“Referans Medical Group” ilə qlobal tibbi bilik bazası və klinik qərar dəstəyi platforması olan “UpToDate” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, regionda ilk dəfə həyata keçirilən bu əməkdaşlıq səhiyyədə rəqəmsal yanaşmaların genişləndirilməsi, tibbi biliklərin əlçatanlığının artırılması və klinik qərarvermə prosesinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Müqavilə “Referans Medical Group” adından Müşahidə Şurasının üzvü, “Leyla Medical Center”in direktoru Elnur Vahabov və “UpToDate” platformasının Azərbaycandakı rəsmi tərəfdaşı olan “Ezgil Medical Technologies” şirkətinin milli koordinatoru Kəmalə Aşumova tərəfindən imzalanıb.
Tədbirdə “Referans Medical Group”un və “UpToDate” platformasının rəhbər heyəti, eləcə də struktur bölmələrin rəhbərləri iştirak edərək əməkdaşlığın səhiyyə sahəsinə qazandıracağı yeniliklər və gələcək imkanlar barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, “UpToDate” dünyanın aparıcı sübuta əsaslanan tibbi qərar dəstəyi sistemlərindən biri olaraq həkimlərə ən son elmi araşdırmalara, beynəlxalq klinik protokollara və müasir müalicə yanaşmalarına operativ çıxış imkanı yaradır. Bu isə diaqnostika və müalicə prosesində daha dəqiq və elmi əsaslı qərarların qəbul edilməsinə şərait yaradır.
Əməkdaşlıq çərçivəsində “UpToDate” platforması “Referans Medical Group”a daxil olan klinika və tibb mərkəzlərində tətbiq olunacaq. Platforma vasitəsilə həkimlərin və digər tibb işçilərinin gündəlik praktikada aktual tibbi məlumatlara və beynəlxalq klinik protokollara sürətli çıxışı təmin ediləcək, onların davamlı peşəkar inkişafına dəstək göstəriləcək, tibbi xidmətlər beynəlxalq standartlara uyğunlaşdırılacaq və nəticədə pasiyentlərə təqdim olunan tibbi xidmətin keyfiyyəti daha da yüksələcək.
Bu əməkdaşlıq regionda bilik əsaslı tibbi xidmət modelinin inkişafı və müasir rəqəmsal səhiyyə həllərinin tətbiqi baxımından mühüm addım kimi qiymətləndirilir.

Son xəbərlər
Son Xəbərlər