tənqid də yaza bilərsən, tərif də. Hər iki halda normal qarşılanacaq və çox maraqla oxunacaq. Ona görə jurnalistlər bu mükafatı sevirlər. Bizim sevgimiz qarşılıqlıdır, biz də jurnalistləri sevirirk. Nə yazırlar yazsınlar normaldır. Əsas odur ki, bunun şəffaf, təmiz bir layihə olduğunu bilsinlər. Biz heç nəyi gizlətmirik. Birinci il biz eksprtlərin adını açıqlamadıq bununla bağlı qalmaqal oldu. Əslində biz onları təzyiqdən qorumaq istəyirdik. Çünki bizdə cəmiyyət çox balacadır, hər kəs bir-birini tanıyır. Amma növbəti il mən özüm ekspertlərdən soruşdum ki, siz necə baxırsınız biz sizin adlarınızı açıqlayaq? Çünki cəmiyyət bunu tələb edir. Dedilər biz narahat olmuruq, istənilən halda öz fikrimizi deyəcəyik, heç kəs bizə təzyiq edə bilməz.


- Ən çox satılan kitablarınız hansılardı?

- Elə “Əli və Nino”dur. Biz o kitabı artıq 6-7 ildir ki, çap edirik. Çox gözəl kitabdır.

- Mən də o əsəri çox bəyənirəm.

- Özümün də ən sevdiyim kitablardan biridir. İkinci yerdə Paulo Kuelyonun “Kimyagər” əsəridir. O da hədsiz gözəl bir kitabdır. Çox satılan kitablar siyahısına “Çərpələng uçuran”ı da daxil etmək olar. Artıq 2 ildir biz həmin kitabı çap edirik, bestseller siyahısındadır.

- Eynilə o kitab da hədsiz sevdiyim kitablar siyahısındadır.

- Mən də o kitabı çox sevirəm. “Çərpələng uçuran” bizdə 4 dildə var. Mən çox istərdim ki, Azərbaycanlı yazıçılar da bax belə bir əsər yazsınlar. O qədər maraqlı olsun ki, dünyanın hər bir yerində çap olunsun.

- Həmin müəllifin digər bir əsəri “Min möhtəşəm günəş” onu da tərcümə edəcəksiniz?

- Hazırda o əsərin tərcüməsi üzərində iş gedir və biz onu da çap edəcəyik.

- Mədəni sahədə kifayət qədər tanınan simasınız. Bəs siyasətə necə, qatılmaq fikriniz var?

- Mənim siyasətlə bağlı heç bir ambisiyalarım yoxdur. O sahəyə heç yaxın da getmək istəmirəm. Yaxşı heç nə görmürəm mən siyasətdə və hesab edirəm ki, nə qədər mümkündürsə uzaq durum. Təbii ki, öz vətəndaş mövqeyim var və mənə bu mövzuda suallar ünvanlandırılanda həmişə öz vətəndaş mövqeyimi bildirirəm. Hesab edirəm ki, hər kəs öz ətrafında yaxşılığa doğru nəsə etməlidir. Çalışıram ki, bu sözlərimdə pafos olmasın. Bu mənim səmimi fikrimdir. Əgər istəyiriksə yağadığın cəmiyyət heç olmasa bir balaca dəyişilsin kimisə qınamaq lazım deyil. Hər kəs özündən başlamalıdır. Hər adamın özünün ictimai missiyası var və bu missiyanı həyata keçirmək lazımdır. Mən sadəcə istəyirəm ki, özüm də, uşağım da normal bir cəmiyyətdə yaşayım və bununla bağlı hər hansı işi görə bilirəmsə görürəm. Siyasətə qatılmağa heç bir fikrim yoxdur.

- Ümumiyyətlə, ölkədə kitab siyasəti var?

- Mən deyərdim kitabsızlıq siyasəti var. Mənə tez-tez elə gəlir ki, Azərbaycanda nə yuxarı, nə orta, nə də aşağı səviyyəli insanlara, yəni heç kəsə kitab lazım deyil.

- Sizin kitab mağazalarınız Azərbaycanda yenilikdir və bu xoş təsir bağışlayır.

- Bizdə məndən qat-qat ağıllı, bacarıqlı, uğurlu biznesmenlər var, amma onlara bu sahə ilə məşğul olmaq maraqlı deyil. Mən burada heç rəqaəbət də görmürəm və görməyəcəm də. Çox çətin bir biznesdir. Dünyanın heç bir ölkəsində kitabın üzərində vergi yoxdur, bizdə isə 18 faizdir. Mən Almaniyada kitabçılar üçün seminarda olmuşam. Mən orada danışdım ki, biz marketinq baxımından nələri edirik, hansı tədbirləri görürürük, ayda 2-3 dəfə pulsuz imza günləri, müxtəlif aksiyalar keçiririk, şou biznes ulduzları gəlib kitab satdılar, Müxtəlif tədbirlər edirik, facebookda çox fəallıq. Onlar mənə dedilər ki, siz Almaniyada yaşasaydınız çoxdan milyonçu olardınız. Ümumiyyətlə, dünyada da kitab sahəsi elə də gəlir gətirən sahə deyil, normal gəlir olur. Bu yaxınlarda Amerikada bir kitabçı ilə tanış oldum. Deyir ki, siz bizdən daha aktivsiniz. Bəs necə olur ki, bizdə belə bir şəbəkədir sizdə cəmi 4 kitab evi var. Amerika standartı ilə bu heç kitab evi də sayılmır. Təbii mən də istəyərəm Azərbaycanda 5-6 mərtəbəli böyük kitab evim olsun. Amma hələ ki, vəziyyət çox gərgindir.

Gülnar Ədalətqızı