Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin iyun ayından etibarən orduda genişmiqyaslı islahatların həyata keçiriləcəyini elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı özünün rəsmi teleqram kanalında məlumat yayıb.
Zelenski bildirib ki, may ayı ərzində bütün əsas təşəbbüslər razılaşdırılacaq.
İslahatın ən diqqətçəkən məqamı hərbi qulluqçuların maaşlarının əhəmiyyətli dərəcədə artırılmasıdır. Prezidentin sözlərinə görə, arxa cəbhədə xidmət edənlər üçün minimum maaş 30 min qrivnadan (təxminən 1100 manat) az olmamalıdır. Döyüş mövqelərində olanlar, komandirlər, zabit və çavuşlar üçün isə bu rəqəm bir neçə dəfə yüksək olacaq.
Xüsusilə piyada qoşunları üçün 250 mindən 400 min qrivnayadək (təxminən 10.000 – 15.000 manat) maaş nəzərdə tutan xüsusi kontraktların tətbiqi tapşırılıb. Ödənişlərin məbləği döyüş meydanındakı tapşırıqların icrasından asılı olacaq.
Zelenski həmçinin bölmələrin komplektləşdirilməsi yanaşmasını dəyişməyi və müqaviləli xidmət sistemini gücləndirməyi hədəfləyir. Yeni sistemə əsasən, daha əvvəl səfərbər olunmuş hərbçilərin dəqiq vaxt meyarları əsasında mərhələli şəkildə tərxis olunması imkanı yaradılacaq.
Qeyd edək ki, hazırda Ukraynada müəssisə əməkdaşları üçün nəzərdə tutulan hərbi xidmətdən möhlət kvotalarının 50 faizdən 30 faizə endirilməsi də müzakirə mövzusudur.
Son xəbərlər
Son Xəbərlər