İcra Hakimiyyətindən haqqında gedən xəbərlərlə bağlı açıqlama

icra-hakimiyyetinden-haqqinda-geden-xeberlerle-bagli-aciqlama
Oxunma sayı: 3897

Dünən xəbər saytlarında “Bu küçədə natəmizlik baş alıb gedir” başlıqlı və “Xəzər rayonunun Mərdəkan qəsəbəsinin problemləri bitmir” yarımbaşlıqlı məlumat dərc olunub.

Sözügedən yazılarda Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi və ora bitişik bir neçə məhəllədə natəmizlik baş alıb getdiyi, ərazidə məişət tullantılarının atılması üçün qabların olmaması, zibilxananın günü-gündən böyüməsi, həmçinin ərazidə içməli suyun olmaması öz əksini tapıb.

Xəzər Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, İcra Hakimiyyətindən tərəfindən rayon ərazisində  ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılması, tullantıların vaxtında yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində mütəmadi olaraq təxirəsalınmaz tədbirlər görülür.

Bu işdə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələri bilavasitə iştirak edirlər.

Rayon ərazisinin sanitariya qaydalarına və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müntəzəm daşınması RİH tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.

Qeyd olunan ərazi məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı Mərdəkan qəsəbəsində yerləşən “Ət Süd Kombinatı”na məxsus “Pioner” düşərgəsinin ərazisidir. Bir növ qapalı tipli olan həmin ərazi məişət tullantılarının atılması üçün nəzərdə tutulmayan yerdir.

Əraziyə yaxın yerdə 2 ədəd iri tutumlu məişət tullantılarının atılması üçün konteynerlər olduğu halda, tullantıların sakinlər tərəfindən məhz nəzərdə tutulmayan əraziyə atılır.  

Ərazidə yaşayan sakinlərə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq həmin əraziyə məişət tullantılarının atılması halı hələ də mövcuddur.

Bütün bunlara baxmayaraq, qeyd olunan əraziyə əlavə iri tutumlu konteynerlər qoyulmuş, RİH tərəfindən texnikalar və canlı qüvvə cəlb edilməklə genişmiqyaslı təmizlik işləri aparılaraq, təmiz vəziyyətə gətirilib.

Qeyd olunan digər məsələ, sözügedən ərazidə içməli suyun olmamasına gəldikdə isə Xəzər RİH olaraq bildiririk ki, "Azərsu" ASC tərəfindən son bir ildə təkcə Mərdəkan qəsəbəsində 7574 p/m su xətti çəkilmiş və 601ev birləşmələri verilmişdir.

Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.