İlham Əliyev Davosda görüşlər keçirdi - Fotolar-Yenilənib

ilham-eliyev-davosda-gorusler-kecirdi
Oxunma sayı: 577

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.

***

Prezident İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə də görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.

Hər iki dəvət məmnunluqla qəbul olunub.

***

Prezident İlham Əliyev yanvarın 21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonaldla görüşüb.

Söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulandı. “Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edildi, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin IT infrastrukturun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.