İçməli su bakterioloji, fiziki-kimyəvi göstəricilər üzrə belə təhlil olunur - Fotolar

icmeli-su-bakterioloji-fiziki-kimyevi-gostericiler-uzre-bele-tehlil-olunur
Oxunma sayı: 416

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərinin su təchizatı sistemlərində mənbələrdən (yerüstü və yeraltı) qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması, suyun təhlükəsizliyinin təmin edilməsi, bir sıra sutəmizləyici, zərərsizləşdirici qurğular, o cümlədən mənbədən – istehlakçıya qədər suyun keyfiyyətinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün 12 sayda kimyəvi – bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir.

“Qafqazinfo” xəvbər verir ki, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartının tələblərinə uyğun aparılır.

Bakı şəhəri 5 mənbədən qidalanır. Bunlardan biri Ceyranbatan gölüdür. Göldən qəbul edilən su həm açıq tipli qum süzgəcli sutəmizləyici qurğularda, həm də innovativ su təmizləmə metodlarına əsaslanan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində emal edilərək, qurğudaxili su anbarlarında xlor tərkibli reagentlərlə zərərsizləşdirilərək mərkəzi su anbarlarına, nasos stansiyalarına, su təchizatı şəbəkələrinə və sonda istehlakçılara ötürülür. 

Bundan əlavə Şollar-Bakı və İkinci Bakı su kəməri yeraltı mənbələrdən əldə edilən və Xaçmaz şəhərindən nəql edilən su 1 saylı və 2 saylı H.Z.Tağıyev adına nasos stansiyalarında zərərsizləşdirilərək istehlakçılara verilir. 

Mənbələrdən biri də uzunluğu 264,5 kilometr olan Oğuz-Qəbələ-Bakı su kəməridir. Subartezian quyulardan götürülən içməli su diametri 2000 millimetrlik magistral boru vasitəsilə 8 rayonun ərazisindən keçməklə Bakı şəhərinə ötürülür. Həm mənbə ərazisində, həm də Atyalı qəsəbəsi ərazisində yerləşən paylayıcı kameralarda zərərsizləşdirilərək paytaxtın su təchizatının bir hissəsini qidalandırır. 

Mənbələrdən biri də Kür çayıdır. Hacıqabul rayonun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğularında emal olunan su açıq tipli qum süzgəclərində təmizlənərək üç mərhələli emaldan keçməklə Kür-Bakı xətti vasitəsilə Bakı şəhərinin bir hissəsini təmin edir.

Sumqayıt şəhəri Şollar-Bakı, İkinci Bakı su kəməri və Ceyranbatan qurğularından qidalanır. 

Gəncə şəhərinə verilən içməli suyun bir hissəsi Şəmkirçay sutəmizləyici qurğularında açıq tipli qum süzgəci vasitəsilə təmizlənir, zərərsizləşdirilərək əhaliyə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar, Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də zərərsizləşdirilərək şəhəri içməli su ilə təmin edir.

Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün xam su Mingəçevir su anbarından sutəmizləyici qurğulara verilir. Qurğularda su 28 ədəd qapalı qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su mərkəzi su anbarına ötürülür və əhaliyə çatdırılır.

Şirvan şəhərinə içməli su Kür-Bakı xəttindən ayrılan Şirvan-Muğan qrup su kəməri vasitəsilə ötürülür. 

Naxçıvan şəhərinin su təchizatı isə mənbə olaraq Heydər Əliyev su anbarından qidalanır. Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksində 1 ədəd 1500 kubmetrlik xam su anbarı və 3 ədəd ümumi tutumu 25 min kubmetrlik təmiz su anbarı mövcuddur. Kompleks müasir avadanlıqlardan ibarət membran filtr ozon qurğusu, Bernulli, kartuş və Y-tipli filtrlərlə təchiz edilib. Kompleksdə hazırda 2016 ədəd membran filtri istifadə edilir.

İri Şəhərlərdə mövcud olan mərkəzi, məhəllədaxili içməli su anbarları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış şəkildə ən azı ildə bir dəfə yuyulur. 

Su anbarlarının yuyulması prosesindən sonra sututarlara doldurulan sudan götürülən nümunələr həm Mərkəzi Laboratoriya, həm də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən analiz olunur. Mərkəzi Laboratoriya 65 parametr üzrə təhlillər aparma imkanına malikdir. 

Bu parametrlərə suyun bulanıqlığı, suyun elektrik keçiriciliyi, codluğu, qalıq xlor miqdarı, onun tərkibində olan minerallar, kalsium, maqnezium, nitratlar, nitritlər, xloridlər və s. kimi ümumi göstəricilər aiddir. Eyni zamanda mikrobioloji göstəricilər ümumi bağırsaq çöpünün miqdarı, patogen bağırsaq çöplərinin miqdarı, suyun dadı, iyi, qoxusu, bulanıqlılığı, pH səviyyəsi də müəyyənləşdirilərək normalara uyğunlaşdırılır.