Həmin çıxışı yenidən gündəm oldu - Video

hemin-cixisi-yeniden-gundem-oldu
Oxunma sayı: 322

Ceffri Epşteynlə bağlı yeni sənədlərin ictimaiyyətə açıqlanmasından sonra britaniyalı aktyor Riki Gervaysın 2020-ci il “Qızıl Qlobus” Mükafatları mərasimində Hollivud elitalarına qarşı səsləndirdiyi sərt çıxış yenidən gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, Gervays həmin çıxışında Hollivudun nüfuzlu simalarını hədəfə alaraq, buradakı ikiüzlülüyü, susqunluğu və elit dairələrlə pedofiliya qalmaqalları arasındakı iddia edilən əlaqələri açıq şəkildə tənqid etmişdi.

Onun “Mən hamınızın adına danışıram, pozğunlar. Bu, pedofil filmləri üçün vacib bir il idi. Susun. Bilirəm ki, hamınız Epşteynin dostlarısınız, amma vecimə deyil” sözləri mərasim zalında gərgin atmosfer yaratmışdı.

Aktyor səhnədə Ceffri Epşteynin adını birbaşa çəkərək, pedofiliya iddiaları fonunda Hollivudun məsuliyyətdən yayınmasını və susmasını istehza ilə tənqid etmişdi. Gervaysın bu monoloqu populyar mədəniyyətin və kino sənayesinin etik mövqeyini sual altına alan nadir açıq çıxışlardan biri kimi yadda qalmışdı.

Çıxış zamanı zaldakı bəzi məşhur simaların gərgin təbəssümlərlə reaksiya verməsi kameraların diqqətindən yayınmamışdı. Gervays pedofiliya mövzusunda çəkilmiş filmlərə eyham vuraraq, Hollivudun bu məsələlərə yanaşmasını açıq şəkildə lağa qoymuşdu.

Məlumata görə, Ceffri Epşteyn sənədlərində üzə çıxan əlaqələr şəbəkəsi və bu şəbəkədə adı hallanan yüksək profilli şəxslər Gervaysın illər əvvəl səsləndirdiyi tənqidlərin yenidən xatırlanmasına səbəb olub.

Bildirilir ki, vaxtilə qalmaqal yaradan bu monoloq bu gün Hollivudu əhatə edən etik sualların yenidən gündəmə gəlməsində mühüm rol oynayır.

Riki Gervaysın çıxışı 2020-ci ilin əvvəlində əyləncə sənayesində pedofiliya və cinsi istismar iddiaları ilə bağlı səsləndirilən ən sərt ictimai mövqelərdən biri kimi qiymətləndirilir.