“Hər dəfə yağış yağanda eyni vəziyyət olur” - Video

her-defe-yagis-yaganda-eyni-veziyyet-olur
Oxunma sayı: 2739

Xırdalan şəhəri, 26-cı məhəllə kimi tanınan Həsən bəy Zərdabi küçəsini su basıb.

Bununla bağlı “Qafqazinfo”ya həmin küçədə yaşayan sakinlərdən biri müraciət edib.

Vətəndaş bildirib ki, sözügedən ərazidə kanalizasiya xətləri düzgün işləmir: “Dünən yağış yağdıqdan sonra küçəmiz pis vəziyyətə düşüb. Kanalizasiya xətləri normal işləmir. Belə olduqda isə bir sıra çətinliklərlə üzləşirik”.

Sakin onu da qeyd edib ki, həmin ərazidəki nasosxananın yağış sularını ötürməyə gücü çatmır: “Müntəzəm olaraq belə hal yaşanır. Aidiyyəti qurumlar problemi müvəqqəti həll edir, növbəti dəfə yağış yağanda eyni vəziyyət olur. Yeni nasosxana tikilsə də, 5 ildir ki, istismara verilmir”.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi Azərsu ASC-yə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı cavab olaraq bildirdi ki, Həsən bəy Zərdabi küçəsi Xırdalanın ən çökək küçəsi olduğu üçün yağış suları həmin küçəyə tökülür: “Həmin ərazi əvvəllər qamışlıq idi. Daha sonralar yaşayış yerinə çevrildi. Ötən gün baş vermiş problem qurumumuzun əməkdaşları tərəfindən aradan qaldırılıb. Lakin orada intensiv yağışlar zamanı bu cür fəsadların olması qaçılmazdır. Çünki ərazidə yeni salınmış qəsəbələrin yağış suları Xırdalanın ən çökək yerinə tökülür. Ərazidəki nasosxana isə istismara verilib”.

Anar Cəbrayıllı həmçinin, gələcəkdəki layihəyə əsasən problemin aradan qalxacağını bildirib: “Bu gün Xırdalanın suyu təmizlənərək 3 pilləli nasoslarla Hövsana ötürülür. Yəni Xırdalandan Binəqədiyə, oradan da Hövsana. Amma gələcəkdəki layihəyə əsasən bu problemlərə birdəfəlik son qoyulacaq. Lökbatan qəsəbəsindəki Binə Ticarət Mərkəzinin yaxınlığında təmizləyici qurğu tikiləcək və Xırdalandakı tullantı suları tunel vasitəsilə o istiqamətə yönəldiləcək”.

Fidan Etibar