İran səfiri hər şeyi danışdı

iran-sefiri-her-seyi-danisdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri SalamNews-a müsahibəsində İranın Azərbaycandakı səfiri Muhsin Pak Ain bildirib.

- Artıq 2 aya yaxındır ki, Azərbaycanda işə başlamısınız. İlkin təəssüratlarınız necədir?
- Bismillahir-rəhmanır-rəhim. Mən çox şadam ki, Azərbaycanda çox istiqanlı və çox səmimi insanların arasındayam. Mənim ən ilkin təəssüratım ondan ibarətdir ki, Azərbaycanda olarkən heç vaxt qəriblik hissi keçirməmişəm. Çünki elə bir xalqın arasındayam ki, biz onlarla eyni mədəniyyətə, eyni dinə, eyni məzhəbə, eyni adət-ənənələrə sahibik. Bizim aramızda müxtəlif müştərək, o cümlədən, tarixi, mədəni və s. bağlantılar mövcuddur. Ona görə də çox səmimiyyətlə deyərəm ki, çox şərafətli və nəcabətli xalqın arasında yaşamağıma çox sevinirəm.

- Cənubi Qafqazı geo-siyasi vəziyyətinə görə dünyanın ən mürəkkəb bölgələrindən hesab edirlər. Bu bölgədə yerləşən Azərbaycana səfir təyin olunanda nə düşündünüz, burda işləmək sizə çətin deyil ki?
- Bəli, Qafqaz həqiqətən də dünyanın ən mürəkkəb geopolitik yerlərindən birində yerləşir. Təbii olaraq, soyuq müharibə dövründə iki super gücün qarşı-qarşıya durduğu yerin bir nümunəsi olub. Soyuq müharibədən sonra bu super güc bir neçə yerə parçalansa da, amma həmin güclər arasında bu bölgə üstündə yenə də rəqabət davam etdi. Təbiidir ki, ölkələrimiz arasında da olan çox müxtəlif mövzulara əsasən səfirliyin işinin çoxluğunu nəzərə alaraq, fikirləşirdim ki, əvvəlki missiyalarımdan fərqli olaraq, burada mənim işlərim daha çox olacaq.

- İran ilə Azərbaycan arasında əlaqələrin indiki səviyyəsini necə dəyərləndirirsiz? Onların indiki səviyyəsi sizi qane edirmi?
- Ümumiyyətlə, iki ölkə arasında olan münasibətlərin yaxşı səviyyədə olduğunu deyə bilərik. Xüsusilə də, hər iki ölkənin rəhbərlərinin iradəsi münasibətlərin inkişafını istəyir. Bizim aramızda müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Ələlxüsus da, mədəni, iqtisadi və digər sahələrdə. Məsələn, mədəniyyət sahəsində olan əməkdaşlıq üçün aramızda birgə film istehsalını, incəsənət adamlarının əməkdaşlığını göstərə bilərik.. Biz bu sahədə daha çox çalışmalıyıq.

- Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir? Elə sahə varmı ki, potensial var, lakin istifadə edilmir? Ümumiyyətlə, İran Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrdə niyə iştirak etmir?
- Rəsmi statistikaya görə, bizim ticarət dövriyyəmiz 500 milyon dollardır. Lakin qeyri-rəsmi mənbələri, o cümlədən turizm sahəsi və digər sahələri nəzərə alsaq, demək olar ki, bu rəqəm təqribən 1 milyard dollara yaxındır. Amma qonşuluğumuzu və hər iki ölkənin ehtiyaclarını, istehsalımızı və digər şeyləri nəzərə alaraq deyə bilərik ki, potensialımızdan istifadə etməklə ticarət dövriyyəmizi 5 milyard dollaradək artıra bilərik. Bəzi maneələr, o cümlədən gömrük sahəsində, vergi məsələlərində və sərhəddə olan maneələr bu artımın qabağını tutur. Biz çalışmalıyıq ki, bunları aradan qaldıraq və lazım olan infrastrukturları yaradaq ki, istədiyimiz potensiallardan lazımı səviyyədə istifadə edək.
Ticarət sahəsi kimi, iqtisadi əməkdaşlıq layihələrdə iştirak üçün vəziyyət yaxşıdır, pis deyil. Biz 350 milyon kubmetr qazı Azərbaycandan alaraq Naxçıvana ötürürük. Həmçinin, Azərbaycandan əlavə qaz alırıq, energetika sahəsində 850 meqavatt Naxçıvana elektrik enerjisi ixrac edirik. Araz çayı üzərində Xudafərin su anbarı da inşa edilir. Kiçik şirkətlər səviyyəsində yaxşı layihələr mövcuddur ki, onların üzərində iş gedir. Amma yenə də mövcud potensiala baxanda biz daha çox imkanlara sahibik və bunlardan daha çox istifadə etməyə çalışmalıyıq.
İran müxtəlif layihələrdə hazırlığını elan edib. İstər energetika, istərsə də tranzit sahəsində olsun. Amma bəzən görünür ki, ayrı-ayrı layihələr üçün həmişə iqtisadi səmərəlilik məsələsi deyil, bəzi siyasi baxışlar da mövcud olur. Təbiidir ki, əgər belə layihələrdə iqtisadi yanaşma olsa, İran Azərbaycanın ən etibarlı tərəfdaşlarından biri ola bilər. Xüsusilə, İran yüklərin və enerjinin tranziti üçün ən təhlükəsiz, ən sürətli və ən sərfəli tərəfdaş ola bilər. Amma bəzən siyasi baxışlara görə, daha çox xərci olan və daha uzun yolları bu məsələlərdə seçirlər. Bu da təbii ki, gələcəkdə özünəməxsus problemləri ortaya qoya bilər. Lakin biz həmişə elan etmişik ki, bizim tərəfimizdən bu layihələri həyata keçirmək üçün hazırlıq mövcuddur və buna lazım olan bütün infrastruktur, texniki və elmi baza mövcuddur.

- Gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanın enerji resurslarının Qərbə daşınması üçün İrandan keçməklə hər hansı enerji layihələrinin həyata keçirilməsi və ya kəmərlərin çəkilməsi ehtimalı nə dərəcədədir?
- Yəqin ki, bu belədir və olacaq. İki ölkələrimiz, eləcə də digər ölkələrlə birgə energetika və tranzit sahəsində müştərək layihələr müzakirə olunacaq və icra ediləcək. Yəqin ki, iki ölkə arasında Hökumətlərarası Komissiyasının 5-ci iclası Bakıda keçirilərkən bu əməkdaşlıq sahəsində də yeni bir fəsil açılacaq. İki qonşu ölkə arasında bu sahədə əməkdaşlıq nə qədər çox inkişaf etsə, bunun xeyri olacaq.

- Hazırda İranın nüvə proqramı ilə bağlı problemlər yaranır, İrana təzyiqlər var. Bu təzyiqlərin nə dərəcədə əsası var və Azərbaycanın bu məsələdə tutduğu mövqeyini necə dəyərləndirirsinizz?
- İranın dinc məqsədli nüvə proqramı ancaq İranın inkişafına söykənib. Bu proqram hərbi mahiyyət daşımır. Beynəlxalq ictimaiyyət, o cümlədən Qoşulmama Hərəkatına üzv olan 120 ölkə İranın dinc məqsədli nüvə proqramını dəstəkləyib. Azərbaycana təşəkkürümüzü bildiririk ki, həmişə İranın dinc məqsədli nüvə proqramını müdafiə edib.

- Azərbaycana ilk gəldiyiniz günlərdə verdiyiniz müsahibələrin birində bildirmisiniz ki, "hər iki qonşu ölkə arasında hərdən hansısa anlaşılmaz məsələlər ortaya çıxa bilər, amma həmişə həll olunur". Dini və mədəniyyəti bir, çoxlu ümumi tarixi olan, milyonlarla azərbaycanlının yaşadığı İran ilə Azərbaycan arasında anlaşılmazlıq nədən baş verir?
- Təbii olaraq, iki ölkə qonşu olanda, böyük sərhədləri olanda ola bilər ki, bəzi anlaşılmazlıqlar ortaya çıxsın. Bu anlaşılmazlıqlar bir ailə içində, dialoq və danışıqlar yolu ilə həll edilir. Əslində, İran və Azərbaycan dövlətləri arasında heç vaxt ciddi anlaşılmazlıq olmayıb. Amma bəzi 3-cü qüvvələr və bəzi media nümayəndələri həmişə bu xırda anlaşılmazlıqları çox böyük göstərməyə çalışırlar. Bunlar isə çox dərin problemlər deyil və hamısı danışıqlar yolu ilə həll olunur.

- İran-Ermənistan münasibətləri barədə nə deyə bilərsiniz?
- İran ilə Ermənistan arasında adi qonşuluq münasibətləri mövcuddur. Amma bəzi KİV-lər çalışırlar bu münasibəti həddindən artıq böyük göstərsinlər. Halbu ki, Ermənistanın ticarət dövriyyəsinin yalnız 15%-i İranladır, 85%-i digər ölkələrlədir. Hətta Ermənistanla sərhəddini bağlayan bəzi ölkələrin hava yolu ilə bu ölkəyə ixracatları var. Ona görə də bizim Ermənistanla olan adi münasibətlərimiz Azərbaycanla olan münasibətlərə heç bir problem yaratmır. Qarabağ münaqişəsi ilə əlaqədar İran İslam Respublikası həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Bilirsiz, regionun təhlükəsizliyi çox əhəmiyyətlidir və əgər hər hansı bir münaqişə alovlansa, bu təhlükəsizlik hər hansı bir təhdidə məruz qala bilər. Ona görə də həmişə çalışırıq ki, biz Azərbaycan və Ermənistan ilə münasibətlərimizi elə quraq ki, belə münaqişələrin alovlanmasının qarşısı sülh yolu ilə, danışıqlarla alınsın.

- Ümumiyyətlə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rolu oynaya bilər?
- Biz fikirləşirik ki, Dağlıq Qarabağ problemi müzakirə yolu ilə həll oluna bilən məsələdir. İlk növbədə, Azərbaycanın ərazilərini özünə qaytarılmalı və ərazi bütövlüyü bərpa olunmalıdır. Fikrimizcə, ATƏT-in Minsk qrupu bu münaqişənin həllinə qadir deyil və bu məsələnin yalnız uzadılmasına kömək edib. Bu qrupun üzvü olan bəzi kənar ölkələr bu münaqişənin həlli üçün lazım olan güclü iradəni göstərmirlər. Bu problem regional problemdir və bu problemin həlli üçün bölgənin ölkələri iştirak etməlidirlər. Bu münaqişə nəticəsində İslam aləminin bir parçası - Azərbaycan torpaqları bu ölkədən ayılıb. Ona görə də İslam Əməkdaşlıq Təşkilatı bu məsələnin həllinə daha ciddi yanaşmalıdır. İran regionun ən nüfuzlu ölkələrindən biri kimi, əgər münaqişə tərəfləri bunu istəyib dəvət etsələr, müzakirələr və problemin həlli üçün səyini əsirgəməyəcək. Biz bu sahədə müəyyən təcrübəyə sahibik və bəzi uğurlar da əldə etmişik. Amma Azərbaycan və Ermənistan Minsk qrupunu seçəndən sonra biz də fəaliyyətimizi təbii olaraq, dayandırırıq. Biz bəzi həmsədr, o cümlədən bəzi Qərb ölkələrindən olan nümayəndə heyətlərinin Qarabağa səfər etməsini və bəzi hərəkətlərini bu məsələnin həlli üçün münasib iş saymırıq. Bizim üçün də sual yaranır ki, niyə Minsk qrupu üzvləri belə hərəkətləri cavabsız qoyurlar?

- Xəzərin hüquqi statusu ilə bağlı İranın mövqeyində dəyişiklik gözlənilirmi?
- İran İslam Respublikası bu fikirdədir ki, Xəzər dənizinin hüquqi statusu tezliklə həll olunmalıdır. Ona görə də 5 Xəzəryanı ölkə arasında ekspertlər səviyyəsində daim müzakirələr davam edir. Ümidvarıq, bu məsələ ən qısa zamanda həll olunacaq.

- İran ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq hansı səviyyədədir?
- İki ölkənin müdafiə sahəsində əməkdaşlığı var. Bizim müdafiə nazirlərimiz dəfələrlə qarşılıqlı səfərlər ediblər, həmçinin Azərbaycan Prezidenti ilham Əliyev Tehranda səfərdə olarkən İranın müdafiə sənayesinə baxış keçirib. İki ölkə arasında hərbi sahədə olan əməkdaşlıq göstərir ki, qarşılıqlı etimad mövcuddur. Biz sənaye və texniki sahələrdə olduğu kimi, müdafiə və hərbi sahədə də münasibətləri daha da inkişaf etdirməyə hazırıq.

- İran kinomatoqrafiyası çox böyük uğurlar qazanıb, dünyanın bir çox tanınmış kinofestivallarında qran-prilərə layiq görülüb. Azərbaycanla bu sahədə əməkdaşlıq perspektivlərini necə görürsünüz?
- Təbii ki, mədəniyyət sahəsində də iki ölkə arasında böyük əməkdaşlıq ola bilər. Film istehsalı, musiqi, teatr sahəsində əlaqələr genişdir və gediş-gəlişlər var. Buna misal olaraq deyim ki, bizim rejissorlar Azərbaycanda keçiriləcək kino festivalında iştirak edəcəklər və Azərbaycanın da bəzi filmləri İranda keçiriləcək beynəlxalq festivallara dəvət alıblar. Demək olar ki, mədəni əməkdaşlıq çərçivəsində daha çox iradə və ciddiyyətlə bu sahəyə də fikir, diqqət veririk. İranda və Azərbaycanda qarşılıqlı Mədəniyyət günləri keçirilib. Son günlərdə İranda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına dair razılıq əldə olunub. Gələcəkdə bu mərkəzin İranda açılışı olacaq.

- Hazırda Məhərrəm ayını yaşayırıq. Səfir kimi Məhərrəm ayına aid olan ibadətləri burada rahat yerinə yetirə bilirsinizmi?
- Azərbaycan dünyanın 2-ci şiə ölkəsidir. Ona görə də Azərbaycan xalqı Məhərrəm ayına və mərasimlərə diqqət edir. Məndə olan məlumata görə, Azərbaycanda bütün şəhər və rayonlarda Məhərrəmliyin ilk ongünlüyündə camaat məscidlərdə dini mərasimlərini keçiriblər və burada xalq işğal olunmuş ərazilərin azad olunması üçün dua edib. Bakının özündə də bu mərasimlər təşkil edilib. Lakin eşitdiyimə görə, rayonlarda daha güclü şəkildə keçirilib. Bizim İran vətəndaşlarımız isə burada "Hüseyniyyə" məscidinə yığışırlar və mərasimləri keçirirlər. Aşura günündə də 3 minə yaxın İran vətəndaşı azərbaycanlılarla yanaşı, bu mərasimdə iştirak edib.

- Azərbaycan dini tolerantlıq baxımından dünyaya nümunə göstərilir. Siz ümumən burada dinə olan münasibəti necə görürsünüz?
- Azərbaycanda, ümumiyyətlə, dinə və İslama ciddi fikir verən xalq və dövlət var. Prezident İlham Əliyevlə görüşümdə şahid oldum ki, burada İslama çox ciddi diqqətlə fikir verilir. Biz istəyirik ki, gələcəkdə Azərbaycanda İslam dininə daha çox diqqət yetirilsin. Biz bu əqidədəyik ki, hər bir xalq mədəni sahədə müstəqilliyini nə qədər qorusa, dininə və məzhəbinə nə qədər çox diqqət yetirsə, onun istiqlalı daha da möhkəmlənəcək.

salamnews.org