“Həmin videodan bir saat sonra şəhid olub” - Video

hemin-videodan-bir-saat-sonra-sehid-olub
Oxunma sayı: 6064

Bundan öncə bir ananın şəhid olan iki övladı haqda reportaj hazırlamışıq, bu dəfə isə iki ananın şəhadətə qovuşmuş 1 övladını sizə tanıdacağıq. Onu bir ana dünyaya gətirib, digəri böyüdüb... Üçüncü Anasını isə şəhidimiz həddi-buluğa çatandan sonra qazanıb. Birinci anasının adı Gülsabah, ikincisinin adı Gülarə, üçüncüsünün adı isə Vətəndir...

22 yaşlı snayper Sübhan Əbilzadə onu böyüdən iki anasını qoyaraq, özünü üçüncü Anaya qurban verib. 

“Qafqazinfo” Biləsuvar rayonunun Nərimankənd kəndindən olan, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif edilən şəhid Sübhan Əbilzadənin ailəsindən reportaj hazırlayıb.

Atası Arif Əbilov deyir ki, oğlu Sübhan ilk gündən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlində Füzuli uğrunda döyüşlərdə kürəyindən və baldırından qəlpə zərbələri alıb. Xəstəxanada müalicə olunandan sonra anası ondan daha getməməsini istəsə də, “Ana, mənim komandirim yaralanıb, mən burda qala bilmərəm” deyərək yenidən döyüşə, döyüşçü yoldaşlarının yanına yollanıb.

Noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə yüksəkliyi ələ keçirərkən boğazından aldığı minomyot qəlpəsi şah damarını kəsib və uğrunda döyüşdüyü zirvənin alınmasının şahidi olmasa da, şəhidlik zirvəsinə yüksəlib. Nişanlı olan, toyuna hazırlaşan S.Əbilzadə kənd qəbiristanlığında dəfn edilib.

Söhbət əsnasında məlum olur ki, S.Əbilzadənin yeganə qardaşı Əlizamin Əbilov müharibə başlamadan bir neçə ay öncə həbs edilib. 

Şəhidi böyüdüb boya-başa çatdıran anası Gülarə Ağayeva əvvəlkitək səhərlər evin aynabəndinə çıxaraq asta səslə Sübhanı çağırır: “Əvvəl səhərlər ev işlərini görərkən Sübhanı çağırırdım, gəlirdi. İndi də səsləyirəm, deyirəm ay Sübhan, soyuqdur axı, bala, evə gəl. Amma Sübhan yoxdur. Nə qədər ki, onun başdaşına şəkli vurulmamışdı, elə bilirdim Sübhan qayıdacaq. Məzarı üstündə şəklini görəndən sonra bildim ki, daha Sübhan gəlməyəcək.

Döyüşə gedəndə mənə bayraq verib dedi ki, bunu qapımızdan asarsan, qolundan da saatını açıb verdi, dedi "bunu bağlı bir yerə qoy".

Arada gülməli nəsə olanda, elə bilirəm Sübhan mənə baxır, deyir ki, mən beləyəm, anam niyə gülür? Kimsə də güləndə deyirəm, gülürsüz hə? Amma Sübhan gülmür. Allah Vətənimizi qorusun, onun üçün canlar getdi”.

Sübhanın bioloji anası Gülsabah Əbilova deyir ki, övlad onun olsa da, Sübhanı böyüdən, onun nazını çəkən anası Gülarə xanım olub: “Anası hər şeyi danışdı, mən daha nə deyim? Arzusu bu idi ki, nişanlısı ilə anasını Şuşaya aparsın. Uşağım şəhid olandan iki gün sonra qələbə çalındı”.

Sübhanın bacısı Əminə Əbilova qardaşının şəhid olacağını bildiyi üçün atası ilə danışaraq sağollaşdığını deyir: “Sübhan şəhid olduqdan sonra döyüş yoldaşları müharibə zamanı çəkilən videoları bizə göndərdilər. Videolardan biri çəkiləndən bir saat sonra Sübhan döyüşdə şəhid olub.

Sübhan danışanda deyirdi ki, işğaldan azad edilən yerlər cənnət-məkandır, buraya boğulan, nəfəs ala bilməyən insan gəlsə, rahat nəfəs alar.

Sübhan birinci dəfə yaralananda onu ərazidən çıxarmaq üçün maşına qoyublar, həmin vaxt maşın da vurulub. Onu yanan maşının içindən çıxarıb xilas ediblər. Ona deyiblər ki, daha gedirsən, qayıtma. Amma Sübhan döyüş yoldaşlarını tək qoymamaq üçün yenidən döyüşə qayıtdı və şəhid oldu”.

Murad Əhməd

Video: Pərvin Zeynal