İnternatlarda nöqsanlar aşkarlandı - Hamam yararsızdır, tualetlər çatışmır…

internatlarda-noqsanlar-askarlandi
Oxunma sayı: 659

Sumqayıt şəhəri internat tipli gimnaziyaya və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsi əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunub və binanın yalnız məhdud hissəsi şagirdlərin istifadəsinə ayrılıb. Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, həmin otağın istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müşahidə olunub. 

General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesinə real və effektiv inteqrasiyanı təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı müəyyən olunub. 

Hər iki müəssisədə aparılmış araşdırma zamanı uşaqların geyim və ayaqqabı təminatının Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli 15 nömrəli Qərarı ilə müəyyən edilmiş normalara tam uyğun həyata keçirilmədiyi aşkar olunub. Belə ki, bəzi hallarda təminatın gecikdirildiyi, eləcə də nəzərdə tutulmuş say və çeşid üzrə çatışmazlıqların mövcud olduğu müəyyən edilib.

Müəssisələrin rəhbərliyinə aşkar edilmiş halların aradan qaldırılması, uşaqların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına tam riayət olunması, habelə inklüziv mühitin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Nəticələrlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.