Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirib.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Alparslan Bayraktar bir neçə gün əvvəl Laçında keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırlayıb və həmin tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.
Görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin bu sahədə beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından rolu vurğulanıb.
Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və liderliyi ilə ölkələrimizin bir çox qlobal layihələr həyata keçirdikləri, həmçinin Türkiyə Petrolları (TPAO), BOTAŞ-la SOCAR arasında uğurlu əməkdaşlığın qurulması məmnunluqla qeyd edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə böyük sərmayədar olduğu vurğulanıb.
Söhbət zamanı ölkəmizdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində mühüm layihələrin icra olunduğu qeyd edilib, Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə ümidvarlıq bildirib. Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğu vurğulanıb və bu xüsusda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın neft naziri Əli Pervaiz Maliki qəbul edib.
Söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirilib.
Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulanıb.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edilib.
Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.
Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət edib.





Son xəbərlər
Son Xəbərlər