İcra başçısı şikayətləri dinlədi - Foto

icra-bascisi-sikayetleri-dinledi
Oxunma sayı: 1915

Sentyabrın 27-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Ərəbxana kəndində səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kənd sakinləri ilə keçirilən qəbulda Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulu giriş nitqi ilə açan Ceyhun Cəfərov Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün binanın və digər sosial obyektlərin tikildiyini, kənd yollarının yenidən qurulduğunu söyləyib.

Kənd sakinlərinin kənddə tibb məntəqəsinin olmamasından, istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsindən, sosial müdafiə, Ərəbxana kəndi ərazisində internet şəbəkəsinin olmamasından, kəndarası yolların təmirindən, məşğulluq məsələləri və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Görüşdə həmçinin bəzi sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət ediblər.

Sonda İcra başçısı görüşlərdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini söyləyərək cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.