Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri olan Cemal Karaata ad və soyadını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, cinayətdən sonra Kanadaya qaçan və Türkiyə tərəfindən axtarışda olan Cemal Karaata hazırda Salih Ada adı altında yaşayır. Onun ad və soyadını dəyişməsinə səbəb Rusiya tərəfindən qaçırılma qorxusu olduğu bildirilir.
“Salih Ada adından istifadə edən Karaata “Qualia Counselling Services” şirkətində psixoterapevt kimi fəaliyyət göstərir. Türkiyədən qaçmazdan əvvəl o, Fatih Universitetinin İngilis dili fakültəsində dosent köməkçisi vəzifəsində çalışıb. O, FETÖ təşkilatının gizli imamlarından biri olaraq, öz casus fəaliyyətini akademik fəaliyyət pərdəsi altında gizlədib”, - məlumatda deyilir.
Türkiyənin təhlükəsizlik qüvvələri həmçinin Karaatanın vaxtaşırı Kanadanın xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşdüyü barədə məlumata malikdir.
Xatırladaq ki, A.Karlov 2016-cı ilin dekabrında Ankarada baş tutan fotosərginin açılışında polis əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən öldürülüb. Altıntaş hadisə yerində zərərsizləşdirilib. Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi Karlov cinayəti ilə əlaqədar 5 nəfərə ömürlük, 8 nəfərə 5 ildən 15 ilədək həbs cəzası verib, 6 nəfər isə bəraət alıb.

Son xəbərlər
Son Xəbərlər