Hərbi Prokurorluğun strukturunda hansı dəyişikliklər olub?

herbi-prokurorlugun-strukturunda-hansi-deyisiklikler-olub
Oxunma sayı: 3832

Hərbi Prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyevin prokurorluq orqanlarında son dönəmdə görülən işlər, islahatlarla bağlı "Respublika" qəzetinin bugünkü sayında məqaləsi dərc olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Əliyev məqaləsində qeyd edib ki, Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib: “Sərəncama əsasən, Baş prokurorun müvafiq əmri ilə Hərbi Prokurorluğun da yeni strukturu təsdiq edilib. Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis olunub, Kriminalistika və informasiya texnologiyaları idarəsi, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, həmçinin Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi yaradılıb, bəzi idarə və şöbələrlə əlaqədar müvafiq dəyişikliklər edilib.

Cari ilin birinci yarımili Hərbi prokurorluq orqanları üçün də uğurlu olub. Prezident İlham Əliyev ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edib. Ötən dövr ərzində cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb. 

Silahlı Qüvvələrdə baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub. 

Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər dövlət orqanlarının rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. 

2020-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalıb.  Hesabat dövründə hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə və fərarilik cinayəti  ümumiyyətlə qeydə alınmayıb".